Yuxarı

Ərəb dünyasında Qətər böhranı

Ərəb dünyasında Qətər böhranı

Rafiq İsmayıl: "Qətərin İŞİD, "Əl-Qaidə”, "Müsəlman Qardaşları” təşkilatlarına maliyyə və hərbi dəstək verməsi sübut olunub”

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Misir və Yəmənin diplomatik münasibətləri dayandırdığı Qətərdən ilk açıqlama gəlib.Xarici işlər naziri Əl-Sani "haqsız şəkildə alınan bu qərardan təəssüf hissi keçiririk" deyib.5 ölkənin birdən Qətərlə diplomatik münasibətlərə son qoyması ilə Qətər həm də Yəməndə husilərə qarşı yaradılan beynəlxalq koalisiyadan çıxarılıb.Qətərlə dəniz və quru əlaqəsi kəsilib, diplomatlara ölkələrinə qayıtmaq üçün 2, vətəndaşlara isə 14 gün vaxt verilib. Xarici işlər naziri Şexh Məhəmməd bin Abdurrəhman Əl Sani qərarın haqsız olduğunu bildirməklə ona qarşı olduqlarını ifadə edib: "Haqsız qərardır və əsası olmayan iddialara əsaslanır". 

Yaranmış vəziyyətdə İranın mövqeyi maraqla izlənir.İran rəsmilərindən biri diplomatik böhranın bölgədə vəziyyəti yaxşılaşdırmağa xidmət etməyəcəyini bildirib.Qeyd edək ki, Qətərin xəbər agentliyi ölkənin əmiri adından İranla əlaqələrin yaxşılaşdırılmasına dair çağırışın yer aldığı xəbəri saytda yerləşdirdikdən sonra diplomatik böhran yaranıb.Belə ki, sammit zamanı Səudiyyə Ərəbistanı hakimiyyəti bütün qonaqların adından düşmən siyasət yeritdiyinə görə Tehranı pisləyib və müvafiq addımlarla İranı hədələyib.Sonradan Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi saytın hakerlər tərəfindən qırıldığını və guya əmirin adından yerləşdirilən çıxışın əslində elə kibercinayətkarlar tərəfindən dərc edildiyini bildirib.Lakin Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Qətərə qarşı irəli sürülən əsas ittiham terror təşkilatlarına ciddi dəstək verməsi, mətbuatda terror təşkilatlarının təbliğinə şərait yaradılması, İrana bağlı terror aksiyalarına və Yəməndəki qiyamçı husilərə dəstək verməsidir.Diplomatik əlaqələrin kəsilməsindən dərhal sonra Qətərin paytaxtı Dohaya hava reysləri də dayandırılıb. Səudiyyə Ərəbistanı, BƏƏ , Misir və Bəhreynin altı aviaşirkəti Dohaya uçuşların ləğv edilməsi barədə qəbul edib. Eyni zamanda, Qətərin milli aviaşirkəti olan "Qatar Airways” Səudiyyə Ərəbistanına uçuşları dayandırmaq məcburiyyətində qalıb.

"Səudiyyə Ərəbistanı hökuməti Qətərin "Al Jazeera” telekanalının ölkəsində yayımını dayandırmaqla bağlı qərar qəbul edib". Səudiyyə Ərəbistanının Teleradio və Yayım Şurasının qərarına görə, Qətərin dövlət televiziyası "Al Jazeera”-nin Səudiyyədə fəaliyyət göstərən ofisinin fəaliyyəti qadağan edilib. Bundan başqa hökumət, Qətərdə çalışan Səudiyyə Ərəbistanı vətəndaşı jurnalistləri də ölkəyə geri çağırıb.

Məsələyə münasibətini açıqlayan ABŞ-ın dövlət katibi Reks Tillerson tərəfləri fikir ayrılığını masa arxasında həll etməyə dəvət edib. Rusiyanin xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır: "Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.

Rusiya medası bu hadisənin ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərindən az sonra baş verməsinə çəkir. ABŞ prezidenti 55 müsəlman dövlətinin iştirakı ilə terrorizm əleyhinə keçirilən konfransda İranı ittiham etsə də Qətərin əleyhinə heç bir açıqlama verməyib.Ancaq Donald Tramp bölgədə terrorizmə qarşı mübarizə məsələsini ciddi qoyur və səfərdən qayıtdıqdan sonra Amerikanın müttəfiqləri Qətərə qarşı birləşir.Maraqlıdır ki, Qətər sünni ərəb dövlətləri içərisində Ər-Riyadla ən yaxın münasibətdə olan dövlətlərdən sayılırdı.Yəməndə və Bəhreyndə şiələr yaşadığından İranın hər iki ölkəyə təsir imkanları daha yüksəkdir.Ekspertlər hesab edir ki, İran körfəzi regionunda ABŞ-ın Beşinci Hərbi Dəniz bazası Bəhreyndə yerləşir.Ona görə də Birləşmiş Ştatlar Bəhreynə özünün Yaxın Şərqdə ən vacib müttəfiqlərindən biri kimi baxır.Birləşmiş Ərəb Əmirlikləri isə Qətəri regionda sabitliyi və təhlükəsizliyi pozmaqda ittiham edir.Misir Qətər diplomatlarını ölkədən çıxarmasını rəsmi Dohanın öz "Müsəlman qardaşları”, "Əl-Qaidə” və İŞİD-I maliyyələşdirməsi ilə əsaslandırıb. Xatırladaq ki, 2012-ci ildə Misirdə hərbi çevriliş yolu ilə prezident Məhəmməd Mursinin devrilməsindən sonra Qətərin xarici işlər naziri "İxvanın vətəni Qətərdir”-deyərək "Müsəlman qardaşları” təşkilatının üzvlərinə sığınacaq vermişdi. Bu hadisə Misirdə hakimiyyət başına gələn və ABŞ tərəfinfən dəstəklənən general Əl-Sisi ilə rəsmi Doha arasında narazılığa səbə olmuşdu.

Amerikanın "Stratfor” Araşdırmalar Mərkəzinin Qlobal Analiz proqramının direktor müavini Rev Quconun fikrincə, ərəb ölkələri arasında diplomatik gərginliyin baş verməsi prezident Trampın mayın 20-21-də bölgəyə baş tutmuş səfəri ilə bağlıdır."Tramp Səudiyyədəki çıxışı onun siyasi iddialarını ifadə etdi.KİV ölkədə fəaliyyət göstərən bir çox xeyriyyə fondlarının terrorçulara dəstək verməsinin üstünü açıb. Tramp radikal islam ideologiyası təhlükəsinə qarşı birləşməyə çağırıb”.

Rev Quconun dediyinə görə, Trampın özü ilə Ər-Riyada apadığı "Sünni ərəb dövlətlərinin NATO”sunu yaratmaq planı ilə bağlı təşəbbüs hələ 1950-ci illərdə irəli sürülüb.

Ekspertin təhlili belə deməyə əsas verir ki, hazırda ərəb dünyasında Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər arasında xətlərin qırılması müşahidə olunur. "Qatar News Agency” informasiya agentliyinin Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Taninin adından yaydığı açıqlamada regionda və islam aləmində ciddi güc olan İranla əlaqə yaratmağın vacib olduğu, münaqişə törətməməyin vacibliyi qeyd edilir. Qətər əmiri müsəlman icmasını təmsil edən bəzi radikal islam təşkilatlarının, o cümlədən Fələstin "Həmas” hərəkatının rəyini nəzərə almağa çağırıb. Bundan sonra adıçəkilən agentlikdə Əl-Taninin adından "ABŞ-la Qətər arasında ziddiyyətlər qalmaqdadır”-fikri yayılır.Həmin xəbərin ardınca Qətər səfirliklərinin əməkdaşları persona non-qrata elan edilir.

Şərqşünas Rafiq İsmayılın sözlərinə görə, Qətərin İranla əlaqəli olması barədə deyilənlər reallığı əks etdirir.İran Qətərin xarici siyasətinə ciddi təsirə malikdir.Eyni zamanda Qətərin İŞİD, "Əl-Qaida”, "Müsəlman Qardaşları” təşkilatlarına maliyyə və hərbi dəstək verməsi sübut olunub.Ona görə də R.İsmayıl Qətərin terror dəstəkləməsi barədə səsləndirilən siyasi ittihamların həqiqəti əks etdirdiyini deyir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları