Yuxarı

"Üçlər”dən Rusiyaya hərbi ismarıc

Ramil Məmmədli: "Rəsmi Bakı və Tiflis geri çəkilməməlidir”

Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlimlərə başlayıb. Hərbi təlimlər iyunun 14-dək davam edəcək. Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Ötən ay isə Gürcüstan, Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi. Gürcüstanda keçirilən "Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkənin silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək. 

Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır. Ekspertlər hesab edir ki, adıçəkilən ölkələrin birgə hərbi təlimləri Rusiyanın maraqları  çərçivəsində deyil. Hər zaman bölgəni öz nəzarətində saxlamağa cəhd göstərən Rusiya 3 ölkənin birgə təlimlərindən qıcıqlana bilərmir?

Hərbi-siyasi icmalçı Ramil Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında bu hərbi təlimlərin Şimal qonşumuza ismarış olduğunu dedi: "Qafqaz qartalı” şərti adı altında Azərbaycan-Türkiyə-Gürcüstan hərbi birləşmələrinin keçirdiyi təlimlər Rusiyaya və onun bölgədəki müttəfiqi olan Ermənistana açıq ismarışdır. Məlumdur ki, Azərbaycanın Türkiyə ilə hərbi-siyasi əməkdaşlığı ilk gündən Rusiyanı narahat edib. Amma buna baxmayaraq artıq illərdir Türkiyə və Azərbaycan arasında hərbi əməkdaşlıq bir neçə meyar üzrə inkişaf etməkdədir. Son bir neçə il ərzində Azərbaycan və Türkiyə silahlı qüvvələri iki ümumqoşun, "TurAz Qartalı” adlı hərbi hava qüvvələrinin və hava hücumundan müdafiə qüvvələrinin təlimlərini keçiriblər. Eyni zamanda Azərbaycan hərbçiləri Türkiyədə ixtisasartırma, təkmilləşdirmə kurslarında iştirak edir, həm də türkiyəli zabitlər bu istiqamətdə fəaliyyət göstərirlər”. 

Hərbi təlimlərdə Gürcüstanın iştirakına toxunan Ramil Məmmədli bildirib ki, NATO ilə yaxın olan bir ölkə ilə hərbi əməkdaşlıq yalnız təqdir olunmalıdır:

"Gürcüstanla hərbi sahədə əməkdaşlığımız müstəqilliyin ilk illərindən başlasa da 2008-ci il Rusiya-Gürcüstan qarşıdurmasından sonra fərqli müstəviyə keçib. Artıq Gürcüstan Rusiyadan asılı olmadan müstəqil şəkildə Azərbaycanla hərbi sahədə əməkdaşlıq edir və daha da irəli gedərək, Türkiyə-Azərbaycan hərbi əməkdaşlıq formatına qatılıb. Gürcüstan yaxşı bilir ki, ABŞ-dan başqa regionda Azərbaycan və Türkiyə ilə hərbi əməkdaşlıq kənar qüvvələrin, yəni Rusiyanın bölgədə gücünün, manevr imkanlarının azalmasına gətirib çıxara bilər. Amma son vaxtlar Rusiyanın bölgəyə təsir imkanları artır və bu vəziyyətdə Gürcüstanla hərbi əməkdaşlıq bizə də lazımdır. Nəzərə almalıyıq ki, Gürcüstan faktiki NATO ilə çox sıx əlaqələrə malik ölkədir”.  

Ekspert sonda vurğulayıb ki,  Rusiyanın narahatlığı anlaşılandır və belə məsələlərə görə rəsmi Bakı və Tiflis geri çəkilməməlidir: "Gürcüstanın qərblə əlaqələrinin sıx olması Azərbaycana Rusiya qarşısında manevr imkanları da açır. Bu məqamı da unutmaq olmaz”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları