Yuxarı

Qətər görüntü, İran hədəf

Qətər görüntü, İran hədəf

Natiq Miri: "Qərb Güney Azərbaycanın müstəqilliyində maraqlı deyil”
 
Son günlər Yaxın Şərqdə vəziyyətin gərginləşməsi, ərəb ölkələrinin üz-üzə gəlməsi bir sıra geosiyasi amillərlə əlaqələndirilir. Analitiklər hesab edir ki, ərəb ölkələrinin, başda Səudiyyə Ərəbistanı olmaqla Qətərin üzərinə getməsi İran və Türkiyə üzərində təzyiq formalaşdırmağa hesablanan addımdır. Dünya güclərinin arasında geosiyasi qarşıdurmalar bir sıra ölkələrin sərhədlərinin yenidən cızılmasına səbəb ola bilər. Burada ən böyük təhlükə isə İranın üzərinə düşür. İran bölgədə fərqli siyasi sistemə malik dövlətlərdəndir. 

ABŞ və digər Avropa ölkələrinin İrana qarşı sanksiya tətbiq etməsinin də təməlində məhz bu prinsiplər dayanırdı. Dünyada münaqişələrin qızışdığı bir zamanda İranın hədəfə gəlməsi və İŞİD tərəfindən terror aktlarının törədilməsi vəziyyətin gələcəkdə heç də İranın xeyrinə cərəyan etməyəcəyinə işarədir. Bütün bunları nəzərə alsaq, İran ərazisində növbəti Suriya müharibəsinin təkrarlanmaq ehtimalı varmı? Bu hadisələr Güney Azərbaycanın istiqlaliyyəti ilə nəticələnə bilərmi?
 
"Prosesin arxasında ABŞ dayanır”
 
Politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə şərhində deyib ki, regionda qlobal səviyyədə oyun oynanılır. Politoloq hesab edir ki, bu oyuna daxil olan heç bir ölkə üçün geosiyasi qazanc yoxdur: "Bunu birmənalı qayda olaraq qəbul etmək lazımdır. Kimsə bu oyunun içərisində özü üçün divident qazanacağını düşünürsə və bu prosesdə qlobal güclərə alət olursa, hesab edirəm ki, bu,  kökündən yanlışdır. Digər tərəfdən regionda son baş verənlər, xüsusilə də Qətər böhranının əsas qayəsi tamamilə fərqlidir. Qətərə barmaq silkələsələr də, bu prosesdə əsas hədəf İrandır. Yəni, əsas məqsəd Qətər üzərindən bu prosesə İranı cəlb etməkdir. Düşünürəm ki, bu məsələnin arxasında ABŞ dayanır. ABŞ prezidentinin son səfərində də bu məsələ ərəb ölkələrinin rəhbərləri ilə geniş müzakirə olundu.

Bu müzakirələrdə Türkiyə rəhbərliyi birmənalı şəkildə iştirak etmədi. Qətərə yönəlik basqıları Türkiyə qəti şəkildə qəbul etmir. Əksinə, Qətərə türk ordusunu göndərməklə və bu kontekstdə Pakistanla razılaşaraq əlavə 20 min Pakistan əsgərini Qətərə cəlb etməklə burada bir məqsəd güdülür. Məqsəd regionda başqa bir savaş ocağının yaranmasının qarşısını almaqdır. Çünki Türkiyə və nüvə gücünə sahib Pakistan güclü qüvvədir. Bu iki hərbi güc Qətərdə olduğu müddətdə körfəz ölkələri Qətərə hücum etməyə cəsarət etməyəcəklər. Ona görə də düşünürəm ki, Qətərə yönəlik hadisələr əslində İrana qarşı hesablanmış planın bir hissəsidir. Bu prosesin içərisində isə Türkiyə heç bir vəchlə yer almayacaq. Əgər həqiqətən Qətərə qarşı hər hansı bir hərbi müdaxilə baş verərsə, bu regionda yeni münaqişə ocağı yaradacaq. Bu da əks tərəfdə yeni bir birliyin yaranması deməkdir. Söhbət Türkiyə, Pakistan, İran və Rusiya hərbi birliyindən gedir ki, bu da böyük bir güc mərkəzinin yaranması anlamına gəlir.

Düşünürəm ki, zamanında Türkiyə doğru qərar qəbul etdi və əslində sazişin tələbini yerinə yetirərək Pakistan ordusu ilə birlikdə Qətərə girdi. Əslində bu hərbi müdaxilə yeni savaşın qarşısını almağa hesablanan addım idi. Qlobal güclər əslində bu prosesə İranı çəkmək istəyirlər və Türkiyə də buna imkan vermir. İran xarici işlər nazirinin terror hadisəsindən sonra Türkiyəyə səfəri və türkiyəli həmkarı ilə görüşü də məhz buna hesablanmış addım idi. Hər iki dövlətin rəhbəri başa düşür ki, regionda qlobal oyun gedir. Körfəz ölkələri, başda da Səudiyyə Ərəbistanı olmaqla bu oyunun içərisində yer alırlar”. Baş verən hadisələrin Güney Azərbaycana təsirinə toxunan Natiq Miri hesab edir ki, Qərb Güney Azərbaycanın müstəqilliyində maraqlı deyil: "Bu oyunun içərisində heç bir ölkənin qazancı yoxdur. Bu prosesdə iştirak edən heç bir ölkə divident əldə edə bilməyəcək. Bu oyunu təşkil edənlərdən başqa hər kəs uduzmağa məhkumdur. Bunun içərisində Cənubi Azərbaycanın da heç bir qazancı olmayacaq. Əmin olun ki, bu gün ABŞ və digər dünya gücləri Cənubi Azərbaycan faktorundan istifadə edərək İranı parçalamaq marağında deyillər. Regionda 40 milyonluq yeni türk dövlətinin yaranması Qərb güclərinin marağında deyil”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları