Yuxarı

Kraliça ilə hökumət qarşı-qarşıya

Kraliça ilə hökumət qarşı-qarşıya

Fərrux Məmmədov: "Tereza Meyin qalib gələ bilməməsi Krallıq ailəsinin partiyalara mesajıdır”
 
Böyük Britaniyada keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə hakim Mühafizəkarlar Partiyası parlamentdəki çoxluğu itirib. Baş nazir Tereza Meyin deputat mandatı qazanmasına baxmayaraq, onun liderlik etdiyi partiya 650 mandatdan 317-ə sahib ola bilib. Baş nazirə müxalifətdə olanlar artıq nəticələri mühafizəkarların iflasa uğraması kimi qiymətləndirərək Tereza Meyi istefa verməyə çağırıblar. Faktiki olaraq, Böyük Britaniyanı koalisiya formalaşdırmış partiyalardan ibarət "asılı parlament” idarə edəcək. 

Qanunvericiliyə görə, seçkilərdə qalib gələn partiyanın parlamentdə mütləq çoxluğu əldə etmək və təkbaşına hökumət formalaşdırmaq üçün 326 mandat qazanması tələb olunur. Mühafizəkarlar Partiyası seçkidən öncə 330 yerə sahib olmuşdu. Tereza Mey növbədənkənar seçkilərə getməklə parlamentdə böyük çoxluğa nail olacağına ümid edirdi. Bu isə mühafizəkarlara birpartiyalı hökumət formalaşdırmaq imkanı verə bilərdi. Eyni zamanda, Tereza Mey baş nazir postuna 2016-cı ilin sentyabr ayında Devid Kemeronun istefasından sonra hakim partiyanın parlamentdəki təmsilçiləri tərəfindən seçilib. Siyasi müşahidəçilərin fikrincə, Tereza Mey növbədənkənar seçkilərə getməklə ümumxalq səsverməsi əsasında legitimlik qazanmağa çalışırdı. Ancaq gözlənilənlərin əksinə olaraq hakim partiya 13 təmsilçi kürsüsü itirib. Son nəticələrə görə Leyboristlər Partiyası 258, Liberal Demokratlar 12, Şotlandiya Milli Partiyası 56 mandatdan 21-ni itirərək 35, digər partiyalar isə 21 yer qazanıb. Ana müxalifət partiyası olan Leyboristlərin lideri Ceremi Korbin baş nazir Tereza Meyi istefa verməyə çağırıb. 

Xanım baş nazir isə istefa vermək niyyətində olmadığını bildirərərk koalision hökumət qurmaq üçün Demokratik Birlik Partiyasına müraciət edib. Tereza Mey Kraliça II Yelizaveta ilə görüşdükdən sonra ona hökumət qurmaq səlahiyyəti verilib. Qeyd edək ki, Leyboristlər Partiyası da koalisyon hökuməti formalaşdırmağa hazır olduğunu bəyan etmişdi. Tereza Mey koalisyon hökuməti formalaşdıra bilməsə, bu səlahiyyət Ceremi Korbinə həvalə edilə bilərdi. Leyboristlərin nümayəndəsi Con Makdonel baş nazir Tereza Meyi axsaq ördəyə bənzədərək Mühafizəkarların mövqeyinin sabit olmadığını deyib. Artıq Leyboristlərin 261 mandat əldə etdikləri açıqlanıb. Ceremi Korbinin tərəfdarlarının 29 əlavə deputat yeri qazanması ana müxalifət partiyasının 1997-ci ildə Toni Bleyerin başçılığı ilə qələbə çalmasından sonra ən böyük siyasi uğuru hesab edilir. 

Siyasi ekspertlər hesab edir ki, koalisiya məsələsində partiyaların bir araya gəlməsi heç də çətin deyil. Lakin hökumətə daxil olacaq qüvvələr bir sualın cavabını tapmaqda ortaq məxrəcə gəlməlidir- Böyük Britaniyanın Avropa Birliyindən çıxması hansı ssenari ilə baş tutmalıdır? 

Tereza Mey bu məsələdə daha sərt xəttin tərəfdarıdır. O, Britaniyanın Avropa İttifaqı ilə vahid ticarət zonası, gömrük birliyi və Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasını təklif edir. Mühafizəkarların lideri hesab edir ki, bu variant Böyük Britaniya ilə Avropa İttifaqı ölkələri arasında azad miqrasiyanın qarşısını almaq olar. Ceremi Korbin isə hesab edir ki, AB ilə bütün siyasi, sosial-iqtisadi əlaqələri dağıtmaq lazım deyil. Bu səbəbdən də AB-dən ayrılmağın "yumşaq variantı” seçilməlidir. Növbədənkənar seçkilərin nəticəsi britaniyalıların Brexit məsələsində hansı təklifə üstünlük verdiyini müəyyən etməyə kömək edə bilər. Ümumilikdə isə seçkilərin yekunu son dövrlər Avropa Birliyi ərazisində mühafizəkar qüvvələrin siyasi mövqeyinin zəiflədiyini bir daha təsdiq edir.

2016-cı ildə ABŞ-da Donald Trampın prezident seçilməsindən sonra Avropada da sağ mühafizəkar cərəyanların mövqeyi xeyli güclənməyə başladı. Radikal İslam terrorizmi və Avropaya miqrant axınının artması da bu prosesə təkan verən əlavə amillər rolunu oynayıb. Lakin mart ayında Hollandiyada keçirilən parlament, may ayında isə Fransada keçirilmiş prezident seçkilərində sağ mühafizəkarların məğlub olması mərkəzçi qüvvələrin siyasi mövqeyini yenidən möhkəmlədib. Qeyd edilən proses Böyük Britaniyadakı seçkilərdə də Mühafizəkarlar Partiyasının mövqeyinə təsirsiz ötüşməyib. Sentyabr ayında Almaniyada keçiriləcək parlament seçkilərində də kansler Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı Partiyasının qalib gələcəyi şübhə doğurmur. Bu da öz növbəsində, Avropa Birliyi daxilində son bir ildə başlanmış müşahidə olunan mərkəzdənqaçma prosesinin dayandığını göstərir.  

Seçkinin nəticələrini şərh edən NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədovun sözlərinə görə, Fransadakı prezident seçkilərindən sonra Avropada yeni siyasi düzənin yarandığını görmək olar. Britaniyadakı seçkilərin doğurduğu siyasi proseslər də bunun göstəricisidir:

"Avropa seçicisi artıq yeni siyasi xətt görmək istəyir. Fransada, Böyük Britaniyadakı seçkilər və Alımaniyada qarşıdan gələn parlament seçkiləri bunun əyani sübutudur. Avropanı bürüyən terror dalğası, İngiltərənin Breksit (BREXİT) məsələsi Avropa Birliyi insanını düşünməyə və həlledici qərar verməyə məcbur etdi. İngiltərə nə qədər Avropa Birliyindən siyasi olaraq çıxsa da coğrafi, təhlükəsizlik baxımından bu qitənin əsas parçasıdır və bütün siyasi proseslər öncə ona təsir edir. Bu baxımdan Britaniyadakı seçkilərin nəticələri də əslində gözlənilən idi. Görünən odur ki, Tereza Mey istefaya getməyəcək. Lakin koalisyon hökumətin qurulması şərtdir. Bu da Britaniyanın mövqeyində dəyişikliklərə gətirib çıxaracaq. Bütün bunların Britaniyanı Avropa Birliyi ailəsinə qaytaracağı hələ ki, inandırıcı deyil. Səbəb isə İngiltərə seçicilərinin ilk növbədə, ölkələrində sabitliyin təmin olunmasını görmək istəyi ilə bağlıdır. Sabitlik məsələsini həll etdikdən sonra siyasi proseslərin dəyişilməsinə qərar verəcəklər.

Terror dalğasının seçkiyə birbaşa təsirini gördük ve indi əsas məsələ bu prosesi siyasi böhran olmadan aşmaqdır. Seçkilərə Krallıq ailəsinin də təsiri var. Britaniya hökumətinin Devid Kemeron dönəmindən bu tərəfə Krallıq ailəsi ilə siyasi anlaşılmazlıqları mövcuddur. Siyasi proseslərdə gizli şəkildə aktiv rol oynayan saray hakim dairələrdə narazılıqlar yaradır. Belə olan təqdirdə Britaniya hökuməti azad hərəkət edə bilmədiyini düşünür. Bu isə son illər Britaniyada siyasi böhrana səbəb oldu. Kemeronun istefası, Tereza Meyin qalib gələ bilməməsi əslində Krallıq sarayının siyasi partiyalara açıq mesajıdır. Bununla "Bizsiz hər hansı siyasi, iqtisadi və hərbi proseslərdə müstəqil şəkildə iştirakınız mümkünsüzdür. Hətta İngiltərənin Brexit məsələsində Sarayın birbaşa istəyi və rolu var. Tereza Meyin seçkilərdən sonra Kraliça ilə görüşü bu baxımdan gözlənilən idi. Bir növ Saray burada xilasedici mövqedən çıxış edir. Bu isə Britaniyanın yeni siyasi müstəviyə daşınacağının göstəricisidir”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları