Yuxarı

Rusiyada gənclər inqilabı

Rusiyada gənclər inqilabı

Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun lideri Aleksey Navalnı 30 sutka həbs cəzası alıb. Moskvanın Simonov məhkəməsi razılaşdırılmamış aksiyalara çağırış və hüquq-mühafizə orqanlarının tələblərinə tabe olmayaraq itaətsizlik nümayiş etdirdiyinə görə A.Navalnıya 30 sutkalıq inzibati həbs verib. Qeyd edək ki, ötən gün Moskvada korrupsiyaya qarşı etiraz aksiyası keçirilib.Aksiyanın təşkilatçısı A.Navalnı son anda tədbirin keçirildiyi məkanın akademik Saxarov prospektindən Tverskaya küçəsinə dəyişdirildiyini açıqlayıb.

Tverskaya küçəsindəki etiraz aksiyası isə şəhər meriyası ilə razılaşdırılmayıb. A. Navalnı aksiyanın keçirilməsinə bir neçə saat qalmış yaşadığı evin qarşısında saxlanılıb.
Xatırladaq ki, iyunun 12-də Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında azı 650 nəfər saxlanılıb.Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

Krımın ilhaqı ilə əlaqədar Qərbin ciddi sanksiyaları ilə üzləşən Rusiyada mütəmadi olaraq etiraz aksiyaları baş verir.2014-cü ildən etibarən prezident Vladimir Putinə ciddi ictimai dəstəyin müşahidə olunduğu Rusiyada "Çar, rədd ol!” şüarları eşidilməkdədir.Onu da qeyd edək ki, Ukrayna ilə münaqişənin yaranmasından sonra xarici düşmən obrazına qarşı birgə daxili müqavimət təbliğatı fonunda prezident Putinin siyasi reytinqi artıb. Neoimperializm çağırışları milli təhlükəsizliyin əsas ideya xəttinə çevrildiyi üçün Putin "xalqın xilaskarı və qoruyucu mələyi " imicini formalaşdıra bilib. Hətta onun çar Rusiyasını bərpa etmək siyasəti post-Sovet məkanında neobolşevizmin də dirçəlməsinə və SSRİ-nin bərpa olunacağına ümidlər yaradıb.Aparılan rəy sorğuları hazırda hakimiyyəti ələ almaq üçün Vladimir Putinə alternativ ciddi siyasi rəqibin olmadığını göstərir. Analitiklərin rəyinə görə, V.Putinin prezident postunu tərk etməsi onun öz istəyi ilə mümkün ola bilər. Yəni 2018-ci ildə keçiriləcək prezident seçklərində V.Putin iki dəfəlik prezidentlik müddəti başa çatdığı üçün yenidən namizədliyini irəli sürmək iddiasına düşməsə, yeni siyasi varis hakim elitanın daxilindən seçiləcək.

Aleksey Navalnı da gələn il keçiriləcək seçkilərdə iştirak etmək fikrindədir. Ancaq onun əsas rəqibinin də kim olacağı məlum deyil. Vladimir Putinin yenidən seçkilərə qatılması yalnız konstitusiyaya dəyişiklik edilməsi nəticəsində mümkün ola bilər. Əgər V.Putin referendum yolu ilə yenidən seçkilərə qatılmaq hüququ əldə edərsə, A.Navalnının ona qalib gəlmək şansı hazırkı göstəricilərə əsasən demək olar ki, yoxdur.Lakin sanksiyalar altında iqtisadiyyatı getdikcə kiçilən Rusiyada seçkiqabağı fəallığın artması siyasi proseslərin axarını sürətlə dəyişə bilər.Doğrudur, A.Navalnı barəsində üç məhkumluq qərarı olduğundan qanunvericilik onun namizəd kimi seçkilərə qatılmasına icazə vermir.Hüquqi məhdudiyyət baxımından, Putinlə onun şanslarını bərabər dəyərləndirmək olar.Prezident Putin seçkilərə qatılmaq üçün konstitusiyanı dəyişməyi təklif etsə, o zaman hüquqi maneə ilə üzləşən Navalnı tərəfdarlarının kütləvi aksiyalara başlayacağı şübhə doğurmur.Ekspertlərin fikrincə, hakim elita daxilindən yeni bir siyasi fiqurun seçilməsi Putinin tərəfdarları və əleyhdarlarını ortaq məxrəcə gətirə bilər.Son zamanlar siyasi kuluarlarda prezident postuna ən real namizədlərdən biri kimi Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin adı daha çox çəkilir.Ancaq Volodin hələlik prezident Putinin dövlət başçısı postunda qalmasının yeganə çıxış yolu olduğunu deyir.Putin də öz növbəsində mövcud şərtlər daxilində yenidən prezidentliyi qazanmağın asan olmayacağını anlayır.Getdikcə ağırlaşan iqtisadi vəziyyət, maliyyə çatışmazlığı, beynəlxalq təzyiqlər, silahlanmaya xərclərin artması, Ukraynada və Suriyada bitməyən müharibə ilə Rusiyanı yeni mərhələyə daşımaq Putin üçün asan olmayacaq.Bu baxımdan, son aylar bir neçə dəfə spontan şəkildə mitinqlərin meydana çıxması siyasi təhlilçiləri "Rusiyada nə baş verir” sualı üzərində düşünməyə vadar edib.

Sözügedən aksyaların hazırda ciddi siyasi nəticə verəcəyi real görünmür.Çünki küçəyə çıxan etirazçıların sayı və əhatə dairəsi Rusiya kimi böyük dövlətdə çox kiçik görünür.Bununla yanaşı, ölkədə iqtisadi problemlərin artması və Qərbin sanksiyalarının qüvvədə qalması seçkilər yaxınlaşdıqca siyasi vəziyyəti çox həssas edir.ABŞ Konqresi Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.Kreml bu situasiyadan dəmir rejim vasitəsilə cəmiyyəti səfərbər etmək üçün yararlanmağa çalışacağı kimi, müxalifət də narazı elektoratın səsini qazanmağa çalışacaq. Ona görə də baş qaldıran pərakəndə aksiyalar hər iki siyasi düşərgə üçün hələlik siyasi test də hesab oluna bilər. Ekspertləri son aksiyalarla bağlı bir sıra səbəb və nəticələri özündə ehtiva edən qənaətə gəlir.

Birincisi, Rusiya cəmiyyəti artıq dəyişiklik istəyir.Bu dəyişikliyin 2018-ci ildə mütləq baş tutacağını bəri başdan söyləmək çətin olsa da artıq zərurətə çevrilib.Rusiyada siyasi dəyişikliyin dinc, yoxsa inqilabi yolla həyata keçirilməsindən asılı olmayaraq, artıq aşağılar köhnə qayda ilə idarə olunmaq istəmir.Aksiyaların qəddarlıqla dağıdılması Rusiya ictimai rəyində Putinin onlarla necə davrandığını görən insanlarda hakimiyyət haqqında rəyi dəyişib.

İkincisi, seçkilərdə iştirak etmək və ya qalib gəlmək imkanının olub-olmamasına baxmayaraq, Navalnının timsalında müxalifətin gənclərdən ibarət protest elektoratın daxilində dəstəyi böyükdür.Bu da seçkilərdə Qərbin müasir informasiya texnologiyalaraına daha əlçatımlı olan gənclərin vasitəsilə geniş aksiyalar təşkil etmək üçün müxalifətə imkan yarada bilər.

Üçüncü ehtimal bütün proseslərin heç də Kremlin əleyhinə işləmədiyini göstərir.Korrupsiyaya etiraz aksiyalarında ən çox tənqidi fikirlər baş nazir Dmitri Medvedyevin ünvanına səslənir.Hadisələrin belə inkişafı prezident Putinə siyasi manevr imkanı açır.Belə ki, Putin seçkilərə qatılmaq iddiasına düşərsə, Medvedyev başda olmaqla bir sıra hökumət üzvlərini korrupsiyaya qarşı mübarizə tədbirləri adı altında istefaya göndərə bilər.

Bununla da Vladimir Putin konstitusiyanı dəyişmək və yenidən prezident kürsüsündə qalmaq üçün özünü siyasi cəhətdən sığortalamış olar.Ancaq gənc nəslin siyasi etimadını qazanmaq üçün Putin daha səmərəli addımlar atmaq məcburiyyətindədir.Qərblə qarşıdurma şəraitində artan sosial-iqtisadi problemlər isə bunun tezliklə baş verə biləcəyini istisna edir.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları