Yuxarı

"Qətər alovu” regionu bürüyür

Arzu Nağıyev: "İndikivəziyyətdə əsas hədəf İrandır”

Zaur İbrahimli:"Bir çox dairələr bu proseslərin növbəti vektoru kimi Türkiyəni görmək istəyərdilər”

SSRİ-nin dağılmasından sonra Avropanın siyasi coğrafiyası tamamilə dəyişdi.Bu, dünyanın qlobal iqtisadi sisteminin dəyişməsini də sürətləndirdi.Sovet İttifaqının çöküşü Rusiyaya da ciddi təsirlərini göstərdi. Nəticədə keçən bir neçə il ərzində dünyanın iqtisadi, internet və siyasi resursları "Qərb bloku”, yaxud NATO tərəfindən təslim alındı. Mərkəzi London və Nyu-Yorkda yerləşən bu nəhəng siyasi ("Vahid Maliyyə - İqtisadi Sistem”) güc dünyanın bir sıra dövlətlərində siyasi idarəetmələri ələ keçirdi.

SSRİ-nin çöküşü idarə edilməsi çətin olan Yaxın Şərq dövlətlərini yenidən hədəf taxtasına yaxınlaşdırdı.100 illik "Böyük Yaxın Şərq Proyekti” işə salındı.İraqda Səddam Hüseyn rejiminin ABŞ tərəfindən devrilməsi ilə bölgədə güc tarazlığı pozulmağa başladı.Enerji resurlarının ələ keçirilməsi uğrunda başlayan müharibə xarici müdaxilələrin artmasıyla məzhəblərarası qarşıdurmaya çevrildi və bu, regionun siyasi bölünməsini şərtləndirdi.

Yaxın Şərqdə böyük partlayış

Yaxın Şərqin monarxik siyasi quruluşu Amerika və Qərb dövlətlərini buraya "demokratiya ixracı” adı altında müdaxiləsinə süni zəmin yaratdı.Əlbəttə, bölgənin minillik siyasi sistemini dəyişmək və bölgəyə demokratiya gətirmək müşkül idi.Ayrı-ayrı dövlətlərdə (Liviya, Tunis, İraq, Misir və s.)"Ərəb baharı” silsiləsindən baş verən inqilablar da bura demokratiya gətirə bilmədi.Amerikanın regional müttəfiqləri - Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ və Qətər kimi ərəb dövlətlərinin proseslərə müdaxiləsi vəziyyəti daha da çətinləşdirdi.Bölgə dövləti İranın proseslərə məzhəbçi baxışı, üstəgəl Amerikaya qarşı formalaşmış bloklarda yer alması bu ölkəni də hədəfə gətirdi.Hadisələrin pik həddində nüvə proqramının icrasını davam etdirməsi, paralel olaraq, İsraili dünya xəritəsindən siləcəyi ilə hədələməsi və yerli istehsal olan ballistik raketlərlə Amerikaya barmaq silkələməsi ilə İran özünü dalana dirədi. Həmçinin Suriyada davam edən müharibəsində "Hizbullah” və "Həmas” terror təşkilatlarıyla Bəşər Əsədin yanında yer alması, bu rejimə hərbi-texniki dəstək verməsi İran ətrafında yaranmış həlqəni daha da daraltdı. Hələ 2011-ci ildə Suriyada proseslər qarşıdurma həddinə yeni keçəndə bu ölkədən sonra növbəti hədəfin İran olacağı bildirilirdi.Zaman-zaman ABŞ Konqresində İranın federal dövlətlərə parçalanmasıyla bağlı qanun layihələri müzakirəyə çıxarıldı.

İran İŞİD-in hədəfində

İran İslam inqilabından sonra bu ölkənin regionun məzhəb müxtəlifliyindən istifadə edərək söz sahibi olmaq səyləri, ABŞ tərəfindən sərt nəzərlərlə izlənilirdi. Amerika liderliyindəki "Qərb bloku” İranın region dövlətləri ilə olan soyuq münasibətlərindən istifadə edərək islam respublikasının bu iddiasının qarşısına keçməyə çalışdı. Ciddi təzyiqlər qarşısında qalan İran nüvə proqramından imtina etsə də Qərbin ağırlaşdırılmış sanksiyaları qarşısında qaldı.Lakin regionun söz sahibi olmaq iddiasından geri çəkilməyən İran bu gün də Yəmən və Suriyada baş verən proseslərin mərkəzində dayanmağa çalışır.Həmçinin İraq və Livandakı mövqelərini gücləndirməyə cəhd edir.İran və digər bölgə dövlətlərinin Yaxın Şərqin 100 illik geosiyasi mənzərəsini dəyişmək cəhdləri İŞİD terror təşkilatını ortaya çıxardı.İŞİD-in qarşısına qoyulmuş əsas məqsəd də bu dəyişmə cəhdlərinin qarşısını almaqdır.Artıq bu terror təşkilatı İrandakı varlığını sübut etməyə başlayıb. İlkin hücumda İran parlamentini hədəf alan İŞİD-in atacağı ehtimal olunan daha sərt addımlar islam respublikasında müzakirə mövzusudur. Bu, Yaxın Şərqdə gərginləşən hərbi-siyasi gəlişmələrin İrana sıçrayacağı ehtimalını artırır.

"Baş hədəf İran olacaq”

Politoloq Arzu Nağıyev "Cümhuriyət” qəzetinə bildirib ki, Yaxın Şərqlə bağlı hazırlanmış planın həyata keçirilməsi hələ başa çatmayıb. Politoloqun sözlərinə görə, "Ərəb baharı”ndan başlayan gərgin proseslər davam edir:

"Regionda maraqları olan xüsusi xidmət orqanları və böyük siyasi güclər var. Hədəfə aldığı digər dövlətləri də bu problemlərin içinə salmağa çalışırlar. Hesab edirəm ki, hazırkı vəziyyətdə əsas hədəf İrandır.Suriyadan sonra həm terrorizmlə mübarizə, həm də nüvə məsələsinə görə İranın üzərində dayana bilərlər.Suriya, İraq, Səudiyyə Ərəbistanı, Türkiyə və Bəhreynin özü bu proseslərdə iştirak edir. Görünən budur ki, "Böyük Yaxın Şərq Proyekti”nin icrası başa çatmayıb. Hər güc də proseslərdən öz maraqları üçün istifadə edir.Maraqlı dövlətlərin sayı da həddən artıq çoxdur.Düşünürəm ki, növbəti baş hədəf İran olacaq.İranla sanki bir separat danışıqlar da gedir.Çünki istər "Həmas”, istər "Hizbullah” və İranın inhisarında olan digər təşklilatlar Suriyada gedən proseslərdə iştirak edirlər.İranın Suriya ilə bağlı aparılan danışıqlarda iştirak etməsi də müəyyən mətləblərdən xəbər verir.İranla yanaşı Səudiyyə Ərəbistanı və Qətər də hədəfdədir.Başqa sözlə, bütün ərəb dünyası bu proseslərin içindədir.Hərbi müdaxilələr olmasa da Rusiyaya qarşı sanksiyalar da sərtləşdiriləcək, bu, müdaxilənin başqa formasıdır”.

"Azərbaycanda bu cür proseslərin təkrarlanacağını...”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə deyib ki, Yaxın Şərqdə baş verən proseslər - vətəndaş müharibələri, iqtidarların dəyişməsi və mərkəzi hakimiyyətlərin ölkə ərazilərinə nəzarəti itirməsi, xarici hərbi müdaxilələr, terrorizm və ekstremizm yalnız bu bölgə üçün deyil, daha geniş coğrafiya üçün təhdiddir. Politoloq hesab edir ki, bir çox dairələr bu proseslərin növbəti vektoru kimi Türkiyəni görmək istəyərdilər:

"Eyni zamanda İran da hədəf kimi və yeni təcrübə-sınaq poliqonu kimi nəzərdən keçirilir. Cox ciddi təhlillər göstərir ki, fəal xarici müdaxilə olmadan bu cür geniş miqyasda və bu cür dağıdıcı dinamikaya malik proseslər baş vermir.Daha uzaq perspektivdə isə Orta Asiya regionu hədəf kimi götürülə bilər.Amma bu xaosun əks-təsiri də var. Misirdə baş verənlər bunu sübut etdi.Misirdə az sonra yenidən ənənəvi formata, hərbiçilərin hakimiyyətinə qayıtdılar”.

Zaur İbrahimli qeyd edib ki, miqrant böhranı Avropa İttifaqı üçün ciddi problemlər yaradıb: "Eyni zamanda Rusiyanın müdaxiləsi baş verdi, müvəqqəti də olsa Rusiya - Türkiyə - İran əməkdaşlığı formatı tapıldı. Türkiyə - NATO münasibətləri artıq əvvəlki cazibəsini itirib.Ankara daha çox üzünü Şərqə çevirməyə maraqlı görünür.Terrorçular artıq ABŞ, Avropa ölkələrinə ayaq açmağa başlayıb.

Bütün bunlar əks-effektlərdir və artıq düşünmək lazmdır ki, bu cür xaotik proseslər kimə nə verəcək, kimdən nə alacaq? Bu baxımdan Yaxın Şərqin qaynamasına sponsorluq edənlərin də planlarının  tutub-tutmaması hələ sual altındadır. Buna görə də yaxın perspektivdə digər regionalarda eyni proseslərin baş verəcəyini güman etmirəm.Eynilə Azərbaycanda da bu proseslərin təkrarlanacağını ehtimal etmirəm.Azərbaycanın yerləşdiyi coğrafiya, xarici siyasət kursu və ölkədə aparılan siyasət dövləti bu cür hadisələrdən qorumaq imkanı verir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları