Yuxarı

PKK-dan bölgəyə böyük təhdid

PKK-dan bölgəyə böyük təhdid

Qərbin uzun illərdir Türkiyənin əsas probleminə çevrilmiş PKK və onun digər ölkələrdə olan qollarını  silahlandırması, maliyyə yardımı göstərməsi bölgədə terror təhlükəsini artırıb. Yaxın Şərqdə, İranda və Türkiyənin bir sıra ərazilərində fəaliyyətdə olan terror qruplaşmaları birbaşa Türkiyəyə qarşı təzyiq rolunu oynayır. Siyasi analitiklər hesab edir ki, Qərb Türkiyə ilə maraqlarını təmin etmək üçün PKK kartından istifadə edirlər. Türkiyədə baş verən hadisələr isə deyilənlərin bariz nümunəsidir. Ötən gün Türkiyənin Tunceli vilayətində PKK terrorçularına qarşı keçirilən əməlliyyat zamanı bir türk əsgəri şəhid olub.  

Terrorçularla toqquşma zamanı iki əsgər də yaralanıb. Hazırda Türkiyə hərbi gücləri bölgədə geniş çaplı əməliyyatlarını davam etdirir. Terrorçu təşkilat təkcə Türkiyəyə deyil, bölgə dövlətlərinə də təhlükə yaradır. Yayılan məlumatlara görə 1750 PKK terrorçusu Qarabağa yerləşdirilib. 

Regionda ciddi siyasi oyunların getdiyini diqqətə çatdıran siyasi şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, bütün bunlar  Türkiyəyə qarşı çevrilib: 

"Bu oyunları poza biləcək dövlət də məhz Türkiyədir. Bu gün Körfəz ölkələrini Tramp adminstirasiyası çox rahatlıqla idarə edə bilir. Əslində Qətər böhranı da məhz Trampın Səuduyyə Ərəbistanına səfəri zamanı ortalığa çıxdı. Hiss olundu ki, əslində Qətər adı altında hədəfdə həm Türkiyə, həm də İran var. Yəni, Qətərin üzərində bu prosesi aparırlar. Türkiyə isə Qətəri müdafiə edərək, həm də bu oyunu pozur. Türkiyə ordusunun məhz Qətərdə hərbi baza yerləşdirməsi də bu prosesi pozmağın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Ona görə də Türkiyəyə qarşı həm terror, həm də digər vasitələrdən istifadə olunacaq ki, Türkiyəni dayandıra bilsinlər. AKP hakimiyyətinə də hərbi-siyasi təzyiqlərin olacağı qətiyyən şübhə doğurmur. Diqqətdən qaçırmaq olmaz ki, bu gün bütövlükdə Qərb dünyasının oynadığı geosiyasi oyunları pozan yeganə ölkə məhz Türkiyədir. Ona görə də Türkiyəyə qarşı oynanılan oyunları təbii qarşılamaq lazımdır”.

Terrorçuların Qarabağa yerləşdirilməsi məsələsinə gəlincə politoloq  əlavə edib ki, PKK terror təşkilatıdır və sir deyil ki, Azərbaycan torpaqlarında onlara müəyyən qədər dəstək verilir: 

"PKK terrorçuları işğal olunmuş Azərbaycan torpaqlarında təlim keçirlər. Nəzarətsiz bölgə  həm narkotika, həm də silah satışı dəhlizinə çevrilib.  Bu gün harada qeyri-qanuni işlər varsa, PKK və digər terror təşkilatlarının orada adı var. Bu baxımdan düşünürəm ki, PKK terrorçularının Qarabağa yerləşdirilməsi xəbəri qətiyyən şübhə doğurmur. Təbii ki, PKK terrorçularının Qarabağa yerləşdirilməsi Azərbaycan üçün də çox böyük təhlükə yaradır. Çünki bu terrorçulardan istifadə edərək Azərbaycan əleyhinə hərbi təxribatlar törətmək mümkündür. Əgər Azərbaycan ordusu tərəfindən öldürülən düşmən əsgərləri içərisində erməni hərbi formasında PKK əsgərləri də varsa bunun özü artıq göstərir ki, Azərbaycan üçün böyük təhlükələr var. Onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycan və Ermənistan savaş ərəfəsindədir. Əgər sabah hərbi əməliyyatlar başlayarsa həmin terrorçu quruplar Azərbaycan ordusuna qarşı savaşacaqlar”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları