Yuxarı

Supergüclərin körfəz savaşı

Supergüclərin körfəz savaşı

Elçin Mirzəbəyli: "Ankaranın  atdığı addımlar ilk növbədə öz maraqlarına xidmət edir”

Əli Orucov: "ABŞ karbohidrogenlə zəngin olan coğrafi ərazini heç kimlə bölüşmək istəmir”

Ərəb dünyasında baş verənlər dünya ictimaiyyətinin diqqət mərkəzindədir.Amerika Birləşmiş Ştatlarının ərəb ölkələri ilə bağlı tutduğu xətt onun körfəzə sahiblənmək iddiasının bariz göstəricisidir.Böyük güclərin maraqlarının toqquşduğu ərəb körfəzinin sonda kimin nəzarətinə keçəcəyi isə müəmmalıdır.Hələ ki, prosesin idarəedicisi kimi ABŞ görünür.Bəs ABŞ-ın körfəzə sahiblənmək iddiası reallaşa bilərmi?

Siyasi şərhçi Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, ABŞ-ın bu iddiası yeni deyil və uzun illərdir ki, bu proses həyata keçirilir:

 "İraq kampaniyasından başlayaraq ABŞ Aralıq Dənizi hövzəsinə sahiblənmək istəyir. Burada əsas 3 amil var. Birincisi, dəniz yollarının bu ərazidən keçməsidir.İkincisi, bu ərazilərin böyük enerji resursları ilə zəngin olmasıdır.Sonuncu amil isə Avropanın təhlükəsizlik faktorudur ki, bu amillər üzrə ABŞ hədəflərini müəyyənləşdirib və bu istiqamətdə addımlar atır.Bunun nə zaman reallaşacağı təbii ki, mübahisə mövzusudur.Çünki bu istiqamətdə ABŞ-a müqavimət göstərən güclər də var. Amma tərəflər arasındakı gücü müqayisə etsək, ABŞ-ın rəhbərlik etdiyi koalisiya daha güclüdür.ABŞ-ın bu hədəflərə doğru irəliləmək üçün ciddi addımlar atdığının da şahidi oluruq”.

ABŞ-a qarşı müqavimət göstərən güclərə gəlincə isə ekspert hesab edir ki, Türkiyəni bu siyahıdan çıxarmaq lazımdır: "Çünki Türkiyənin hərəkətləri daha çox manevr xarakterlidir. Ankaranın atdığı addımlar ilk növbədə öz maraqlarına xidmət edir.İndiki şəraitdə qarşıdurmada açıq şəkildə iştirak edən Rusiyadır. İran elə bir potensiala və gücə sahib deyil ki, proseslərdə ABŞ-a uzun müddət müqavimət göstərə bilsin. Bu baxımdan da müharibə ehtimalını yalnız o, zaman irəli sürmək olar ki, ABŞ özü bu məsələdə maraqlı olsun”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov isə hesab edir ki, ərəb körfəzi uzun zamandır ABŞ-ın nəzarətindədir. Ə.Orucovun sözlərinə görə, bu gün körfəzə iddialı olan yeni oyunçular, Rusiya və Çinin peyda olması ABŞ-ı qıcıqlandıran əsas amildir:

 "Ona görə də ABŞ karbohidrogenlə zəngin olan coğrafi ərazini bölüşmək istəmir. Məsələnin əsas mahiyyəti budur.Ancaq buna baxmayaraq ABŞ istəsə də, istəməsə də artıq əvvəlki "supergüc” imicini itirməkdədir.Dünyanın siyasi qütbləşməsi prosesi başlayıb. Ona görə də bu proses davamlı şəkildə gedəcək. Hesab edirəm ki, ABŞ-ın hədə-qorxusu ciddi effekt verməyəcək.ABŞ hər bir halda Rusiyanın və Çinin bölgə ilə bağlı maraqlarını nəzərə almalıdır.Əks halda, bu çox ciddi təhlükələrə yol aça bilər”.

Ekspert hesab edir ki, Türkiyənin əsas hədəfi özünü qorumaqdır: 

"Regiondan gedən proseslər və istifadə olunan kartlar Türkiyənin ərazi bütövlüyünə təhlükə yaradır. Separatizmi inkişaf etdirir.ABŞ açıq şəkildə terrorçu kimi tanınan PYD/YPG güclərini dəstəkləyir və silahlandırır.Bu Türkiyənin təhlükəsizliyi üçün böyük risk yaradır.Bu baxımdan Türkiyə istəsə də, istəməsə də öz təhlükəsizliyini qorumaq üçün ciddi tədbirlər görməlidir.Hətta itirəcəklərini belə gözə almalıdır.Çünki əks halda, Türkiyənin özünü bu prosesin gedişatında çox ciddi təhlükələr gözləyə bilər.Ona görə də Türkiyə bu prosesdə supergüclərlə qarşıdurmaya gedərək yalnız öz maraqları üçün istifadə edir. 

Görünən isə odur ki, Rusiyanın verdikləri Türkiyənin maraqlarına daha çox uyğun gəlir, nəinki ABŞ-ın yürütdüyü xətt. Hələ ki, bu manevrlərin davam edəcəyini gözləyirəm. Əgər konkret cəbhələşmə baş verərsə, qarşıdurmalar artarsa, Türkiyə seçim etməyə məcbur qalacaq. Türkiyə bu prosesdə kimin yanında olacağına qərar verməlidir. Çünki son hadisələrdən, ABŞ-ın Suriya təyyarəsini vurmasından sonra Rusiyanın ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın bütün təyyarələrini hədəf kimi görəcəyini bəyan etməsi qarşıdurmanın dərinləşdiyini göstərir. Bu baxımdan hesab edirəm ki, baş verənlər sadəcə olaraq prosesin başlanğıcıdır. Rusiya çalışır ki, Qətəri öz xeyrinə təcrid etsin. Buna görə də Rusiya Qətərə açıq şəkildə dəstək verir. ABŞ-da bu qarşıdurmanın nəticəsini hesablayıb və ona görə də Qətərə qarşı yürütdüyü sərt siyasəti bir qədər yumşaltmağa başlayıb. Amma istənilən halda Çinin və Rusiyanın maraqları bu regionda tanınmalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları