Yuxarı

Rusiyadan düşmənlərinə xəbərdarlıq

Rusiyadan düşmənlərinə xəbərdarlıq

Elçin Mirzəbəyli: "ABŞ-ın cavabı daha sərt olacaq”

Suriyada ABŞ-ın ilk dəfə dövlətə məxsus təyyarəni vurması ilə başlayan gərginlik, Rusiyanın Fərat çayının Qərbinə (sol sahil) keçən hər bir təyyarəni vuracağını elan etməsi yeni dövrün başlanğıcı olub."Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, Rusiyanın məlum qərarından sonra İŞİD terror təşkilatına qarşı koalisiya qüvvələrinə daxil olan Avstraliya hava əməliyyatlarını dayandırıb.Avstraliyanın bu qərarı verməsinin digər səbəbi isə ABŞ-ın PKK-nın Suriyadakı qolu olan və bu ölkədə qanunsuz fəaliyyət göstərən YPG terror təşkilatına hücum etmiş Suriya dövlətinə məxsus hərbi təyyarəni vurması olub.

Hadisədən sonra - iyunun 20-də Rusiya açıqlama verərək buna narazılığını bildirib, Fərat çayının Qərbinə keçəcək bütün koalisiya təyyarələrinin vurulacağını bəyan edib.

Rusiya vədini yerinə yetirəcək?

Ehtimal olunur ki, Rusiyanın məlum qərarının səbəbi bir neçə gün əvvəl Tabaka şəhəri yaxınlığında antiİŞİD koalisiyasına liderlik edən ABŞ-ın Bəşər Əsəd ordusuna məxsus döyüş təyyarəsini vurması olub.Qeyd edək ki, ABŞ bu addımını Əsədin ordusunun təyyarəsini koalisiya qüvvələri və PYD - kürd silahlı birləşmələrinin nəzarətində olan bölgələrin hava məkanını pozmasıyla əlaqələndirib.Qeyd edək ki, Fərat çayının Şərq sahilləri, yaxud Cənub-şərq bölgələri antiİŞİD koalisiyası və PYD-nin nəzarəti altındadır.Çayın sol sahilində yerləşən Şimal-qərb bölgələri Türkiyənin, qalan ərazilər - Hələbdən Dəraya qədər olan regionlar isə Rusiya və Bəşər Əsəd ordusunun nəzarətindədir. Başqa sözlə, ABŞ-ın bu qərarına etiraz edən Rusiya da nəzarət etdiyi bölgələrin hava məkanlarını pozacaqları halda bütün koalisiya qüvvələri və ABŞ-a məxsus təyyarələrin hər birini vuracağını bildirib. Rusiyanın qərarını bu baxımdan ABŞ-a son xəbərdarlığı kimi də başa düşmək olar.

"Tramp Əsədlə bağlı planın üzərində işləyir”

Rusiya Strateji Araşdırmalar İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi Yelena Suponina ABŞ prezidenti Donald Trampın Bəşər Əsədin hakimiyyətdən getməsində maraqlı olduğunu bildirib.Suponina hesab edir ki, Tramp da keçmiş həmkarı Barak Obama kimi düşünür və Suriya böhranının Əsədsiz həllinin mümkünlüyünə inanır. O, son zamanlarda ABŞ və koalisiya qüvvələrinin Əsəd ordusunun mövqelərinə artan hücumlarının buradan qaynaqlandığını bildirib: "ABŞ-ın yeni prezidenti Donald Tramp olmasına baxmayaraq, Vaşinqtonun Suriya siyasətində ciddi dəyişiklik yoxdur. Vaşinqton Bəşər Əsədin devrilməsini istəyir. Sadəcə bir sıra məsələlər yer dəyişdirib: birinci terrorizmlə mübarizə, sonra Əsədin devrilməsi. Başqa sözlə, Tramp Əsədlə bağlı planlarının üzərində ciddi-cəhdlə işləyir.Amerika prezidentinin son açıqlaması da göstərdi ki, Vaşinqton Əsədə heç bir şans vermək istəmir. Trampın özü də Suriyada kimyəvi silahlarla mülki vətəndaşlar hücumlardan sonra Əsədə qarşı münasibətinin dəyişdiyini dedi”. 

Trampın yeni Əsəd planı

Obamanın İŞİD-lə Mübarizə üzrə nümayəndəsi Brett MakQurkun Tramp dönəmində də eyni postda qalması, yeni administrasiyanın Əsədlə bağlı Vaşinqtonun siyasətinin dəyişəcəyi ehtimalını azaldır.Donald Tramp suriyalı həmkarını İdlibdə mülki insanlara qarşı kimyəvi silahlarla hücum etməkdə ittiham edir.İdlib faciəsindən sonra Tramp Əsədin Suriya böhranını dalana dirədiyini əsas gətirərək onun mövqelərinə qarşı hücum əmrini vermişdi.Pentaqonun İdlib hücumundan sonra Rusiyanın etirazlarına baxmayaraq, daha 2 dəfə ABŞ ordusu Əsəd ordusuna məxsus iki təyyarəni vurdu.Ekspertlər hesab edirlər ki, ABŞ-ın Əsədin mövqelərinə artan hücumları Rusiya və Amerikanın Suriyada qarşı-qarşıya gəlmək ehtimallarını yüksəldir.Əgər ABŞ və koalisiya qüvvələri Rusiya və Bəşər Əsədin birgə nəzarət etdiyi bölgələrə hücumlarını davam etdirsə, bu, rəqiblər arasında açıq qarşıdurmaya gətirib çıxara bilər.

ABŞ-ın terrorizmlə mübarizədən əvvəl Əsədi devirmək planına dünyanın digər siyasi güclərindən də dəstək var. İngiltərə, Səudiyyə Ərəbistanı, Türkiyə, İsrail, Almaniya və Fransadan artıq ABŞ-ın hücum qərarlarına dəstək gəlib.Çin bu məsələdə öz bitərəf mövqeyini qorusa da İran və Rusiya yenə də Amerikanın antiƏsəd mövqeyini pisləyən bəyanatlarla çıxış edirlər.Yəni, Trampın Suriya ilə bağlı yeni planının dünya dövlətlərini iki cəbhəyə bölməsi də Rusiyanın Əsəd ordusunun mövqelərinə qarşı hücum edəcək ABŞ-a silahla cavab verməsi ehtimalını yüksəldir.Belə bir addımın da ağır nəticələr doğuracağı istisna deyil.

"ABŞ-ın cavabı həddən artıq sərt olacaq”

Politoloq Elçin Mirzəbəyli "Cümhuriyət” qəzetinə Rusiyanın belə bir addım atacağını istisna etməyib. O hesab edir ki, bu halda regionda və dünyada vəziyyət ciddi şəkildə gərginləşəcək:

"Ciddi bəyanatdır. Əgər Rusiya verdiyi vədini yerinə yetirsə, bu zaman qarşı tərəfin buna cavabları olacaq.Biz bunu bir neçə gün əvvəl ABŞ ordusunun Bəşər Əsədə məxsus hərbi hava bazasını hansı formada bombardman etməsi ilə şahidi olduq.Hesab edirəm ki, Rusiya hələ də bu sarsıntıdan özünə gəlməyib.Qənaətimə görə, əgər Rusiya verdiyi qərarı yerinə yetirsə, ABŞ-ın buna verəcəyi cavab həddən artıq sərt olacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları