Yuxarı

Ermənilər Qərb cəbhəsini hədəfə alır

Ermənilər Qərb cəbhəsini hədəfə alır

Üzeyir Cəfərov: "Düşmənin hədəfə aldığı bir neçə yer var”

Rəşad Süleymanov: "Təxribat gözlənilməyən istiqamətlərdən də ola bilər”

İyunun 20-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttində müdafiə xəttini keçməyə cəhd göstərdi. "Cümhuriyət” qəzeti Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, bölmələrimiz tərəfindən aşkar edilən düşmənə qarşı görülən qabaqlayıcı tədbirlər nəticəsində kəşfiyyat qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Təxribat qrupunun bir üzvü - Zaver Hovanis Karapetyan ələ keçirilib.

Son hadisədən əvvəlki vaxtlarda da cəbhənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin belə cəhdlərinin qarşısı dəfələrlə alınıb. Nəticədə düşmən çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olub və bir neçə kəşfiyyatçısı ələ keçirlib, həmçinin kəşfiyyat-diversiya qrupları darmadağın edilib. 

Düşmənin təxribat hücumları

Keçən ilin aprel ayında Ermənistan və Azərbaycan arasındakı döyüşlər də erməni kəşfiyyat-diversiya qruplarının ölkəmizin ərazilərinə təxribatçı hücumları nəticəsində baş vermişdi. Düşmənin həmlələri yerində zərərsizləşdirildi və ağır itkilər verərək geri çəkildi, eyni zamanda işğal altında ola bəzi ərazilərimiz azad olundu. Həmin əməliyyatlardan sonra Ermənistanın təxribaçı kəşfiyyat qruplaşmalarının ayrı-ayrı istiqamətlərdən Azərbaycan ərazilərinə hücumlarının sayı artıb. Düşmənin əsasən Qərb istiqaməti və təmas xəttində yerləşən mövqelərindən təxribat cəhdləri etdikləri bildirilir.

"Qərb bölgələrində hədəfə aldığı bir neçə yer var”

Hərbçi-ekspert Üzeyir Cəfərov "Cümhuriyət” qəzetinə deyib ki, Azərbaycan ordusu düşmənin bütün hərəkətlərini izləyir və buna görə də öz işini qurur. Ekspert narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb: "Düşmənin Qərb istiqamətlərində hədəfə aldığı bir neçə yer var ki, həmin ərazilərlə bağlı kəşfiyyat-diversiya əməliyyatlarını həyata keçirməyə cəhd edir. Amma Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün cəhdlərini yerindəcə zərərsizləşdirəcək mövqe seçib. Ermənilərin kəşfiyyat-diversiya qrupları illər əvvəl həyata keçirmək istədkiləri təxribatları bu gün də eyni istiqamətlərdən etməyə cəhd edirlər.

Bura əsasən, Tovuz - Qazax istiqamətidir. Azərbaycan ordusu da bilir ki, bura həssas bir yerdir və düşmən zaman-zaman bu yerləri yoxlamağa çalışır. Amma Azərbaycan ordusunun həm texniki imkanları, həm də canlı qüvvələrinin döyüş hazırlığı imkan verir ki, düşməni yerində susdursun. Düşmən mövqeləri intensiv müşahidə altındadır. Düşmənin bütün hərəkət trayektoriyaları nəzarətdədir və buna görə də qərarlar verilir. Son illərdə Azərbaycanın kəşfiyyat qoşunları üçün xarici ölkələrdən ən müasir avadanlıqları alınıb. Bu avadanlıqlar vasitəsilə günün bütün vaxtlarında, hər cürü hava şəraitində təxribata cəhd edən düşməni susdurmaq mümkündür. İndi 1990-cı illər deyil, ordumuz daha peşəkardır. Düşmən kəşfiyyatının bütün təxribat planları yerində aşkarlanır”.

Üzeyir Cəfərov qeyd edib ki, ermənilər güc balansını nəzərə almadan öz ağılsız hərəkətlərini davam etdirir: "Neçə dəfə bu ağılsızlıqlarının əvəzini ciddi şəkildə ödəyiblər. Həm ağır itkilər veriblər, həm əsir düşüblər, həm də yaralananlar olub. Ermənilər hansı yola əl atsalar da Azərbaycan ordusunun həmişə hazır qabaqlayıcı tədbirləri var”.

"Gözlənilməz istiqamətlərdən ola bilər”

"Azeri Defence” hərbi-texnoloji jurnalının hərbi məsələlər üzrə mütəxəssisi Rəşad Süleymanov "Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan ordusu hər cür şərtlər daxilində düşmənin təxribatçı hücumlarının qarşısını almağa hazır vəziyyətdədir. O, istisna etməyib ki, istənilən an düşmən bu cür yollara əl ata bilər: "Amma son illərdə Azərbaycan Silahlı Qüvvələri ermənilərin çoxlu sayda kəşfiyyatçısı və təxribat qruplarını zərərsizləşdirib. Artıq ordumuz müşahidə-nəzarət funksiyalarını ən müasir avadanlıqlarla yüksək səviyyədə həyata keçirir. Ermənilərin kilometrlərlə uzaq mövqelərini nəzarətdə saxlaya bilirik.

Texnikalarımız və müşahidə avadanlıqlarımız buna imkan verir. Düşmənin təxribat cəhdləri yerində aşkarlanaraq lazımi tədbirlər görülür. Düşmən zaman-zaman sərhəd və cəbhə xətti istiqamətlərindən, yəni ayrı-ayrı yerlərdən təxribatlara əl atır. Təxribatın nə vaxt, haradan baş verəcəyi məlum deyil. Gözlənilməyən istiqamətlərdən də ola bilər. Əsas budur ki, belə hallara qarşı hazırlıqlı olmalıyıq. Azərbaycan ordusu isə düşmənin belə həmlələrinə qarşı hazırlıqlı və ayıq-sayıqdır. Sərhəd və təmas xətti istiqamətlərində də baş verənlər ordumuzun nəzarəti altındadır. Narahatlığa əsas yoxdur”.

Mənsur Rəğbətoğlu






Həftənin ən çox oxunanları