Yuxarı

Savaş hazırlığı: NATO silahlanır

Savaş hazırlığı: NATO silahlanır

Zaur İbrahimli: "Blokun hərbi xərcləri artırması Rusiya, Çin və İrana çox ciddi mesajdır”

Məhəmməd Əsəsdullazadə: "NATO Əfqanıstan və Suriya əməliyyatlarına hazırlaşır”

NATO-nun müdafiə xərcləri artırılacaq. "Cümhuriyət” qəzeti xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə alyansın baş katibi Yens Stoltenberq açıqlama verib. Stoltenberqin sözlərinə görə, Avropa ölkələri və Kanada bu il üçün müdafiə xərclərini 4.3% artıracaq: "Buna ciddi ehtiyac vardı. Çünki 2014-cü ildən etibarən, xərclərdə 46 milyon dollarlıq bir artım var. Bundan əlavə, beynəlxalq gücümüzü daha effektli etmək üçün xərcləri artırmalıyıq. Eyni zamanda, NATO-da "xərc yükü”nün daha ədalətli bölünməsi məqsədi ilə də fəaliyyətimizi davam etdirməliyik”. 

NATO-nun hədəfindəki ölkələr 

Analitiklər hesab edirlər ki, hərbi büdcəsini artıran NATO-nun hansı ölkələri, yaxud coğrafiyanı hədəf alacağını bilmək üçün ABŞ-ın yeni Tramp administrasiyasının xarici siyasətdə prioritet elan etdiyi məsələlərə baxmaq lazımdır. Məlumdur ki, Donald Tramp hakimiyyətə gələr-gəlməz Aralıq dənizi və Yaxın Şərq bölgələrində yayılan radikal islamın Qərbə meyillənməsindən narahatlığını dilə gətirdi. O, son illərdə dünyada artan radikalizmin əsas köklərinin Suriyada olduğuna diqqət çəkərək, ABŞ-la yanaşı, NATO-nun da yaxın gələcək üçün hədəflərini açıqladı. Görünən budur ki, ABŞ NATO-dakı müttəfiqlərini bu bölgələrə fokuslanmasında təkid edəcək. Şübhəsiz ki, Amerikanın terrorizmlə mübarizədə əsas dəstəkçisi də NATO-dur.

Amerikanın region və dünyaya təhdid kimi gördüyü digər ölkə İrandır. Trampın düşmən siyahısında İranın adı ilk sıradadır. Bu baxımdan hesab etmək olar ki, böyük ölçüdə ABŞ-ın xarici siyasətindən asılı olan NATO-nun da islam və bu dinin yayıldığı ölkələrə xüsusilə, Şimali Afrika ölkələri, Suriya və İrana qarşı yaxın gələcəkdə ən sərt tədbirləri görəcəyi istisna deyil. Başqa sözlə, Qərbdə yeni dağıdıcı ssenarilər yenə də islam üçün hazırlanır və ABŞ NATO-ya yeni missiya verir: hədəf Yaxın Şərqin müsəlman və islam ölkələridir.

"Rusiya daha çox düşünməlidir”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə bildirib ki, son 3 ildəki müzakirələrdən və tərəddüdlərdən sonra NATO-nun hərbi xərclərini artırması barədə qərar verməsi, Qərb ölkələrinin bütün dünyaya çox ciddi mesajı kimi qiymətləndirilməlidir. 

Politoloq hesab edir ki, ilk növbədə bu qərar münasibəti ilə ABŞ və prezident Trampı təbrik etmək olar:

 "Məhz Trampın ardıcıl, birmənalı və israrlı tələbləri, hətta ultimatumu axırda Avropa ölkələrinin, xüsusilə, Almaniya və Fransanın tərəddüdünə son qoydu. Hərbi xərclərin artırılması barədə ABŞ-ın şərtlərinin yerinə yetirilməsi bir daha onu göstərdi ki, Avropa ölkələri Transatlantika strategiyasından imtina etməyə, təkbaşına "Avropa təhlükəsizlik çətiri” yaratmağa hazır deyillər. Yaxud bunu səmərəli hesab etmirlər.  Eyni zamanda hərbi və təhlükləsizlik sahəsində hələ də ABŞ-ın liderliyi şübhə altına alınmır. Həmçinin müdafiə və təhlükəsizlik, strateji balanslaşdırma, planlaşdırma sahəsində ABŞ-ın müəyyənləşdirdiyi hədəflər Avropa ölkələri üçün ortaq məqsədlər kimi qəbul olunur”.

Zaur İbrahimlinin sözlərinə görə, bu, ilk növbədə qlobal geosiyasi mübarizədə əsas rəqiblərə, Rusiya, Çin, İran üçün çox ciddi mesajdır:

 "NATO, Qərb dünyası bir daha nümayiş etdirdi ki, taktiki məsələlərdə fikir ayrılığı olsa da strateji müstəvidə vahid xətt var. Lider dövlət kimi daha çox ABŞ bu strategiyanın çərçivələrini müəyyən edir. Şübhəsiz ki, Rusiya bu qərardan sonra daha çox düşünməli olan ölkədir. 1999-cu ilin 12 martından bu yana NATO-ya post-Sovet məkanına daxil olan 3 ölkə üzv olub. NATO-nun genişlənməsi faktiki olaraq, Rusiyanın Qərb və Şimali-qərb istiqamətində alyans üzvləri ilə əhatələnməsinə səbəb olub. NATO son 2 ildə Şərq cinahında, Rusiya ilə sərhədlərdə öz hərbi iştirakını artırıb. Bütün bunlar Putin Rusiyasının son illər apardığı aqqresiv xarici siyasət kursuna adekvat cavabdır. Hərbi xərclərin artırılması isə NATO-nun bu siyasətdə nə dərəcədə qərarlı olduğunu göstərir. Eyni zamanda Çin, İran, Şimali Koreya kimi ölkələr də bundan öz hesablarını götürməli olacaqlar. Beləliklə, bu addımla Qərb müdafiə və təhlükəsilzik məsələlərində birliyi və liderliyi qorumaqda israrlı olduğunu göstərir”.

"NATO Suriyada münaqişəyə cəlb edilə bilər”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə deyib ki, NATO son illərdə Şərqi Avropada hərbi aktivliyini artırıb. M.Əsədullazadənin sözlərinə görə, Rusiyanın Yaxın Şərq və Mərkəzi Asiyada genişlənən hərbi fəaliyyətinə qarşı bu, NATO-nun adekvat cavabıdır:

"Qlobal terrorizmə qarşı mübarizədə Qərbə qarşı çıxan ölkələrin sayının artması, NATO-nun daha da güclənməsini şərtləndirir. Həmçinin Çinin Aralıq dənizinə çıxması, İranın Yaxın Şərqdə genişlənən nüfuzu və digər amillər alyansın öz təsir dairəsinə daxil olmaq istəyən ölkələri neytrallaşdırmaq məsələsini qabağa çəkir. NATO Əfqanıstan və Suriyada hərbi əməliyyatlarda iştirak etmək üçün daha çevik şəkildə hazırlaşır. Bu da alyansın hərbi xərcləri artırmasını şərtləndirir. Digər yandan NATO - Rusiya münasibətlərində də soyuqluq var. Şərqi Avropada hər iki tərəfin orduları üz-üzə dayanıb. Bu, böyük maliyyə vəsaitləri tələb edir. Hesab edirəm ki, NATO Əfqanıstanda yenidən hərbi əməliyyatlara start verə və Suriyada münaqişəyə cəlb edilə bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları