Yuxarı

Dördüncü Körfəz savaşı astanada

Dördüncü Körfəz savaşı astanada

Qətərə verilən müddət bitir
 
Arif Kəskin: "Ərəblər bir araya gəlməyənə qədər bu problem həll olunmayacaq”
 
Qətərə sanksiya tətbiq etmiş dövlətlərin irəli sürdüyü şərtlərin müddəti bitir. Ancaq Qətərin xarici işlər naziri Şeyx Məhəmməd Əbdülrəhman əl-Tani iyunun 26-da ABŞ-a səfəri zamanı qoyulan tələblərin qəbul edilməyəcəyini bəyan edib. Xatırladaq ki, Qətərlə diplomatik əlaqələri dayandırmış 10-a qədər dövlət rəsmi Dohanın qarşısında İranla bütün münasibətlərə son qoymaq, Türkiyə hərbi bazasını ölkə ərazisindən çıxartmaq, "Əl Cəzirə” telekanalının fəaliyyətini məhdudlaşdırmaq, terror təşkilatlarına maliyyə dəstəyini dayandırmaq, "Həmas” lideri Xalid Məşələ və hərəkatın baş qərargahına sığınacaq verilməsi qərarını ləğv etmək də daxil olmaqla 13 şərt qoyub.

 Siyasi ekspertlərin rəyinə görə, Qətər rəhbərliyinin bu şərtləri yerinə yetirməməsi dördüncü Körfəz müharibəsinin başlanmasına gətirib çıxara bilər. Onu da qeyd edək ki, Birinci Körfəz savaşı 1980-1988-ci illərdə İranla-İraq arasında baş verib. 

İkinci Körfəz savaşı 1990-cı il avqustun 2-də İraq ordusunun Küveyti işğal etməsi ilə başlanıb və BMT Təhlükəsizlik Şurasının qərarı əsasında 1991-ci il yanvarın 17-dən fevralın 28-dək 37 dövlətin keçirdiyi "Səhrada fırtına” əməliyyatı ilə başa çatıb. 

Üçünçü Körfəz Müharibəsi 2003-ci ildə martın 20-də ABŞ Silahlı Qüvvələrinin İraqa daxil olması ilə başlanıb. Səddam Hüseyn rejiminin devrilməsi ilə  başlanan bu əməliyyat İraqda 6 ildən artıq davam edən qanlı müharibəyə səbəb olub. İraqda terrorizmin inkişafı ilə əlaqədar hələ də bu ölkədə sabitliyi bərpa etmək mümkün olmayıb.  İndi Qətər ətrafında yaranmış geosiyasi böhran müharibə müstəvisinə keçərsə, dağıdıcı bir fəlakətə gətirib çıxara bilər. Çünki həmin regionda Səudiyyə Ərəbistanı, İran, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər kimi güclü hərbi potensiala malik dövlətlərlə yanaşı, İŞİD, "Əl-Qaida”, "Cəbhət ən-Nüsrə”, ”Hizbullah”, "Həmas”, PKK, PYD kimi terror təşkilatları da mövcuddur. Üstəlik, belə bir silahlı qarşıdurma baş verərsə, prosesin döyüş meydanına çevrilmiş Suriyaya keçəcəyi qaçılmaz olacaq.

Yaxın və Orta Şərq üzrə ekspert Arif Kəskin hesab edir ki, mövcud böhranın müharibəyə çevrilməsi ehtimalı çox azdır. Çünki belə bir savaşın başlanmasının çox ağır nəticələri ola bilər: "Müharibə Səudiyyə Ərəbistanına belə, öz hədəfinə çatmağa kömək edə bilməz. Nə Amerika, nə Türkiyə belə bir müharibənin başlanmasını istəmir. Eyni zamanda, ABŞ İranla da müharibə istəmir. Barak Obama dönəmindən bəri amerikalılar müharibənin nə qədər ağır nəticə verdiyini yaxşı bilirlər. Amerika Suriyaya hərbi müdaxilə etmir. Hətta İranda rejim dəyişikliyini istədiklərini desələr də, bu məqsədə siyasi yolla çatmaq istəyirlər. Ona görə də Fars Körfəzində yeni müharibənin başlanması ehtimalı azdır.

Qətər irəli sürülən şərtləri yerinə yetirməsə, yenə də müharibənin başlanacağına inanmıram. Çünki Səudiyyə və Qətər arasında müharibənin baş verməsi dünya enerji bazarına mənfi təsir edə bilər. Həmçinin, dünyada neftin qiyməti qalxa bilər. Dünyadakı neft alıcıları belə bir vəziyyətin yaranmasını istəməz. Körfəzdəki vəziyyətə də mənfi təsir göstərər. Səudiyyə Ərəbistanı İranı zəiflətmək istəyir. Amma müharibə Səudiyyə Ərəbistanının özünü zəiflədər. Çünki Səudiyyə Ərəbistanının Qətərlə müharibəsi onu İran qarşısında zəif duruma sala bilər. Nəticədə İran bölgədə güclənər. Digər tərəfdən müharibə başlansa, Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri pozulacaq. Amerika da Qətərlə Səudiyyə Ərəbistanı arasında müharibə istəmir. Amma Qətərə qarşı sanksiyaları, siyasi təzyiqləri artıra bilərlər. Dünya müharibəyə hazır deyil və bunu istəmir”. 

Arif Kəskin onu da bildirdi ki, hərbi əməliyyatlar başlayarsa, Qətərə qarşı sanksiyaların tərəfdarı olan dövlətlərin heç də hamısı savaşa qoşulmayacaq. "Qətərə qarşı çıxan dövlətlərdən biri Misirdir. Misir həm siyasi, həm də iqtisadi cəhətdən çox çətin durumdadır. Yəni müharibənin Misirə nə xeyri ola bilər? Fikrimcə, müharibə ehtimalı Qətərə qarşı bir siyasi təzyiq vasitəsidir”.

Qeyd edək ki, "Fox News" telekanalının yaydığı məlumata görə, ABŞ administrasiyası Qətər ətrafında yaranmış böhranın həlli və ekstremizmlə mübarizənin intensivləşdirilməsi məqsədilə Vaşinqtonda ərəb dövlətlərinin liderlərinin sammitini keçirmək istəyir. Administrasiya ərəb ölkələri arasındakı mübahisənin aradan qaldırılması ilə bağlı bir neçə variant, o cümlədən, 1978-ci ildə Misirlə İsrail arasında sülhün əldə edilməsinə dair Kemp-Devid razılaşması kimi bir təklif irəli sürə bilər. 

Məsələyə münasibət bildirən Arif Kəskinin sözlərinə görə, ABŞ Qətər böhranı ilə bağlı konkret mövqeyə malik deyil. İndiyə qədər Qətər ətrafında yaranmış gərginliyin aradan qaldırlmasında ABŞ həlledici mövqe nümayiş etdirməyib. Ona görə də Vaşinqton sammitinin ciddi siyasi səmərəsinin olacağı real görünmür:

"Amerikalılar ortaya konkret mövqe qoyaraq bu günkü passiv mərhələdən aktivliyə keçmək istəyirlər. Problemi bu və ya digər şəkildə həll etmək niyyətindədirlər. Amerika da Qətərin xarici siyasətində müəyyən dəyişikliklərin olmasını istəyir. Onların mövqeyi Səudiyyə Ərəbistanı qədər sərt olmasa da Qətərdən bu dəyişikliyi istəyirlər. Yəni Qətər böhranını ABŞ-ın bölgədəki maraqlarına ziyan vurmadan nizamlamaq lazımdır. Amma Amerikanın buna nə qədər nail olacağını demək çətindir. Çünki bu problem ərəblərin öz arasında olan bir məsələdər. Həm də dərin problemdir. Baş verənlər göstərir ki, ərəb dövlətləri öz aralarında bir araya gəlməyincə, bu problemin həlli mümkün deyil. Qətərdən tələb olunanlar maksimum istəklərdir. Ona görə də Qətər bu şərtlərə əməl etməyəcək. Böhranın aradan qaldırlması üçün bütün tərəfləri məmnun edəcək maksimumdan minimuma doğru ortaq bir yol tapılmalıdr. Proseslərin hazırkı gedişinə baxdıqda, bu görünmür”. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları