Yuxarı

Qətərin taleyi həll olunur

Qətərin taleyi həll olunur

Vüqar Zifəroğlu: "Küveytin vasitəçiliyi iflasa uğradı”

Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətərə verilmiş müddətin başa çatması ilə əlaqədar ultimatum verib. Xatırladaq ki, 13 bənddən ibarət tələblərin yerinə yetirilməsi üçün iyulun 3-də Dohaya əlavə olaraq 48 saat əlavə vaxt verilmişdi. Artıq həmin müddət bitdiyi üçün anti-Qətər koalisiyasına daxil olan ölkələrin hansı addım atacağı diqqətlə izlənir. Ərəb ölkələrinin ultimatumunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl- Cübeyr Qətər rəhbərliyinə çatdırmaq üçün böhranın həllində vasitəçilik edən Küveytin xarici işlər naziri Məhəmməd Abdulla əl-Mubarak əs-Sabaha təqdim edib. 

Lakin rəsmi Doha ultimatumda irəli sürülən şərtləri yerinə yetirməkdən imtina edib. Qətər bu mövqeyini qoyulan tələblərin reallıqdan uzaq olması ilə əsaslandırıb. 

Qətərlə bağlı növbəti addımların nədən ibarət olacağı Misirin paytaxtı Qahirədə keçirilən toplantıdakı müzakirələrin nəticəsindən asılı olacaq. 

Onu da qeyd edək ki, Qətərin xarici işlər naziri Məhəmməd Əbdülrəhman əl-Tani irəli sürülən tələbləriə əməl edilməyəcəyini bildirsə də danışıqlara hazır olduğunu bəyan edib. Siyasi ekspertlərin fikrincə, anti-Qətər koalisiyasına daxil olan dövlətlərlə Doha arasında gərginliyi azaltmaq üçün şərtlərin yumşaldılmasına ehtiyac var. Qətərdən ilk növbədə, İranla bütün əlaqələrə son qoymaq, Türkiyə hərbi bazasının ölkə ərazisindən çıxarmaqı, "Əl-Cəzirə” telekanalının fəaliyyətinin dayandırmaq, terrorizmə dəstək verilməməsi, "HƏMAS” hərəkatına və "Müsəlman qardaşları” təşkilatlarına sığınacaq verməmək və s. tələb olunur. 

Qətərin ultimatumula razılaşmaması digər ərəb dövlətləri ilə müharibə ehtimalını gündəmə gətirib. Bir neçə gün öncə Qətərin müdafiə naziri də müharibəyə hazır olduqlarını bildirmişdi. Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri Müsaid bin İbrahim əs-Süleymin APA-ya açıqlamasında tələblərə əməl olunmayacağı təqdirdə, Qətərə qarşı sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq edib: "Biz ümid edirik ki, hər şey yaxşı olacaq və Qətər tələblərimizə müsbət cavab verəcək. Terrorçulara dəstəyin dayandırılması tələbi tək bir ölkənin tələbi deyil. Bu, bütün dünyanın tələbidir. Əgər tələblər yerinə yetirilməzsə, biz digər yollara əl atacağıq və bunların içərisində maliyyə sanksiyalarının tətbiqi də var. Biz çalışırıq ki, Qətər öz ziyanına işləyən bu məsələdən əl çəksin. Bu məsələ ölkənin dünyada təklənməsinə səbəb olur”. Siyasi ekspertlər müharibənin baş verəcəyini istisna edir və Qətərə qarşı başqa tədbirlərin görüləcəyini proqnozlaşdırır. Həmin ehtimallardan biri Qətərə qarşı çoxsaylı iqtisadi sanksiyaların tətbiq edilməsi, digəri isə bu ölkədə dövlət çevrilişinin həyata keçirilməsi ilə bağlıdır. Qeyd edək ki, Qətərin xüsusi xidmət orqanlarının xaricdə yaşayan general-mayoru Mənsur Mahmud bu yaxınlarda KİV-ə açıqlamasında Səudiyyə Ərəbistanının Şeyx Təmim bin Həmid əl-Tanini devirmək planı hazırladığını açıqlamışdı. Onun verdiyi məlumata görə, Ər-Riyad Qətər əmirinin yerinə Əl-Tani sülaləsindən dörd nəfər namizədlə gizli danışıq apararaq razılaşma əldə edib. 

Yaranmış situasiyanı şərh edən "Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu müharibənin baş verməyəcəyini deyir. Şərqşünas hesab edir ki, ərəb ölkələrinin hazırki dönəmdə biri-biri ilə olan münasibətlərini hərb meydanında açıq qarşıdurma səviyyəsinə daşımaları mümkün deyil:

 "Tərəflər sadəcə olaraq, maksimum şəkildə əllərində olan təzyiq alətlərindən yararlanmaqla biri-birilərinə qarşı irəli sürdükləri tələbləri ödəməyə çalışırlar. Bəli, Qətərin müdafiə naziri Xalid əl-Atiyyə ölkəsinin müdafiəyə hazır olduğunu bildirib. Lakin bu o demək deyil ki, 4 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn rəsmi Dohanı müharibə ilə sınağa çəkəcək. Bu müharibə tərəfərin heç birinə lazım deyil. Bildiyiniz kimi, Qətərə verdiyi vaxt iyulun 3-də başa çatsa da, müddət sonradan daha 48 saat uzadıldı. Bu 48 saat ərzində şübhəsiz ki, Amerikanın da vasitəçiliyi ilə müəyyən razılıqlar əldə ediləcək. Ən azı, danışıqlar prosesi daha bir müddət uzadılacaq. Bu zaman tərəflər arasında vasitəçi qismində neytral mövqedə qalan və hər iki tərəflə münasibətəri yaxşı olan ərəb ölkələri də qoşulacaq. Hazırda Küveytin timsalında biz bu vasitəçilik missiyasının uğurlu ifasını görməkdəyik”. 

Buna baxmayaraq, Vüqar Zifəroğlu qarşıduran tərəflərin kompromisə gedəcəyini istisna etmir. Yəni Qətərin bir sıra tələbləri yerinə yetirməsi böhranın aradan qalxmasına şərait yarada bilər: 

"Bildiyiniz kimi, 2013-cü və 2014-cü ildə adı çəkilən ölkələrlə Qətər arasında müəyyən razılıqlar əldə edilmişdi. Bu ilk növbədə həmin ərəb ölkələrinin terror təşkilatlarının liderləri olaraq tanıdıqları şəxslərə sığınacaq verilməməsini və həmin təşkilatlara yardımların dayandırılması ilə bağlı idi. Mümkündür ki, bu razılaşmalar təkrar yenilənsin və ora qarşı tərəfi öhdəliklərə əməl etməyə məcbur edəcək daha sərt şərtlər əlavə edilsin. Çünki diqqət etsək görərik ki, Səudiyyə koalisiyasını razı salmayan müəyyən hərəkatların maliyyələşdirilməsi və onlara sığınacaqların verilməsi ilə bağlı məsələlər tələblərin arasında əsas yer tutur. Başqa ciddi məqam İran faktorudur ki, bu məsələdə də Qətərin müəyyən güzəştlərə gedəcəyini ehtimal etmək olar. Lakin "əl-Cəzirə" kanalının yayımını dayandırması ilə bağlı tələbin reallaşacağını düşünmürəm. 

Bu telekanal faktiki olaraq, Yaxın Şərqin ən təsirli informasiya və analitik ruporuna çevrildiyi halda, belə bir silahdan imtina etmək, rəsmi Dohanı gələcək informasiya və təbliğat siyasətinin qurulmasında ciddi əngəllərlə qarşılaşdıra bilər. Sadəcə mümkündür ki, kanalın informasya siyasətinə müəyyən korrektələr edilsin. Xatırlayırsınızsa, Səudiyyə Ərəbistanı ilə Qətər arasında 2014-cü ildə baş vermiş gərginlik zamanı da ”Əl-Cəzirə" məsələsi gündəmdə idi və o zaman Qətərdən telekanalın məhz informasiya siyasətinin dəyişdirilməsi tələb edilmişdi. Kanalın "Müsəlman qardaşlar”a və ona yandaş olan qüvvələrə, eyni zamanda İran və onun dəstəkləyən hərəkatlara (məsələn, HƏMAS) efir vaxtı ayırması, şübhəsiz ki, qarşı tərəfin maraqlarına cavab vermir. Digər məsələlərlə bağlı tələblər isə ikinci dərəcəli hesab edilə bilər və əslində rəsmi Dohanın öz seçiminə buraxılır”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları