Yuxarı

Dünya düzənini dəyişə biləcək görüş

Dünya düzənini dəyişə biləcək görüş

Elman Nəsirov: "Görüş çox gərgin keçəcək"

ABŞ mediası prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşündə müzakirə edəcəyi məsələləri açıqlayıb. CNN telekanalının ABŞ prezidentinin administrasiyasındakı mənbəyə verdiyi məlumata görə prezidentlərin iyulun 7-də baş tutacaq ilk görüşündə əsas diqqət Ukrayna və Suriya münaqişələrinin həllinə ayrılacaq. Xüsusilə də Donald Tramp Vladimir Putinlə Rusiyanın Bəşər Əsədə dəstək verməsini və Ukraynadakı fəaliyyətini müzakirə etmək istəyir. 

Hələ iyun ayının sonunda Amerika KİV-ləri bəzi administrasiya nümayəndələrinin narahatlığına baxmayaraq, D.Trampın V.Putinlə görüşünün bütün rəsmi diplomatik qaydalara uyğun keçirmək istədiyi barədə xəbər yaymışdı. Trampın bu istəyi prezident administrasiyasının bəzi üzvlərinin etirazı ilə qarşılanıb. Onun bir çox nümayəndələri hesab edir ki, Vaşinqton Rusiya ilə məsafə saxladığı bir vaxtda dövlət başçısı şəxsən G-20 sammiti çərçivəsində Putinlə qeyri-rəsmi görüş keçirir. Prezident Tramp isə yaxın ətrafını inandırmağa çalışır ki, bu görüşdə Rusiya liderinə güzəştə getmək təklif etmək olar. İlk görüşdə müzakirə olunacaq məsələləri hazırlamaq ABŞ Milli Təhlükəsizlik Şurasına tapşırılıb. ABŞ-ın Rusiyaya edə biləcəyi mümkün güzəştləri sırasında Nyu-Yorkda və Merilenddəki diplomatik nümayəndəliklərini bərpa etməsinə icazə verilə bilər. Xatırladaq ki, həmin diplomatik korpuslar 2016-cı ilin sonunda Rusiyanın ABŞ-dakı prezident seçkilərinə kibermüdaxilələrin təşkilində və casusluq fəaliyyətində şübhəli bilinərək bağlanılmışdı. Ancaq Rusiyadan hansı güzəştlərin istəniləcəyi hələ məlum deyil. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə daha sərt danışaraq Moskvanın səbrinin tükəndiyini deyib.

Böyük Britaniyanın "The Guardian" qəzeti ABŞ və Rusiya prezidentlərinin görüşündən öncə Çin Xalq Respublikasının Ali Dövlət Şurasının Sədri Si Tszinpinin Moskvaya səfərinin təsadüf olmadığını yazır. Mənbə qeyd edir ki, Rusiya və Çinin dövlət başçıları Şimali Koreyanın nüvə və raket proqramı ətrafında artan gərginliyi birgə, dinc yolla həll etmək barədə bəyanat verib. Əslində Putinlə Tszinpinin bu gedişi siyasətdə təcrübəsi olmayan prezident Trampa qarşı birgə güc nümayiş etdirmək məqsədi daşıyır. Bütün bunlara baxmayaraq, siyasi ekspertlər ABŞ və Rusiya liderlərinin Hamburqda keçiriləcək görüşünün heç də asan olmayacağını proqnozlaşdırır. Yəni danışıqların səmərə verəcəyi inandırıcı görünmür. 

Millət vəkili, politoloq Elman Nəsirov hesab edir ki, Donald Trampın Vladimir Putinlə görüşdən imtina etməsi nəticə etibarilə onu Rusiya ilə məxfi əməkdaşlıqda ittiham edən tərəflərin xeyrinə işləmiş olar: 

"Hazırda Rusiya-ABŞ münasibətləri "soyuq müharibə" dövründə olmayan səviyyədə qəlizləşib. Xüsusilə, 2014-cü ildə baş vermiş Krım böhranından sonra mürəkkəbləşən qarşılıqlı münasibətlərin Donald Trampın prezident seçilməsindən sonra istiləşəcəyi ehtimal olunurdu. Ancaq bu münasibətlərin getdikcə gərginləşməsi müşahidə olunur. Ona görə də Rusiya və ABŞ prezidentlərinin görüşündə ikitərəfli münasibətlərin bu günü və gələcəyi müzakirə predmeti olacaq. Bundan başqa, hər iki dövlətin Suriya böhranı ilə bağlı məsələlərdə mövqeyi 180 dərəcə fərqlidir. Belə olan təqdirdə, Suriya böhranı ilə əlaqədar yaranmış vəziyyət ciddi müzakirə oluna bilər.

Ancaq belə nəhəng problemlə bağlı iki nəhəng fövqəldövlətin bir araya gəlməsi mümkün olacaqmı? Buna inanmaq çətindir. Mütəxəssislər bu barədə nikbin olmağa tələsmirlər. Onu da qeyd etmək lazımdır ki, hər iki prezident görüşdə hər iki məsələnin müzakirəsinə geniş vaxt ayırsalar bu, dövlət başçılarının mövcud problemlərin həllində maraqlı olduğunu göstərəcək. Yəni görüşün müddətindən çox şey asılıdır. ABŞ-da Donald Trampa qarşı Rusiya ilə gizli əlaqələr malik olması barədə ittihamların səsləndiyi və hətta prezidentin impişmenti məsələsinin qoyulduğu bir vaxtda Putinlə hansı razılaşmanın əldə olunması inandırıcı görünmür. Danışıqların çox gərgin keçəcəyi ilə bağlı əvvəlcədən proqnoz vermək mümkündür". 

Elman Nəsirov Tramp-Putin görüşündə İranla bağlı müzakirələrin də gündəmə gələcəyini mümkün hesab etmir. Rusiyanın Yaxın Şərqdə, əsasən də Suriyada İranla hərbi-siyasi müttəfiqlik etməsi Vaşinqtonu kifayət qədər narahat edir. Siyasi ekspertlərin rəyinə görə, son günlər ABŞ hərbi dəniz donanmasna məxsus gəmilərin yenidən Suriya sahillərinə yaxınlaşması əslində, Rusiyaya qarşı təzyiq məqsədi daşıyır. Birləşmiş Ştatlar Rusiyanın Suriya münaqişəsində İranla müttəfiqliyinə son qoymasını istəyir. Ancaq Rusiyanın indiki mərhələdə belə bir güzəştə gedəcəyi real görünmür. Ona görə də ABŞ və Rusiya prezidentlərinin görüşündə D.Trampın Yaxın Şərqdə terrorizmin mənbəyi hesab etdiyi İrana Kremlin dəstəyindən narahatlığını ifadə edəcəyi gözlənilir. 

Millət vəkili Elman Nəsirovun sözlərinə görə, İran məsələsi tərəflər arasında xüsusi müzakirə predmeti olmasa da Birləşmiş Ştatlar və Rusiyanın bu mövzuda mövqeyi fərqli olaraq qalır. 

Politoloq onu da bildirdi ki, Çinin dövlət rəhbərinin ABŞ prezidenti ilə görüş ərəfəsində Putinlə müzakirələr aparması Pekinlə Moskva arasında münasibətlərin yaxınlaşmasından xəbər verir: 

"Hər iki dövlətin ABŞ-la ciddi problemləri var. Donald Tramp hələ ötən il prezident seçilərsə Çinlə münasibətlərə yenidən baxacağını bəyan etmişdi və Çinin Amerikaya qarşı ticarət müharibəsi apardığını söyləmişdi. Bununla da Çinin ABŞ-ın daxili işlərinə qarışdığını bildirmişdi. Lakin sonradan prezident Trampın mövqeyində Çinə münasibətdə sərtlik müəyyən qədər aradan qalxdı və yumşalma baş verdi. Buna baxmayaraq rəsmi Pekin ABŞ-ın yeni administrasiyasının Çinlə bağlı siyasətində köklü dəyişiklik etmədiyinin fərqindədir. Yəni Çinə qarşı iqtisadi təzyiq mexanizmlərini qoruyub saxlayır. Bu reallıq da Rusiya ilə Çinin maraqlarının üst-üstə düşməsini şərtləndirir. ABŞ-ın təzyiqləri fonunda Rusiya ilə Çinin yaxınlaşması diqqətdən yayınmayan məsələlərdən biridir".

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları