Yuxarı

Kuznetsovun dili ilə danışan Kreml, yoxsa..?

Kuznetsovun dili ilə danışan Kreml, yoxsa..?

Zəlimxan Məmmədli: "2 yaşlı körpəni Rusiyanın silahı öldürüb”

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı bütün ictimaiyyətdə qəzəb yaradıb. Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutmasına və biri uşaq olmaqla iki nəfərin həlak olması faktına beynəlxalq ictimaiyyətin və ATƏT-in Minsk qrupu ölkələrindən müxtəlif reaksiyalar gəlib.

Bu açıqlamalar arasında rusiyalı tarixçi, erməni yalanları ilə bağlı çoxsaylı elmi araşdırmaların müəllifi Oleq Kuznetsovun çıxışı xüsusi diqqət çəkib. O, mediaya açıqlamasında bildirib ki, iki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq: "Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər. Çoxdandır ki, heç bir Dağlıq Qarabağ münaqişəsi yoxdur. Azərbaycanla Ermənistan arasında çoxillik müharibə var. Bu müharibənin günahkarı və əsas təcavüzkarı hamıya yaxşı məlumdur. Əgər müharibə gedirsə, onda onun qaçılmaz atributu təkcə döyüş meydanında hərbçilərin deyil, bir-birinə qarşı mübarizə aparanların artilleriya dueli nəticəsində cəbhəyanı ərazilərdə yaşayan dinc sakinlərin həlak olmasıdır.

Mümkündür ki, mənim sözlərim kiməsə qəribə gəlsin, lakin erməni hərbçiləri tərəfindən artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı azərbaycanlı qız və onun nənəsi mifik münaqişənin deyil, məhz tamamilə təbii müharibə qurbanlarıdır. Onların ölümünə görə məsuliyyət təkcə erməni əsgəri və zabitinin vicdanı üzərində deyil, həm də Dağlıq Qarabağ münaqişəsini ancaq nizamlamağa səy göstərən, lakin bununla belə Ermənistan-Azərbaycan müharibəsini heç cür dayandırmaq istəməyən çoxsaylı beynəlxalq vasitəçilərin vicdanı üzərinə düşür. Ona görə də, bu günahsız və bədbəxt müharibə qurbanlarının adi insani faciəsinin özündənrazı diplomat-məmurlarının ürəyinə toxunduğuna inanmıram.

Necə ki, onlara artıq neçə illərdir ki, Suriyada, İraqda, Əfqanıstanda və Ukraynanın cənub-şərqində yaşayanların gündəlik faciələri toxunmur. Orda da hər gün onlarla, hətta yüzlərlə dinc sakin ölür. Lakin onların ölümü artıq çoxdandır ki, statistika kimi qəbul olunur. Ona görə də, Azərbaycan xalqının qəmi ancaq onun özünə qalır. İki yaşlı qızın ölümü müharibəni dayandırmayacaq. Bu müharibəni ancaq Azərbaycan silahının tam qələbəsi dayandıra bilər. Nə qədər ki, bu baş verməyib, Dağlıq Qarabağda müharibə sonsuza qədər davam edəcək və bu müharibə təkcə hərbçilərin deyil, mülki insanların da həyatına son qoyacaq".

Maraqlıdır, Oleq Kuznetsovun bu açıqlaması Rusiyada hansısa diarələrin mövqeyi kimi qəbul edilə bilərmi?

Politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə açıqlamasında Oleq Kuznetsovun fikrilə razı olduğunu bildirib:

"Əgər torpağın işğal olunubsa, dinc əhalin qətlə yetirilirsə, münaqişəni yaradanlardan - Kremldən, Qərbdən problemin ədalətli həllini gözləməmək lazımdır. Beynəlxalq hüquqda silahı götürüb vətəni azad etmək ixtiyarın var. Əks halda zaman-zaman başına güllələr yağacaq. İndiki zamanda Rusiyanın Azərbaycanın haqq işinə dəstək verəcəyini gözləmirəm. Kimlərsə nəsə gözləyirsə, onlar bizə yenidən 37-ni yaşatmaq istəyən bir zehniyyətdir. Milli mücadilədə, istiqlal, M.Ə. Rəsulzadə yolunda olan insanlar fərqli düşünürlər. Onlar düşünürlər ki, Rusiya aqressiv dövlətdir. Bu gün o 2 yaşlı körpəni Rusiyanın silahı öldürüb. O körpəni Rusiyanın himayə etdiyi Ermənistan qoşunları öldürüb.

Bu gün o körpəni Azərbaycanın ərazisində Rusiyanın silah və siyasi dəstək verdiyi Ermənistan və Dağlıq Qarabağ separatçıları öldürüb. Bizim düşmənimiz Ermənistandan daha çox, onları himayə edib üstümüzə qısqıran Kremldir. Rusiya ağıllanmaq istəmir, demokratikləşmək istəmir, qorxu mənbəyi olaraq qalır. Düşmənləri Azərbaycanın üstünə qısqırdaraq müstəqillik yolundan döndərmək istəyir. Oleq Kuznetsov bizə ağıl öyrətmək gücündə deyil. Özümüz xalq olaraq bilirik ki, qan-qada ilə işğal olunmuş torpaqları sülh yolu ilə geri qaytarmağın tarixi yoxdur. Varsa, bir nümunə göstərsinlər. Zora zorla cavab vermək lazımdır. Odur ki, müharibə ilə, qoşunla yağı düşmənlər vətəndən qovulmalıdır. Bu, Azərbaycan xalqının, ordusunun, siyasi sisteminin müstəsna hüququdur”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları