Yuxarı

Dünya üçün Tramp təhlükəsi

Dünya üçün Tramp təhlükəsi

Natiq Miri: "Onun istənilən bir addımı gözlənilməz hərəkət kimi dünyanı çox çətin bir vəziyyətə sala bilər”

Dünya şöhrətli ingilis fizik Steven Haukinq ABŞ prezidenti Donald Trampın dünya üçün təhlükəli olduğunu deyib. Trampın iqlim dəyişikliyi məsələləri ilə bağlı Paris Razılaşmasından imtinasına münasibət bildirən fizik tək çıxış yolunun digər planetlərdə koloniyalar yaratmaq olduğunu  dilə gətirib. Onun sözlərinə görə, qısa müddət sonra iqlim dəyişikliyinə müdaxilə etmək mümkünsüz olacaq: 

"Trampın addımları dünyanı Venera kimi temperaturun 250 dərəcə olduğu, atmosferindən kimyəvi maddə yağışları yağan planetə çevirəcək. Əgər indi bu prosesin qarşısını almasaq, bizim və uşaqlarımızın həyatı təhlükə altında olacaq",- deyə fizik vurğulayıb. 

Maraqlıdır, fizik Trampı dünya üçün niyə təhlükəli hesab edir və bu cür açıqlama nəyə hesablanıb? 

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, məlum olduğu kimi Paris İqlim Razılaşması var və Tramp dönəminə qədər ABŞ da bu müqavilənin üzvü kimi bilavasitə çıxış edirdi:

 "Ancaq Tramp hakimiyyətə gələndən sonra bəyan etdi ki, ABŞ Paris Sazişindən çıxır. Əslində bu məsələni lazım olandan daha çox qabartdılar və Tramp leyhinə bir siyasi alət olaraq istifadə etməyə başladılar. Söhbət ondan gedir ki, dünənə qədər ortada bir nizam vardı və təkqütblü dünyaya nizam verən dövlət ABŞ idi. Bu gün nəinki bu münasibətlə çıxış edən alim, eləcə də Avropanın demək olar ki, ən güclü, qüdrətli ölkəsi olan Almaniya belə çaşqın vəziyyətdə qalıb. Artıq ABŞ-sız bundan sonra dünyanın necə idarə olunmasını bilmir. Sadəcə olaraq ənənəvi bir idarəolunmaz prosesindən tamamilə fərqli bir situasiya yarandığı üçün bu gün dünya şaşqın vəziyyətindədir”.

Politoloqun sözlərinə görə, alimin sözügedən açıqlaması o qədər də acınacaqlı məsələ deyil: 

"Ola bilsin ki, bu açıqlamanın içərisində hansısa siyasi məqamlar və siyasi maraqlar mövcuddur. Çünki düşünmürəm ki, ABŞ-ın təkcə Paris Sazişindən çıxması ilə dünya iqlimi tamamilə öz məhvərindən çıxıb dünyanı dağıdacaq. Təkcə bir sazişdən, bir insanın yalnışından dolayı dünya iqlimləri  dəyişmir. Bundan əlavə bu gün Tramp əleyhində qlobal səviyədə qarşıdurma, ona qarşı bir cəbhə açılıb. Təbii ki, bu proseslərin içərisində Trampın özünün də günahları az deyil. Ancaq əvvəlcədən də xəbərdarlıqlar olunurdu ki, Tramp biznesmendir. O, bir dövlət başçısı və geosiyasi hadisələri, situasiyaları anlamır. Onun istənilən bir addımı gözlənilməz hərəkət kimi dünyanı çox çətin bir vəziyyətə sala bilər. Bu gün dünya ictimaiyyəti qarşı-qarşıyadır. Bu vəziyyətdən şaşqın qalmaq əvəzinə, əksinə daha çox Trampı və Tramp Administrasiyasını tərbiyə etməyə dünya ictimaiyyəti qalxmalıdır. Alimin açıqlaması da demək olar ki, bu konteksdədir”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları