Yuxarı

Qərbdən Türkiyəyə qarşı təhlükəli plan

Qərbdən Türkiyəyə qarşı təhlükəli plan

Məhəmməd Əsədullazadə: "Bunun qarşısını birgə addımlarla yalnız İran, Türkiyə və İraq ala bilər”

Şimali İraq kürd muxtariyyəti Türkiyəyə qarşı növbəti dəfə ərazi iddiası ilə çıxış edib. Türkiyə mətbuatının yazdığına görə, muxtariyyətə aid telekanalın müstəqillik referendumu ilə əlaqədar aparılan kampaniya çərçivəsində təqdim etdiyi xəritə qalmaqal yaradıb. Xəritədə Türkiyənin cənub-şərqi vilayətləri də yer alıb. Qeyd edək ki, Müstəqil Kürdüstan muxtariyyətinin İraqdan ayrılmasını nəzərdə tutan referendum sentyabrın 25-nə təyin edilib. Nəzərə alaq ki, müstəqil Kürdüstanın yaradılması başda Türkiyə olmaqla, bölgə dövlətləri üçün ciddi təhlükə vəd edir. Bu haqda türk siyasiləri dəfələrlə bəyanatlar veriblər. 

Şimali İraq regional kürd muxtariyyətinin başçısı Məsud Bərzaninin müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Türkiyənin təhlükəsizliyi baxımından təhdid hesab olunur. Müstəqil Kürdüstanın yaradılması Türkiyənin bir neçə yerə bölünməsi kimi qiymətləndirirlir. Türkiyəyə qarşı aparılan "kürd” planı ABŞ və Avropanın maraqlı çərçivəsində dəyərləndirilir.

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ və Qərb Türkiyəyə qarşı 100 illik planını həyata keçirir: "ABŞ-ın İraqa müdaxiləsi nəticəsində Şimali İraqda yaradılan regional kürd muxtariyyəti, regionda yeni bir dövlətin yatadılmasının başlanğıcı idi. 2003-cü ildə Türkiyə regional kürd muxtariyyətinin yaradılmasının qətiyyətli şəkildə qarşısını ala bilərdi. Amma təəssüf ki, Türkiyə hakimiyyəti tərəfindən zamanla Ərbil muxtariyyətinin başçısı Məsud Bərzaniyə dəstək verilməsi, Ankarada rəsmi qarşılanmasına kimi dəstək ifadə olunurdu.

Bunun nə qədər Türkiyə üçün ziyanlı və milli təhlükəsizliyi üçün təhdid olduğunun fərqində idik. Kürd muxtariyyəti hazırda ABŞ-ın birbaşa dəstəyi ilə peşmərgə adlanan silahlı dəstələri və müasir silahlarla təchiz edilmiş orduya malikdir. İraqda yaradılan bu muxtariyyət təkcə Türkiyə üçün deyil, birbaşa Yaxın Şərq üçün bir təhdiddir. Tarixi Sevr müqaviləsinə əsasən regionda Kürd dövləti yaradılmalı və Türkiyənin cənub-şərq əraziləri yaradılacaq bu dövlətin tərkibinə qatılmalıdır. Göründüyü kimi ABŞ və Qərbin planı yüz il keçməsinə baxmayaraq hələ də masa üzərində qalmaqla Türkiyə əleyhinə "kürd kartı”nı icra edirlər”. 

"Kürd planının qarşısı alınmalıdır”

Politoloq əlavə edib ki, Kürd muxtariyyətinin əsas gəlir mənbəyi neftdir və neft kəməri Türkiyənin ərazisindən keçir: "Türkiyə Suriyada kürd muxtariyyətinin qarşısını alarsa, Ərbil yönətiminin müstəqillik arzusu yalnız kağız üzərində qala bilər. Ərbil regional yönətiminin Türkiyə ərazisinə iddia etməsində təəccüblü bir şey yoxdur. Zatən bu bəllidir və hədəf Türkiyə torpaqlarıdır. Ona görə də rəsmi Ankara Ərbilə qarşı iqtisadi-siyasi sanksiyalar tətbiq edib, mərkəzi Bağdad hakimiyyəti ilə əməkdaşlıq etməlidir. Müstəqillik referendumu ABŞ və Avropanın planıdır. Bunun qarşısını birgə addımlarla yalnız İran, Türkiyə və İraq ala bilər. Əgər birtərəfli şəkildə kürdlər müstəqillik əldə etsələr, bu yeni qarşıdurmaya və müharibəyə səbəb olacaq. Ərbil yönətimi İraq, Türkiyə və Suriya ərazisinə idfia edəcək, zamanla hərbi müdaxilə də bu və ya digər şəkildə terrorçu qrupları fəaliyyətə buraxacaq. 

Ona görə də Türkiyə belə bir referendumun qarşısını almalı, regionu gələcəkdə bürüyən xaosa imkan verməməlidir. Hesab edirəm ki, Ankara, Bağdad və Tehran üçlük əməkdaşlıq formatı yaradıb, ABŞ-ın sabitsizlik və "kürd planı”nın qarşısını almalıdır”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları