Yuxarı

FETÖ son akkordlarını vurur?

FETÖ son akkordlarını vurur?

Elçin Mirzəbəyli: "Türkiyə üçün FETÖ təhlükəsi artıq bitib”

Fətullah Gülənin rəhbərlik etdiyi təşkilatın Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümü yaxınlaşır. Çevriliş cəhdinin 1 illiyi ərəfəsində Türkiyə təhlükəsiz xidmətləri yenidən FETÖ üzvlərinin həbsinə başlayıb. Bir müddət öncə Ankara Baş Prokurorluğunun qərarı ilə Türkiyə Baş Nazirliyində FETÖ əməliyyatı çərçivəsində nazirlik və ona bağlı qurumlarda işləyən 43 nəfər haqqında saxlanma qərarı verilib. Saxlanılanlardan 6-nın hələ də iş başında olduğu, 37 nəfərin isə daha əvvəl işdən çıxarıldığı bildirilib. Prokurorluq rəsmiləri barəsində saxlanma qərarı çıxaranların hamısının FETÖ üzvlərinin əlaqə vasitəsi kimi istifadə etdiyi "Bylock” istifadəçisi olduğunu açıqlayır.

Əməliyyatlar indi də davam edir. Türkiyə mətbuatının xəbərinə görə, İstanbulun mərkəzində təhlükəsizlik gücləri iyulun 11-dən etibarən yenidən əməliyyatlara start verib. Əməliyyatlar nəticəsində saxlama qərarı çıxarılan və FETÖ-nun şifrəli proqramı "Bylock” istifadəçisi olduğu təsbit edilən 105 nəfərdən 52-si artıq saxlanılıb. Digər tərəfdən, Türkiyə polisinin Ankara "Turqut Özal Universiteti”ndə keçirdiyi əməliyyat zamanı aralarında akademiklərin də olduğu 40 nəfərin saxlanıldığı bildirilir. Qeyd edək ki, saxlanılanların hər biri "Bylock” istifadəçisidir. Saxlanılan haqqında hələ ki, həbs qərarı verilməyib.
Ekspertlər hesab edir ki, 15 iyul öncəsi həbslər daha da artacaq. Türkiyə hakimiyyətinin FETÖ terror təşkilatına qarşı apardığı mübarizənin gedişində bir sıra maraqlı faktlar açkara çıxıb. Belə ki, Türkiyə baş nazirinin müavini Nurəddin Canikli mətbuata açıqlamasında FETÖ terror təşkilatına məxsus 965 şirkətin müsadirə edildiyini və bu şirkətlərin ümumi dəyərinin 42 milyard türk lirəsi olduğu deyib. Əlavə olaraq, 46 min 952 FETÖ üzvünün "Bank Asiya”dakı hesablarının dondurulduğu da yayılan informasiyalar arasındadır. FETÖ üzvlərinin ümumilikdə 370 milyon türk lirəsi olduğu bildirilir.

Ümumiyyətlə, Fətullah Gülənin ümumi olaraq 200 milyard dollar kapitala nəzarət etdiyinə dair məlumatlar var. Nəzərə alsaq ki, Gülən Türkiyədən başqa bir çox dünya ölkələrində də fəaliyyət göstərir, bu rəqəm o qədər də təəccüblü görünmür. Fətullah Gülənin rəhbərlik etdiyi şəbəkə  əsasən təhsil sisteminə nüfuz edib və bu gün də bəzi ölkələrdə mövcudluğunu qoruyur.
Ekspertlər hesab edir ki, bu gün bir sıra ölkələrin dövlət qurumlarında FETÖ üzvləri var. 15 iyul ərəfəsində Türkiyədə adıçəkilən qurumlarda aparılan əməliyyatlar da prosesin davamlı olacağını söyləməyə əsas verir. Əməliyyatlar nəticəsində daha çox FETÖ üzvlərinin saxlanılacağı da istisna olunmur.

Siyasi-şərhçi Elçin Mirzəbəyli isə belə hesab edir ki, Türkiyə üçün FETÖ təhlükəsi artıq yoxdur.  "Cümhuriyət” qəzetinə açıqlamasında Türkiyə hakimiyyəti üçün bu təhlükənin  aradan qaldırıldığına diqqət çəkən şərhçi  "Türkiyədə FETÖ-yə qarşı aparılan proses uzun zamandır gedir və hökumətin bu məsələdə mövqeyinin qəti olduğu ortadadır” deyib. "Hesab edirəm ki, artıq FÖTÖ təşkilatının yaratdığı təhlükəni nəzərə alıb, bundan sonra Türkiyədə din üzərindən siyasət yürüdən bütün qrupların fəaliyyətinə diqqət yetiriləcək. Onların Türkiyə dövlətinin ayrı-ayrı strukturlarında yer almasına imkan verilməyəcək. Görünür, indi atılan addımlar da prosesin davamıdır. Nəticə etibarilə prosesin sona çatmış olduğunu düşünürəm. Yəqin ki, qısa müddətdən sonra FETÖ-nün Türkiyədə olan bütün əlaqələri, maraqları tam şəkildə sıradan çıxarılacaq. Qənaətimə görə, FETÖ təhlükəsi artıq bitib. Çünki FETÖ-nün fəaliyyət göstərməsindən əsas amil maliyyə qaynaqlarıdır. FETÖ-nün maliyyə qaynaqları isə tamamilə sıradan çıxarılıb və nəzarətə alınıb. Maliyyə olmadıqdan sonra isə təbii ki, onların fəaliyyət göstərməsi heç bir nəticə verməyəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları