Yuxarı

Rusiya açıq hücumda

Rusiya açıq hücumda

Sərdar Cəlaloğlu: "Moskva ilk növbədə Dağlıq Qarabağı işğal edib ilhaq edə bilər”

Ermənistanda fəaliyyət göstərən "ru.armeniansputnik.am” saytı Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti ilə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının İran ərazisindən Azərbaycanın dövlət sərhədinin yarılması cəhdinin qarşısının alınması ssenarisi üzrə birgə təlimlərin keçirilməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, Rusiya və Ermənistanın birgə təlimi İranla sərhəddə keçirib. Təlimlərdə İran - Ermənistan sərhədini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərində keçirildiyi qeyd olunub.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin direktoru ordu generalı Vladimir Kulişova rəsmi məktub göndərilib. Qeyd olunub ki, yaxın müddətdə məsələ ilə bağlı əlavə məlumat veriləcək. 

Təzyiqlərin pərdəarxası

"Birləşmiş Rusiya -Ermənistan ordusu”nun Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən təlimlərini ekspertlər ölkəmizə qarşı növbəti təzyiq kimi qiymətləndirir. Çünki bu birlik yaradılanda Moskvadan əmin etməyə çalışmışdılar ki, bu, sırf Ermənistanın dövlət təhlükəsizliyinin təmin olunması üçün nəzərdə tutulub, Dağlıq Qarabağ münaqişəsi üçün heç bir təsiri olmayacaq. Lakin görünən mənzərə daha fərlqi düşünməyə imkan yaradır. Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı "Ümumrusiya Azərbaycanlıları Konqresi”nin fəaliyyətinin dayandırılması ilə başlayan təzyiqlərin getdikcə daha kəskin hal alacağı istisna olunmurdu və bu isitqamətdə ehtimallar özünü doğrultdu. Hesab olunur ki, son zamanlarda Avropa İttifaqı ilə bir sıra görüşlər keçirən, sazişlər imzalayan rəsmi Bakının digər yandan NATO ilə əməkdaşlıqda maraqlı görünən mövqe sərgiləməsi Kremlin təzyiqlərinə rəvac verib. Moskvada hesab edə bilərlər ki, Qərb - Azərbaycan yaxınlaşması fonunda buradakı maraqları nəzərə alınmaya bilər. Əlbəttə, bu da böyük ölçüdə Rusiyanın Azərbaycanın siyasi dairələrindəki nüfuzunu məhdudlaşdıra bilər. Bu baxımdan ehtimal etmək olar ki, Rusiya yenidən "Qarabağ kartı”ndan istifadə edərək, Azərbaycanı silahla təhdid edir.

"Təhdidlər açıq müstəviyə keçəcək”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu "Cümhuriyət” qəzetinə bildirib ki, son zamanlarda Rusiyadan Azərbaycana qarşı beynəlxalq hüquqlara, MDB-nin əsasnaməsinə, həmçinin Rusiya və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr, eləcə də çoxillik münasibətlərin təbiətinə zidd, birtərəfli təzyiq kampaniyası sürətlə inkişaf etməyə başlayıb. Partiya sədri qeyd edib ki, bunu Rusiyanın açıq və üstüörtülü, Ermənistanla əməkdaşlığında açıq şəkildə görürük: 

"Rusiyanın son dönəmlərdə açıq formada hiss olunan anti-Azərbaycan siyasətində bir sıra məqamlar var. Keçən il Azərbaycan aprel ayında baş verən döyüşləri də Putinin müdaxiləsindən sonra dayandırdı. Azərbaycanın qlobal proseslərdə iştirakına da Rusiya mane olurdu. Amma indi Rusiya Azərbaycana qarşı açıq hücuma keçib. Görünən də budur ki, Azərbaycan hakimiyyəti Rusiya siyasətində dəyişiklik etmək istəyir. Qarşıdan gələn seçkilər üçün Rusiyanın maraqlarının nəzərə alınmaması ehtimalı rəsmi Moskvanı bəzi mesajlar verməyə vadar edib. Rusiya mesaj verir ki, onun maraqlarından kənar dəyişiklik olmasın”. 

"Rusiya Dağlıq Qarabağı özünə birləşdirə bilər”

Sərdar Cəlaloğlunun sözlərinə görə, Rusiyanın Azərbaycana təsirlərini azaltmaq istəyən qüvvələr öz iradələrini ortaya qoysalar, xarici siyasətdə dəyişiklik gözləniləndir: 

"Əgər bu baş verərsə, xarici siyasətdə yeni konyukturaya gətirib çıxara bilər, nəticədə Rusiya ilə münasibətlərə yenidən baxılması məsələsi gündəmə gələ bilər. Təbii ki, baş verənlər Azərbaycan üçün olduqca təhlükəlidir. Çünki Azərbaycanda "5-ci kolon”un çox güclü nümayəndələri var. Onlar həm Milli Məclisdə, həm də dövlət aparatlarında yerləşdiriliblər, yəni, Azərbaycan dövlətinə nəzarət etmək imkanları var. Əgər Azərbaycanda ciddi dəyişiklik olacaqsa, bu zaman əlində kifayət qədər hərbi, maliyyə, iqtisadi və s. resursları olan bu qüvvələr Rusiyanın təhriki ilə çox ciddi problemlər yaradacaqlar”. ADP sədri vurğulayıb ki, seçkilər yaxınlaşdıqca, Rusiyanın açıq formada Azərbaycanı təhdid edəcəyini gözləmək olar: "Daha ciddi proseslərə hazır olmalıyıq. Əgər hakimiyyət balanslaşdırılmış siyasətdən bitərəf siyasətə keçəcəksə, Azərbaycan çox ciddi kataklizmlərə hazır olmalıdır. Rusiya Gürcüstan və Ukraynada atdığı addımları Azərbaycana qarşı da ata bilər. Rusiya ilk növbədə Dağlıq Qarabağı işğal edib ilhaq edə bilər. Həmçinin başqa bir münaqişə ocağı da yarada və Azərbaycanı iqtisadi blokadaya ala bilər. Azərbaycan bu təhlükələri göz önünə almalıdır. Əks halda, ağır nəticələrlə qarşılaşacağıq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları