Yuxarı

Lidersiz və "paytaxtsız” İŞİD-in sonu gəldi?

Lidersiz və

Terror təhlükəsinin yayılacağı areal

Vüqar Zifəroğlu: "Terrorçular öz ölkələrinə qayıdacaq”

İraqın Mosul şəhərinin azad edilməsindən sonra İŞİD teror təşkilatı məğlub durumdadır. Qərbə doğru çəkilən İŞİD-ə Suriya istiqamətindən ABŞ və Rusiya Silahlı Qüvvələri ağır zərbələr endirir. Dünyanı təşvişə salan terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi Rusiyanın aviazərbələri nəticəsində məhv edilib. İŞİD üçün strateji əhəmiyyət kəsb edən Raqqa, Mosul və Əl-Bab şəhərləri azad edilib. İŞİD yaraqlılarının Suriyaya çəkilməsi onların məhv edilməsi üçün əlverişli imkan yaradır. Ona görə də siyasi müşahidəçilər terrorçuların hansı istiqamətdə hərəkət edəcəyi üzərində təhlillər aparır. 

"Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, İŞİD-in gələcək taleyi ilə bağlı bir neçə ssenari mövcuddur. İlkin ehtimal İŞİD-in tərkibində döyüşən və pərakəndə duruma düşmüş terrorçuların müxtəlif ölkələrin ərazisinə yayılmasıdır: "Terrorçuların vətəndaşı olduqları ölkələrə qayıtması gözlənilir. Bu da ciddi problemldir. Yəni, onlar öz ölkələrinə döndükdən sonra müəyyən fəsadların, problemlərin meydana çıxması qorxusu var. 

İkincisi, Yaxın Şərqdə fəaliyyət göstərən terror təşkilatlarının genezisi ilə bağlıdır. İŞİD-in məğlub edilməsi hələ terrorizm probleminin kökündən həll olunması demək deyil. İŞİD-in yerini başqa bir terror təşkilatı tuta bilər. Biz bunu "Taliban” hərəkatının yerini "Əl-Qaidə”nin tutmasında gördük. "Əl-Qaidə” zəiflədikdən sonra İŞİD meydana gəldi. İŞİD məğlub olduqdan sonra onu hansı terror təşkilatının əvəz edəcəyini hazırda söyləmək çətindir. Düşünürəm ki, hazırda endirilən zərbələr İŞİD-i gücdən salsa da, bu, problemin həll olunması anlamına gəlmir. Bunu bölgə dövlətləri özləri də anlayırlar.

Həm Mosul, həm Raqqa üzərinə hücumlarda həmin dövlətlərin fəaliyyəti müəyyən qədər koordinasiya edilir. Ancaq etiraf etmək lazımdır ki, həmin terror təşkilatlarının yaranmasında bölgədə marağı olan supergüclərin iştirakı olub. Bu maraqlar uzlaşmaya meyilli olmadıqca və toqquşmaqda davam etdikcə, biz Yaxın Şərqdə bu cür təşkilatların fəaliyyətinin şahidi olacağıq. Son iki-üç ilin təcrübəsi göstərdi ki, bu dağıdıcı, təhlükəli fəaliyyət yalnız Yaxın Şərqlə məhdudlaşmayacaq. Türkiyədə, Fransada, Belçikada baş verən terror aktları bunu bir daha sübut etdi”. 

Lakin Vüqar Zifəroğlu Yaxın Şərqdə müstəqil kürd dövlətinin qurulması üçün qısa müddətdə İŞİD-in ləğv ediləcəyi barədə proqnozları real saymır. Onun sözlərinə görə, 1990-cı illərdən başlanan terrorizm hərəkatı müxtəlif silahlı qrupların bir-birini əvəz etməsi ilə müşahidə olunur: "Kürdüstan məsələsi ilə bağlı ortada razılaşma yoxdur. İraq Kürd Muxtariyyəti sentyabrda müstəqillik referendumunu keçirəcəyini elan edib. Amma müstəqil kürd dövlətinin yaradılması kürd idarəetmə orqanlarının özünə sərf edirmi? Bütün bunlar mübahisəli məsələlərdir. Ümumiyyətlə, referendumdan sonra Kürdüstanın özünün yaradılması prosesi kifayət qədər ağrılı keçəcək. Mənə elə gəlir ki, burada başqa terror təşkilatlarının passivləşməsinin deyil, fəallaşmasının şahidi ola bilərik. Çünki region ölkələri müstəqil Kürdüstan adlı dövlətin yaradılmasında maraqlı deyil. Söhbət Türkiyədən, İrandan, ərəb ölkələrindən gedir. Ərəb ölkələri İraqın və Suriyanın ərazisində yeni dövlətlərin yaranmasında maraqlı deyil. Üstəlik, burada Türkiyə və İran amili var”. 

Şərqşünas onu da bildirdi ki, İŞİD-in tərkibində döyüşən Azərbaycan vətəndaşlarının geri dönməsi təhlükəsi artmaqdadır. 

Eyni zamanda, Şimali Qafqazdan və Mərkəzi Asiyadan olan terrorçular da öz ölkələrinə dönmək üçün Azərbaycan ərazisindən istifadə etməyə çalışa bilər. V.Zifəroğlu yaranmış təhlükənin qarşısının alınmasının Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanlarının fəaliyyətindən asılı olduğunu deyib. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları