Yuxarı

İranda "Suriya ssenarisi”

İranda

Elşən Manafov: "Hadisələr ABŞ-ın Yaxın Şərqlə bağlı planının son mərhələsidir”

İranın Sistan-Bəlucistan əyalətində, Pakistanla sərhəddə İran İslam İnqilabı Keşikçiləri Korpusu (İRGC) ilə terrorçu qruplaşma arasında silahlı toqquşma olub. Məlumata görə, terrorçu qruplaşma Pakistan ərazisindən İranın sərhədini atəşə tutub və nəticədə 2 nəfər həlak olub. İran tərəfinin açdığı cavab atəşi nəticəsində 1 terrorçu öldürülüb 2-si isə yaralanıb. İran ərazilərinə keçən terrorçuların isə hansı qruplaşma olduğu hələ də məlum deyil. İran tərəfi isə bu haqda heç bir rəsmi məlumat yaymayıb. Ancaq ekspertlər hesab edir ki, İranda peyda olan terrorçular Suriya ərazisindən sıxışdırılan İŞİD-çilərdir. 

Təbii ki, İran Azərbaycanla sərhəd dövlətdir və İranda baş verən proseslər Azərbaycana da təsirsiz ötüşmür. Azərbaycanın cənub qonşusunda baş verə biləcək proseslər bizə də problemlər yarada bilərmi?

Politoloq Elşən Manafov "Cümhuriyət”ə açıqlamasında İranda baş verən son hadisələrin ABŞ-ın Yaxın Şərqlə bağlı planının son mərhələsi olduğunu deyib: 

"Tramp özü də prezident seçkiləri ərəfəsində İranla münasibətlərə yenidən baxacağını demiş, özəlliklə Tehranın  İranın nüvə çalışmaları ilə bağlı mövqeyindən  məmnun olmadığını bəyan etmişdi. Tramp prezident seçildikdən sonra ABŞ və İran münasibətlərində müşahidə olunan gərginlik bu sözləri deməyə tam şəkildə əsas verir. Digər tərəfdən bir müddət öncə də İranda terror hadisələri yaşanırdı. Qeyd edim ki, İran müsəlman dünyasının terror kontekstində ən sabit ölkələrindən biri sayılırdı. Amma bir ay öncə İran parlamentində, Qum şəhərində ən müqəddəs ziyarətgahların birində baş verən terror hadisələri göstərdi ki, İranın özü də artıq beynəlxalq terror şəbəkəsinin hədəfindədir. Məlumdur ki, bu hədəfi müəyyənləşdirənlər də məhz İŞİD-in arxasında dayanan qüvvələrdir. ABŞ prezidenti Tramp İŞİD lideri Bağdadinin ölmədiyini, sağ ola biləcəyini bəyan edib. Bu gün də yayılan məlumatlar göstərir ki, Bağdadi sağdır. Belə çıxır ki, ABŞ kəşfiyyatında İŞİD lideri ilə bağlı doğru məlumatlar var. Bu da onu göstərir ki, İŞİD ABŞ xüsusi xidmət orqanları ilə əlaqələrə malikdir”.

Politoloq hesab edir ki, İran kifayət qədər güclü dövlətdir və Suriya proseslərinin İranda yaşanması mümkün deyil:

 "Pakistan Azərbaycana birmənalı şəkildə xoş münasibət bəsləyən dövlətdir. Azərbaycanla strateji müttəfiqdir və Ermənistanı terrorçu dövlət olaraq tanıyır.  İslamabad Azərbaycanın Ermənistanla mübarizəsində daim yanında olacağını dəfələrlə bəyan edib. Ancaq unutmaq lazım deyil ki, Pakistan özü də terrora məruz qalan dövlətdir və bu daha çox İŞİD-in mövqeyi ilə bağlıdır. Qeyd edim ki, ABŞ-ın Əfqanıstan layihəsində müxalifləri silahlandıran  məhz Pakistanın o zamankı iqtidarı oldu. Bu baxımdan Pakistan ərazisindən İrana terrorçuların keçməsi onu göstərir ki, əslində İrana qarşı məşhur "Anakonda” əməliyyatının keçirilməsi son mərhələsinə daxil olub. 

Bəllidir ki, "Hizbullah”ın Suriya məsələsində məlum mövqeyi və fəaliyyəti olmasaydı, Əsəd rejimi uzun müddət duruş gətirə bilməzdi. Bu mənada Suriya rejimini devirmək, ABŞ-ın geosiyasi maraqlarına cavab verəcək dövlət yaratmaq və Kürdüstanla bağlı layihəni gerçəkləşdirmək üçün İran rejiminin çökdürülməsi nəzərdə tutulub. Hesab edirəm ki, İran kifayət qədər güclü bir dövlətdir. İranla bu sayaq hərəkətlər təbii ki, Suriya və İraqda baş verənlər kimi effekt verməyəcək. İran cəmiyyəti hər halda Suriya ilə müqayisədə monolit təsir bağışlayır. Bunun İranda keçirilən son prezident seçkiləri də göstərdi. İranda korrupsiyaya qarşı mübarizə də digər islam dövlətləri ilə müqayisədə kifayət qədər fərqlidir. Hətta son günlərdə İran prezidentinin qardaşının həbs olunması xəbərləri göstərir ki, İranda korrupsiyaya qarşı mübarizə Ərəb ölkələri kimi deyil. Buna görə İranı daxildən sarsıtmaq üçün ciddi əsaslar yoxdur”.

Elşən Manafovun fikrincə, İranda baş verənlər Azərbaycana da təsirsiz ötüşməyəcək: 
"Düşünürəm ki, İranda terrorun yayılması nəinki Azərbaycana, digər qonşu dövlətlərə və Yaxın Şərq ölkələrinə ciddi təsir göstərəcək. Hər bir halda Azərbaycan dövləti də, xalqı da İranda terrorun baş verməməsinə həssaslıqla yanaşır. Azərbaycan prezidenti dəfələrlə İranda baş verən terror hadisələrinə münasibət bildirərək baş vermiş hadisələri tənqid edib. Azərbaycan dövlətinin mövqeyi isə hər kəsə bəllidir. Terror harada baş verirsə, versin, Azərbaycan bütün zamanlarda terrora qarşı mübarizə edən dövlətlərin sırasında olub”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları