Yuxarı

Rusiya-Türkiyə məxfi anlaşması

Rusiya-Türkiyə məxfi anlaşması

Sülhəddin Əkbər: "Türkiyə bu raketlərin texnologiyasını üçüncü ölkəyə verməmək barədə öhdəlik götürməlidir”

Suriyada müharibənin başlanılmasından sonra hava hücumundan müdafiə sisteminə ehtiyacı yaranan Türkiyə bu problemin həllinə yaxınlaşıb. Xəbər verildiyi kimi, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 batareyadan ibarət "S-400” zenit-raket kompleksi almaq barədə barədə razılığa gəlib. Bir müddətdir Ankara ilə Moskva arasında aparılan danışıqların yekunlaşdığı bildirlir. Texniki məsələlərə dair razılaşma əldə edilib və 2,5 mlrd. dollar dəyərində 4 raket batareyasının satılmasına dair müqavilə barədə ilkin razılaşma əldə edilib.

Qeyd edək ki, NATO-nun Türkiyəyə hava hücumundan müdafiə sistemləri verməkdən imtina etməsi, Ankaranı bu blokun hərbi-siyasi rəqiblərinə üz tutmağa vadar edib. Son illər Türkiyənin NATO-dakı müttəfiqləri ilə münasibətlərində gərginliyin yaranmasının əsas səbəblərindən biri də məhz HHM sistemlərini ala bilməməsi ilə bağlıdır. 2012-ci ildə Almaniya İranın orta mənzilli raketlərindən müdafiə məqsədilə Türkiyənin Malatya bölgəsində 4 batareya "Patriot” sistemləri quraşdırsa da sonradan onları geri qaytardı. Türkiyənin "Patriot” RMS-lərinə ciddi ehtiyacı yaranmasına baxmayaraq, həmin qurğuların əldə edilməsi ilə bağlı Ankara və NATO arasında gedən danışıqlar nəticə vermədi. ABŞ şirkəti Türkiyəyə "Patriot” qanadlı raketləri ilə təchiz olunmuş bir batareyanı dörd milyard dollara təklif edib. Bundan başqa şirkət raketin texnologiyasını Türkiyəyə verməyə razı olmayıb. Türkiyə bir batareyanı özü almaq, digər üçünü isə ABŞ şirkəti ilə birlikdə istehsal etmək və bu sahədə birgə layihələr həyata keçirmək istəyib. Lakin Amerika tərəfi bunu qəbul etməyib. Onlar yalnız satmağı təklif ediblər. Vaşinqton Senatın razılığı olmadan belə bir texnologiyanı verə bilməyəcəyini əsas gətirir. Ona görə də Türkiyə 300 döyüş bağlığından ibarət 4 batareya "Patriot” sistemlərini almaqdan inmtina edib. 

Sonra Türkiyə Fransa və İtaliyanın "Eurosam” konsorsiumunun istehsal etdiyi uzaq və orta mənzilli raketlərdən müdafiə məqsədilə istifadə olunan "Aster SAMP/T” sistemlərini əldə etmək üçün müraciət edib. Fransa tərəfi uzun müddət aparılan danışıqlardan sonra Türkiyəyə 3,8 milyard dollar dəyərində 4 raket batareyası satmağa razılıq verib. Fransızlar həmin RMS-ləri Türkiyəyə dəyərini 50 aya ödəməklə verməyə hazırdır. Lakin sözügedən sistemlərin texnologiyasını vermək barədə tərəflər razılığa gələ bilməyəndə Türkiyə Çinə üz tutmalı oldu. Ankara Çindən dünyanın çox nadir ölkələrində olan "FD-2000” RMS-lərini almaq və bir istehsalını həyata keçirmək istəyini bildirib. Lakin Çin və Türkiyə arasında xeyli müddət davam edən danışıqlar nəticəsiz başa çatıb. 

Nəhayət, Rusiya ilə aparılan müzakirələrin müsbət nəticə verdiyi bildirilir. Qeyd edək ki, Rusiya "S-400” ZRK-ni yalnız Çinə satıb. Yəni Türkiyə iki batareyasında 240 raket-döyüş başlığı olan çoxfunksiyalı "S-400” RMS-ini Çindən sonra almış ikinci ölkə olacaq. Lakin Türkiyənin hərbi balansında olan "S-400” raketləri NATO sistemlərinə uyğun olmadığından ondan istifadə edilməsi məsələsi açıq qalır. Ötən həftə bu barədə mövqeyini bildirən ABŞ-ın müdafiə naziri Ceyms Mətts Türkiyənin aldığı "S-400”- lərin NATO standartlarına uyğun gəlmədiyinə görə operativ olmayacağını deyib. Ekspertlərin fikrincə, Rusiya həmin raketlərin istehsalı və istifadəsi üçün lazım olan xüsusi kodları Türkiyəyə verəcəyi şübhə doğurur. Ona görə də Moskva bu sistemlərin texnologiyasını satmasa, rus hərbçiləri Türkiyə ərazisində adıçəkilən raketlərin istehsalı və istifadəsinə özləri nəzarət etməlidir. Türkiyə isə NATO üzvü olduğundan Rusiya hərbçilərinin bu ölkənin ərazisində RMS qurmaq üçün fəaliyyət göstərməsi inandırıcı görünmür. Türkiyə medasının yazdığına görə isə Rusiya bu texnologiyanı verməyə razılaşıb. "S-400”lərin birinci batareyası 2,5 il ərzində Türkiyə ərazisinə gətirilərək quraşdırılacaq. İkinci batareyanın əksər hissəsi bir il ərzində Türkiyə ərazsində istehsal olunacaq. Digər batareyalar isə Türkiyə ərazisində quraşdırılmış obyektlərdə birgə texnologiyalar və layihələr əsasında istehsal ediləcək. Müqavilənin maliyyə xərcinin böyük hissəsi Rusiya tərəfinin verdiyi kredit hesabına ödəniləcək. Rusiya hərbi dairələrindən alınan məlumata görə, bu məqsədlə Moskva Ankaraya 1,5 milyard dollar kredit ayırıb. Xatırladaq ki, "Blioomberg” agentliyi "S-400” ZRK-nin Türkiyənin Ermənistan, Yunanıstanla sərhəddə və Egey dənizi sahilində yerləşdirəcəyinə dair məlumat yayıb. 

Məsələni "Cümhuriyət”ə şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, "S-400” raketlərinin alınmasına dair Türkiyə ilə Rusiya arasında yekun müqavilə yoxdur. İkitərəfli danışıqlarda müəyyən irəliləyişlər olsa da tam başa çatmayıb: 

"Amma eyni zamanda, Türkiyə, Fransa və İtaliya da birgə razılaşma əldə ediblər. Həmin razılaşmaya NATO da dəstək verib. Ola bilsin ki, "S-400”raketləri ilə bağlı danışıqlardan Fransa və İtaliya ilə daha sərfəli müqavilə imzalamaq üçün taktiki məqsədlərlə istifadə edir. Eyni zamanda, Türkiyə hava və raket hücumundan müdafiə ilə bağlı öz milli istehsalını qurmaq istəyir. Ona görə də bir tərəfdən NATO üzvü olan Fransa və İtaliya ilə birgə istehsala başlamaq niyyətindədir. Digər tərəfdən isə Rusiyadan 4 batareya "S-400” raketləri almaq barədə danışıqlar aparır. Mətbuatda gedən məlumatlara görə, onun ikisinin istehsalı da Türkiyədə həyata keçirilməlidir. Türkiyənin məqsədi hava və raket hücumundan müdafiə sistemləri sahəsində milli istehsalı təşkil etmək və gələcəkdə bu sahədə müstəqillik əldə etməkdir. 

Orta və uzun müddətdə Türkiyənin strategiyası məlumdur. Burada uyuşmazlıq NATO və Rusiya sistemləri arasında özünü göstərir. Lakin Türkiyə "S-400” sistemlərini NATO-ya uyğun sistemlərə inteqrasiya etməyə də bilər. Yalnız NATO-ya uyğun sistemləri inteqrasiya edə bilər. Bununla da özünün bütün hava məkanını tamamilə qapatmış olar. Onu da qeyd etmək lazımdır ki, NATO-dan alınmış sistemlər Rusiyaya, NATO-dan alınmış sistemlər isə bu ölkələrin özünə qarşı istfadə oluna bilməz. Ona görə də Türkiyə raket hücumundan və hava hücumundan müdafiə ilə bağlı milli istehsalını təşkil edənə qədər bu ikili siyasəti aparmağa məcburdur”. 

Sülhəddin Əkbər onu da bildirdi ki, "S-400” raketlərinin texnologiyasını strateji müttəfiqlərinə verməyən Rusiyanın NATO üzvü olan Türkiyəyə satması inandırıcı görünmür. Çünki NATO ilə hər hansı hərbi qarşıdurma yaranarsa, həmin raketlər Rusiyaya və onun müttəfiqlərinə qarşı istifadə oluna bilər:

"Ona görə də yəqin ki, Rusiya ilə Türkiyə arasındakı müqavilədə əsas şərtlərdən biri də bununla bağlı olacaq. Ümumiyyətlə, bu danışıqların nəticəsini gözləmək lazımdır. Yekun anlaşma baş tutacaqsa, həm Rusiya, həm Türkiyə tərəfin öz şərtləri olacaq. Türkiyə bu raketlərin texnologiyasını öz müttəfiqlərinə və üçüncü ölkəyə verməmək barədə öhdəlik götürməlidir. Bununla bağlı açıqlanmayan gizli protokollar imzalanacaq ”.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları