Yuxarı

Ermənistan rus əyalətinə çevrilir

Ermənistan rus əyalətinə çevrilir

Natiq Miri: "Ermənistan özünün iqtisadi, siyasi, hərbi yöndə bütün müstəqilliklərini  Rusiyaya təhvil verib”

Xəbər verildiyi kimi Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan hakimiyyətinə respublika qanunvericiliyində rus dili üçün rəsmi statusun təsbit olunmasını təklif edib.Spiker bu təklifi Ermənistan qarşısında şərt kimi qoyub və Ermənistanın Rusiyanın bir əyalətinə çevrilməyincə məsələdən yan keçməyəcəklərinə işarə edib. O, deyib ki, Ermənistanda rus dilinin rəsmi status qazanması milli sürücülük vəsiqələrinin Rusiya ərazisində tanınmasına yardım edəcək. 

Volodin 2017-ci il iyunun 1-dən Rusiyada xarici sürücülük vəsiqələri ilə sürücülərə ölkə ərazisində fəaliyyət göstərməyi qadağan edən qanunun qüvvəyə minməsini əsas gətirərək rus dilini rəsmi dil olaraq qanunvericilikdə təsbit edilməsini təklif edib: "Rus dilinin rəsmi dil olaraq qanunvericilikdə təsbit olunması ilə ancaq o zaman qanun norması Ermənistan Respublikasını da əhatə edəcək” deyə, V.Volodin Ermənistan Milli Məclisinin sədri Ara Babloyan ilə görüşündə bildirib.

Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov isə qeyd olunan məsələ ilə bağlı Rusiya Dövlət Dumasının spikerinin təklifinə cavab verib. O, deyib ki, Ermənistan rus dilinin öz ölkələrində rəsmi status qazanmasına imkan verməyəcək: "Ermənistan Respublikası rus dilinə rəsmi statusun təmin etməsi və sürücülük lisenziya problemini həll etmək niyyətində deyil. Ölkəmizdə, yalnız rəsmi dil erməni dilidir və bu konstitusiya normasıdır” deyə o, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin bəyanatını şərh edərkən bildirib.Maraqlıdır, Ermənistanın sözügedən təklifdən imtina edəcək gücdədirmi?

Siyasi məsələlər üzrə şərhçi Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, əslində bu gün Rusiya öz imperiya siyasətini öz əhatə dairəsi, "arxa bağçası” saydığı postsovet ölkələrdə və müəyyən geosiyasi hadisələr çərçivəsində qəbul elətdirir: "Dağlıq Qarabağ hadisəsi də əslində Rusiyanın bu cür təzyiq mexanizmlərindən, başlıca vəzifələrindən biridir. Məlumdur ki, Dağlıq Qarabağ prosesi hələlik hərbi toqquşmaya  keçməsə də cəbhə xəttində çox ciddi bir atəşkəs pozuntusu var və gərginlik müşahidə olunur. Belə bir vəziyyətdə münaqişə tərəfləri ciddi surətdə silahlanmaq məcburiyyəti ilə üzləşirlər.Rusiya da məhz Dağlıq Qarabağ prosesindən manipulyasiya etməklə həm maddi cəhətdən qazanır, həm də öz təsir imkanlarını münaqişə tərəflərinə, region ölkələrinə saxlayır.

Bu gün Rusiya çox ciddi mənada bu cür manipulyasiya etməklə, Azərbaycana və Ermənistana təzyiqlər edir.Paralel olaraq öz silahlarını satır, həm də prosesi öz nəzarəti altında saxlamağı bacarır.Belə bir vəziyyətdə Ermənistan təbii ki, Azərbaycanla addımlaya bilmədiyi üçün zaman-zaman güzəştə getmək məcburiyyətilə üzləşir.Bu gün rus dilinin Ermənistanda dövlət dili olaraq qəbul olunması da Rusiyanın bu imperiya siyasətinin tərkib hissəsi olaraq qəbul edilməlidir.Artıq bu günə qədər Ermənistan özünün iqtisadi, siyasi, hərbi yöndə bütün müstəqilliklərini demək olar ki, Rusiyaya təhvil verib.Ona görə də Ermənistanın bütün siyasi çevrələri də etiraf edir ki, müasir Ermənistan demək olar ki, Rusiyanın vassalına çevrilib, bir rus əyalətindən seçilmir.Yeganə olaraq bu gün Ermənistanda Rusiyanın rus dilinin dövlət dili olmasıdır ki, bu da Azərbaycanın hərbi təzyiqləri fonunda Ermənistan geri çəkildiyi təqdirdə məcburi vəziyyətdə bunu da qəbul edəcək.Yəni Volodinin dedikləri qətiyyən təsadüfi deyil”.

Politoloqun sözlərinə görə, bir tərəfdən Azərbaycanın hərbi qüdrətini Ermənistana göstərməklə, digər tərəfdən isə bunun çıxış yollarını Ermənistana aşılayırlar: "Ermənistan da hesab edirəm ki, çox yaxın zamanda ən azından Azərbaycan təhlükəsindən sığortalanmaq üçün əvvəllər hərbi, siyasi, iqtisadi yöndə etdiyi güzəştlərin növbətçisi kimi bu dəfə də rus dilini dövlət dili olaraq qəbul edəcək. Bununla da artıq Ermənistan dövləti yalnız xəritədə və sözdə mövcud olacaq.Ona görə də bütün baş verən prosesləri bu şəkildə dəyərləndirmək lazımdır.Azərbaycan dövləti Rusiyanın moderatorluğu altında Dağlıq Qarabağa dair danışıqlar prosesinin aparılmasına imkan verməməlidir.Əgər imkan verilirsə, bu həm Azərbaycan dövlətinin aldanması, həm də Azərbaycan ictimaiyyətinin aldadılması deməkdir.Çünki Rusiyanın nəzarəti altında Dağlıq Qarabağ problemi heç bir zaman həll oluna bilməz”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları