Yuxarı

Rusiyadan təhlükəli Qarabağ planı

Rusiyadan təhlükəli Qarabağ planı

Əli Əliyev: "Rusiya referendum məsələsini Azərbaycana qəbul etdirmək istəyir”

Nadir Qocabəyli: "Sarkisyan da buna hazır idi”

Rusiyada işğal edilmiş Azərbaycan ərazilərinin geri qaytarılması məsələsi yenidən gündəmə gəlib."Cümhuriyət” qəzeti xəbər verir ki, Kremlin ideoloqlarından sayılan, məşhur politoloq Aleksandr Duqin Ermənistan - Azərbaycan münaqişəsinin (Dağlıq Qarabağ) həll prosesində yeni dönəmin başladığını bildirib. O, hesab edir ki, müsbətə doğru inkişaf edən Rusiya - Azərbaycan münasibətləri həll prosesinə təkan verə bilər. Duqin qeyd edib ki, postsovet məkanında ərazi bütövlüyünü qorumaq istəyənlər Rusiya ilə strateji əlaqələrini balanslaşdırılmış şəkildə qurmalıdır.Politoloqun sözlərinə görə, münaqişənin həlli ilə bağlı ən real variant Dağlıq Qarabağın tərkibinə daxil olan 5 rayonun Azərbaycana geri qaytarılmasıdır.Duqin həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün zəmanətçisidir, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu, Rusiyanın siyasi mövqeyidir.

Duqinin sözlərinə görə, Rusiya ilə Azərbaycanın münasibətləri Gürcüstanla Rusiya arasındakı münasibətlər qədər çətin olmasa da, həmişə belə alınırdı ki, Rusiya Ermənistanın, Azərbaycan isə Avropanın yanında olurdu. O, bu vəziyyətin getdikcə dəyişdiyini istisna etməyib: "Rusiya yaxşı başa düşür ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün məsuliyyət daşıyır. Rusiya bu və ya digər formada Dağlıq Qarabağ münaqişəsini həll etməlidir.Çünki əgər əvvəllər status-kvo rəsmi Moskva üçün ən uyğun variant idisə, bu gün status-kvo Kremli qane etmir.Birinci növbədə isə rəsmi Bakı status-kvonun saxlanılmasının əleyhinədir.Buna görə də mən düşünürəm ki, Qarabağ münaqişəsinin həllində tərpəniş olması qaçılmazdır və hesab edirəm ki, bu, bütün tərəflərin maraqlarına uyğun olacaq”.

Ermənistana təzyiq, yoxsa yeni həll planı?

Rusiya prezidenti Vladimir Putinin yaxın silahdaşlarından və Avrasiya İttifaqı ideologiyasının qurucusu olan Aleksandr Duqinin açıqlaması birmənalı qarşılanmır.Hesab olunur ki, səsləndirilərin fikirlərdən Rusiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni həll mexanizmi işlənildiyi ehtimalının yaranması ilə yanaşı, burada Ermənistana təzyiq elementləri də görünür.Ekspertlər Duqinin açıqlamasını Kremlin mövqeyi kimi qəbul edirlər və qeyd olunur ki, son zamanlarda NATO və Avropa İttifaqı ilə təmasları sıxlaşdıran Ermənistan hakimiyyəti Moskvanın yeni təzyiqləri ilə üzləşib.Rusiyanı qıcıqlandıran əsas məsələlərdən biri də Ermənistan parlamentində Avropa İttifaqı ilə assosasiya sazişinin imzalanması məsələsinin müzkirəyə çıxarılmasıyla bağlıdır.Ermənistan prezidenti Serj Sarkisyanın Qərbdən olan diplomatlarla görüşündə bu sazişi imzalamağa hazır olduqlarını diqqətə çatdırması da Rusiya KİV-ləri və Kremlə yaxınlığı ilə seçilən ekspertlər tərəfindən gündəmə gətirilib. Erməni KİV-lərində yayılan məlumatlara görə, İrəvana qarşı diplomatik hücumları sıxlaşdıran Putin adiminstrasiyası öz müttəfiqini "Qarabağ kartı” ilə "vurmağa” çalışır. Bu baxımdan aparılan ikitərəfli diplomatik danışıqlarda rusiyalı diplomatların Dağlıq Qarabağla bağlı Ermənistan rəsmilərinə təzyiqlər etdikləri də erməni mediasında geniş müzakirə mövzusuna çevrilib.

Putin yeni həll mexanizmi

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin yeni həll mexanizmini təklif edir. VİP sədrinin sözlərinə görə, Duqinin müsahibəsində də bu, özünü göstərir:

"Rusiya 5 rayonu Azərbaycana qaytarmaqla Dağlıq Qarabağa referendum yolu ilə öz gələcək müqəddəratını təyin etmək hüququnun verilməsini Azərbaycana qəbul etdirmək istəyir. Kremlin mövqeyinə görə, 2 rayon (Kəlbəcər və Laçın) məsələsinin həlli isə bundan sonrakı qeyri-müəyyən tarixə saxlanılmalıdır. Amma ortada digər maraqlı məqamlar var. Putinin təklifləri arasında Azərbaycanın Avrasiya İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olması, Azərbaycan sərhədlərinin rus hərbçilər tərəfindən qorunması və ən əsası da Rusiya hərbçilərinin sülhəməramlı adı altında Dağlıq Qarabağa yerləşdirilməsi var. Bu, cəmiyyətə 5 rayon qarşılığında Azərbaycandan öz suverenliyindən imtina etməsi tələbi kimi təqdim olunmalıdır. Duqin də Putinin ən yaxın dostlarından, silahdaşlarından biridir, buna görə də onun fikirləri ciddi qəbul olunmalıdır.Həmin təkliflərdə və Duqinin səsləndirdiyi fikirlərdə Azərbaycanın maraqlarına uyğun məqamlar yoxdur”.

Qərbdən Sarkisyana təzyiq

Siyasi analitik Nadir Qocabəyli "Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Duqinin 5 rayonla bağlı açıqlamasını Moskvanın rəsmi mövqeyi hesab etmək olar.Siyasi analitik Azərbaycan ordusunun aprel əməliyyatları zamanı 5 rayonun Kreml tərəfindən vəd olundurğunu xatırladıb.  Analitik bu baxımdan rusiyalı politoloqun fikirlərini ciddi qəbul etdiyini diqqətə çatdırıb: "Duqin qeyd edir ki, 2016-cı ilin baharında Azərbaycanı yalnız ona siyasi həll variantı vədi verməklə saxlamaq mümkün oldu: "Bu həll variantı 5 rayonun geri qaytarılması kompromisi üzərində tapıldı. Bu variant Bakını müəyyən dövr üçün tam qane edə bilərdi və Sarkisyan da ümumilikdə buna hazır idi. Ancaq nəsə düz getmədi və proses uzandı”. Lakin nəyin düz getmədiyini Duqin açıqlamayıb.Amma mənə elə gəlir ki, bu, Qərb dairələrinin Sarkisyana təzyiqi ilə bağlıdır.Yadınızdadırsa, Ermənistan hakimiyyəti bir dəfə güzəştə getmək istəyəndə orada sabitlik pozuldu, hətta parlament gülləbaran olundu, prezident istefaya getdi. Duqin həmin açıqlamasında təkcə Azərbaycanın deyil, bütün keçmiş SSRİ respublikalarının, habelə Rusiya ilə qonşu olan Əfqanıstanın, Türkiyənin, İranın, hətta Suriya, İraq, Livan və Misirin də ərazi bütövlüyünün qarantının birmənalı şəkildə Moskva olduğunu bildirir və Qətəri nümunə göstərir”.
Nadir Qocabəyli vurğulayıb ki, Duqinin 5 rayonun qaytarılacağıyla bağlı açıqlamasını Azərbaycan rəsmilərinin bəyanatları da təsdiqləyir:

"Müdafiə naziri Zakir Həsənovun "Şoyqu mənə zəng vurub, əməliyyatları dayandırmağımızı xahiş etdi” açıqlaması, prezidentin xarici siyasət məsələlər üzrə köməkçisi  Novruz Məmmədovun "SSRİ dağıldıqdan sonra dünyada haqq-ədalət itdi” kimi açıqlamaları Bakı ilə Moskva arasında münasibətlərin istiləşməsi anlamına gəlir. Bunun səbəbi isə ancaq Rusiyanın Qarabağ münaqişəsinin həllinə ədalətli yanaşması ola bilər. Duqin daha bir önəmli açıqlama verdi və qeyd etdi ki, əgər bu gün kimsə öz sərhədlərini qorumaq və ya dəyişmək istəyirsə, yalnız Moskvaya müraciət etməlidir: o, Vaşinqtondan fərqli olaraq həmişə sözünün üstündə durur, bu artıq Azərbaycanda şübhə doğurmaya bilər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları