Yuxarı

İranda türklərin hakimiyyət savaşı

İranda türklərin hakimiyyət savaşı

Azər Həsrət: "Əhalinin yarıdan çoxu türkdürsə, buna uyğun olaraq da hakimiyyətdə təmsil olunmalıdırlar”

Zəlimxan Məmmədli: "Belə təkliflərin verilməsi türk milli kimliyini üst qata çıxara bilər”

İran parlamentinin Güney Azərbaycanın Urmiya şəhərindən olan millət vəkili Nadir Qazipur maraqlı təkliflə çıxış edib. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Türkiyə təmsiçlisi Ağrı Qaradağlının "Cümhuriyət” qəzetinə verdiyi məlumata görə, Qazipur deyib ki, Nazirlər Kabinetinin yarıdan çoxu türk olmalıdır. İran parlamentində çıxışı zamanı Qazipur bildirib ki, ölkə əhalisinin yarıdan çoxu türkdür və türklər hökumətdə lazımi qədər təmsil olunmalıdırlar. Güneyli millət vəkili yeni seçilmiş prezidentdən nazirlərin təyinatı zamanı bunu nəzərə almağı xahiş edib. Türk dilində təhsil məsələsinə də toxunan Qazipur Konstitusiyaya əməl olunmasını, ana dilində təhsil hüququnun təmin edilməsini istəyib.

Molla rejimi hansı reaksiyanı verəcək?

İran əhalisinin mütləq əksəriyyətini türklərin təşkil etdikləri bir sıra mənbələrdə yer alır. Qeyd olunur ki, əhalisinin sayı 80 milyona yaxın olan İranda 35 milyon türkün yaşdığı bildirilsə də molla rejimi məqsədli şəkildə qeyri-real hesablamalarla farsların sayını türklərdən daha çox göstərməyə çalışır. Lakin rəsmi və qeyri-rəsmi statisikada hansı rəqəmin göstərilməsindən asılı olmayaraq, İranın mütləq əksəriyyətini Güney Azərbaycan və bu ərazilərin ari irqi hesab olunan türklər təşkil edirlər. Hər halda 35 milyonluq bir millət konstitusion hüquqları və tələbləri yerinə yetiriləcək qədər böyük çoxluqdur. 

Lakin molla rejimi Silahlı Qüvvələr və əhalinin mütləq əksəriyyətini əlində cəmləmiş türklərə siyasi, mədəni və digər haqları tanımaq fikrindən uzaqdır. Güney Azərbaycanın da ari irqinin farslar olduğunu cəmiyyətə inandırmağa çalışan molla rejimi digər yandan da türk kimliyini şiə müsəlman anlayışı arxasında gizlətməyə çalışır. 

Təsadüfi deyil ki, ETTELAAT və İranın digər hüquq mühafizə və kəşfiyyat orqanlarının ən çox mübarizə apardığı bölgə də Güney Azərbaycan və türklərdir. İran həbsxanalarının əksər hissəsini də türk məhbuslar təşkil edir və bir çox hallarda edam cəzaları da milli mübarizəninin öncüllərinə - türklərə verilir. Başqa sözlə, fars - molla rejiminin antitürk mahiyyəti türklərə hakimiyyət və dövlət orqanlarının ən üst qatlarına çıxmaq imkanını vermir. Nəzərə alsaq ki, türk - Azərbaycan dili İranda dövlət dili kimi tanınmır və türklərə burada ana dilində təhsil almaq, mədəni, siyasi muxtariyyət verilməyib, üstəgəl, Güney Azərbaycanın iri şəhər və bölgələrinə kürd, erməni, fars deputatlar təyin olunurlar, bu baxımdan da molla rejiminin bu kimi təklifləri isti qarşılayacağı inandırıcı görünmür. İran hakimiyyətində o türklərə yüksəlmək şansı verilir ki, onlar farslarla ailə qurmalıdırlar. Bu isə yüksələn şəxsin milli kimliyindən imtina etməsi deməkdir.

"Məsələ BMT səviyyəsində qaldırılmalıdır”

"Yeddi Dövlət - Bir Millət” Konseyinin başqanı Azər Həsrət "Cümhuriyət” qəzetinə bildirib ki, İran hakimiyyətinin dövləti idarəetmə strategiyasının mahiyyətinə baxdıqda, bu təklifin müsbət dəyərləndiriləcəyi inandırıcı deyil. Konsey başqanının sözlərinə görə, İran Konstitusiyasında ölkə əhalisinin milli tərkibi haqqında heç nə deyilmir, əhali şiə müsəlman elan edilir:

"Bu şiə müsəlmanlıq anlayışı da İrandakı milli fərdləri heçə sayır. Nəticədə İran əhalisinin yarıdan çoxunu təşkil edən türklərin milli kimlikləri arxa plana atılıb. Dövlət dili fars dilidir, danışıqlar və yazışmalar da bu dildə aparılır. Türk kimliyi də tamamilə inkar edilir. Lakin bütün hallarda belə bir təklifin verilməsi, bizim üçün sevindiricidir. Amma İran hakimiyyətinin buna müsbət reaksiya verəcəyini düşünmürəm. Çünki iddia edəcəklər ki, İran islam, müsəlman dövlətidir və burada milli mənsubiyyətə görə seçim olunmur, bununla da məsələni bağlamağa çalışacaqlar. Amma düşünürəm ki, oradakı soydaşlarımız bu məsələləri gündəmə gətirməklə hərəkətlənməyə təkan veririrlər. Yaxşı olardı ki, Güney Azərbaycan və İranda yaşayan türklər bu məsələlərin üzərinə ciddi şəkildə getsinlər. Parlamentdə hökumətin bərabər bölüşdürülməsi haqda məsələ qaldırılmalıdır. Çünki İran kənardan fars dövləti kimi görünsə də ora türk dövlətidir. Əhalinin yarıdan çoxu türkdürsə, buna uyğun olaraq da hakimiyyətdə təmsil olunmalıdırlar”. Azər Həsrət vurğulayıb ki, İran hakimiyyətindən belə bir addım gözləmək mümkün deyil: "Amma soydaşlarımız diqqətli və əzmkarlıqla bu məsələlərin üzərinə getməlidirlər. Digər yandan məsələni BMT səviyyəsində qaldırmaq, beynəlxalq təşkilatların tribunasından dilə gətirmək lazımdır. Dünyada elə bir dövlət yoxdur ki, oradakı millətlərin kimlikləri tamamilə inkar olunsun, sıxışdırılsın. İran dünyada yeganə dövlətdir ki, əhalisinin yarıdan çoxu türk olsa da bunu planlı şəkildə inkar edir”.

"Milli mübarizə parlamentə daşınmalıdır”

"Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə deyib ki, məsələnin gündəmə gətirilməsi müsbət haldır. Z.Məmmədli hesab edir ki, belə təkliflərin verilməsi, türk milli kimliyini üst qata çıxara bilər: "Amma belə ciddi məsələlər bir deputatın verdiyi təkliflərə həll olunmur. Hər halda toplumun özü aparılacaq islahatlarda milli çoxluğa üstünlüyün verilməsini gündəmə gətirməlidir. Bütün hallarda bu, İranda milli mübarizənin davam etdiyini göstərir. 

Milli mübarizənin hədəfləri bəllidir. Əlbəttə, İranda islahatların liberallaşması çox önəmlidir. İran liberallaşmalı və demokratikləşməlidir. Burada yaşayan soydaşlarımız milli mübarizəni parlamentə daşımalıdırlar və dinc mübarizə nəticəsində islahatların obyektiv formada aparılmasına nail olunmalıdır. Hər halda bu gələcəyin işidir. Amma bu məsələnin parlament səviyyəsində səsləndirilməsi, milli mübarizənin hədəfləri baxımından əhəmiyyətlidir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları