Yuxarı

Rusiyadan təhlükəli "kürd gedişi”

Rusiyadan təhlükəli

Sədrəddin Soltan: "Rusiya kürdlərin müstəqillik ideyasını perspektivdə dəstəkləyəcək”

Kənan Rövşənoğlu: "Suriyada kürdlərin muxtariyyət statusu almasını ABŞ və Rusiya da istəyir”

İraq Kürd Regional Hökumətinin başçısı Məsud Bərzani sentyabrın 25-də kürdlərin müstəqilliyi üçün referendum keçiriləcəyini bəyan edib. "Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, regional hökumət Məsud Bərzanin rəhbərliyi ilə keçirilən iclasda kürd partiyaları referendumun 25 sentyabrda keçirilməsini qərarlaşdırıb.

Region sakinləri İraqın tərkibində geniş səlahiyyətlərə malik muxtariyyət kimi qalmağa və ya tam müstəqil olmağa səs verməlidirlər. Kürd məmurların dediklərinə görə, referendumun keçiriləcəyi ərazilərə onlar Kərkükü və bu şəhərin ətrafını da daxil ediblər. Hazırda həmin bölgəyə kürdlərin silahlı birləşmələri olan "peşmərgə”lər nəzarət etsələr də Kərkük şəhərini rəsmi Bağdad kürd ərazisi hesab etmir.

Rusiya və "Kürdüstan”

Bölgədə yaşayan əhalinin mütləq əksəriyyətinin müstəqillik tərəfdarı olan kürdlər olduğunu nəzərə alsaq, referendum muxtariyyəti müstəqil dövlətə çevirmək ehtimalını gücləndirir. ABŞ, İsrail və Qərbi Avropa dövlətlərindən Bərzani hökumətinə verilən maddi-texniki və siyasi dəstək də bu ideyanın həyata keçəcəyini dəqiqləşdirə bilər. Ekspertlər hesab edirlər ki, ABŞ-dan olan dəstək bu prosesdə həlledici rol oynayır. Nəzərə alsaq ki, Amerikanın bölgədə böyük nüfuzu və güclü hərbi-texniki bazaları var və kürdlərin dövlət olmaq ideyalarının müəlliflərindən də biridir, bu baxımdan ABŞ-ın prosesdə hansı mövqedə dayanacağı bəllidir. Lakin Amerikadan fərqli olaraq, bölgədə gedən geosiyasi proseslərin mərkəzində yer alan əhəmiyyətli oyunçulardan biri Rusiyanın mövqeyi bir qədər naməlumdur. Amma Suriyadakı silahlı kürd birləşmələrinə - PYD və YPG-yə zaman-zaman dəstək verməklə gündəmə gələn Rusiya bir tərəfdən də Şimali İraqda qurulmuş kürd muxtariyyətinin dəstəkçilərindəndir.

Kreml niyə Amerikanın layihəsini dəstəkləyir?

Şimali İraq Kürd Muxtariyyətində keçiriləcək müstəqillik referendumu "Böyük Kürdüstan” proyektinin reallaşdırılması üçün atılacaq əhəmiyyətli addımlardan biridir. Əlbəttə, Şimali İraqla Şimali Suriyanı birləşdirəcək bölgələrin ələ keçirilməsi ABŞ və digər böyük güclərin əsas hədəflərindəndir. Rusiyanın da burada öz maraqları var. Şimali İraq regiona rəhbərliyi ilə diplomatik müstəvidə isti münasibətlərə sahib olan Rusiya da bu planın əsas dəstəkçilərindən biridir. Ara-sıra Moskvada kürd silahlı birləşmələri, Suriya və İraqdakı muxtariyyətlərin rəhbər şəxslərinin toplantısını da təşkil edilir. Başqa sözlə, Rusiya bölgədəki varlığını qorumaq üçün "Kürdüstan” proyektini dəstəkləməyə məcburdur. Çünki ABŞ, İsrail və İngiltərə kimi siyasi güclərin mərkəzində yer aldığı prosesi öz maraqları istiqamətinə çevirmək gücündə deyil. Buna görə də Rusiya indidən perspektivdə qurulmaq ehtimalı yüksək olan kürd dövləti ilə münasibətlərini inkişaf etdirir. Əgər buna qarşı çıxsa, böyük ölçüdə bölgədəki varlığına və maraqlarına öz əli ilə zərbə vuracaq.

Türkiyə və İranın parçalanması gündəmdə

Yaxın Şərq və İran üzrə mütəxəssis Sədrəddin Soltan "Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya SSRİ dağıldıqdan sonra bir müddət Suriyanın federallaşması tərəfdarı kimi çıxış etdi. Lakin  Rusiya İran və Hafiz Əsəddən çəkinərək bu layihədən geri çəkildi: 

"Sonrakı mərhələlərdə PKK və PYD terror təşkilatlarının Rusiyada ofislərinin açılması, PKK-nı terror təşkilatı kimi tanımaması Kremlin Suriya və İraqdakı terrorçu kürdlərin başladıqları hərəkata dəstəyidir. Yaxın günlərdə Şimali İraq Kürd Muxtariyyətinin baş nazirinin Rusiyaya səfəri də təsadüfi deyildi. O, Rusiyada Putin və Rusiyanın digər rəsmiləri ilə görüşdü, Peterburq İqtisadi Forumunda iştirak etdi. Bu, Rusiyanın Şimali İraq Kürd Muxtariyyəti müstəqil dövlət olacağı halda bunu dəstəkləyəcəyinə işarədir. 

Çünki bu halda Rusiya həm Türkiyə, həm də İrana təzyiq imkanı əldə edəcək. Rusiya son zamanlarda PKK-nın Suriya və İraqdakı qollarına dəstəklə bağlı bir sıra addımlar atıb. Hətta, Ərdoğan görüş vaxtı Putinə Rusiya hərbçilərinin PKK-nın Suriyadakı qollarına silah verməsinin əks olunduğu fotoşəkillər vermişdi. Putin də guya bundan xəbərsiz olduğunu və məsələnin araşdırılacağını demişdi. Başqa sözlə, Rusiya bölgə dövlətlərinə təzyiq etmək və ABŞ-a öz gücünün azalmadığını göstərmək üçün kürdlərin müstəqillik idyeasına perspektivdə dəstək verəcək”.

Sədrəddin Soltanın sözlərinə görə, Rusiya bölgədə gedən siyasi oyunlarda ABŞ-dan geri qalmaq istəmir: 

"Əlbəttə, kürd hərəkatının əsas dəstəkçisi ABŞ başda olmaqla Qərbdir. Bu yarışda da Rusiya geridə qalmaq istəmir. Çünki geridə qalsa, yeni yaranacaq dövlətlə problemlər yaranar və bu, onun bölgədə nüfuzunun azalmasına gətirib çıxara bilər. Maraqları bu halda təhlükə qarşısında qala və "Kürdüstan”da bazarı olmaya bilər. Bu baxımdan Rusiya kürdlərin müstəqillik ideyasını perspektivdə dəstəkləyəcək. Yüz il əvvəl Osmanlıdan bir sıra ərazilər alındı və parçalandı. İndi oxşar proseslər gedir. Keçmiş Osmanlı ərazilərini yenidən parçalayırlar. Nəticədə bundan sonra Osmanlının varisi Türkiyə və Qacarların varisi İranın parçalanması məsələsi gündəmə gəlir. İran və Türkiyə bu baxımdan Rusiya ilə qarşıdurmaya da gedə bilər. Hələ ki, Rusiya üstün vəziyyətdədir və bunu qorumaq üçün dövlət qurmaq istəyən kürdlərə dəstək verəcək”.

"ABŞ və Rusiya eyni anda bu planın həyata keçməsini istəyir”

Yaxın Şərq üzrə ekspert, araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında  "Böyük Kürdüstan” proyektinin hələlik uzaq perspektiv olduğunu deyib. Araşdırmaçı hazırda bölgədə iki kürd bölgəsinin olduğunu diqqətə çatdırıb: 

"Regionda rəsmi muxtariyyət statusu olan və sentyabrın 25-də referendumla müstəqilliyini elan etmək istəyən İraq Kürd Muxtariyyəti, bir də Suriyada de-fakto mövcud olan və artıq dünyanın böyük güclərinin qəbul etdiyi Suriya Kürd Muxtariyyəti mövcuddur. Hansı ki, muxtar kürdlər artıq Suriyanın 4 vilayətinə nəzarət edirlər. Raqqa əməliyyatından sonra daha geniş ərazilərə nəzarət edəcəklər. İraq kürdləri sentyabrın 25-də referenduma gedəcək. Rusiya və hətta ABŞ-ın özü də Ərbilə təmkinli olmağı tövsiyyə edir, çünki İraq kürdləri özlərini müstəqil dövlət elan etsələr Bağdadla ciddi silahlı qarşıdurma yaranacaq. Kürdlərin iddia etdiyi ərazilərin bir hissəsi də mübahisəlidir. Yəni, müharibə qaçılmaz olacaq. Buna görə, böyük ölkələr də kürdləri təmkinli olmağa çağırırlar. Ancaq Bərzaninin dəstəkçiləri var və özü də anlayır ki, İraq mərkəzi hökuməti sürətlə güclənir və İŞİD-dən sonra daha da güclənəcək. Bu zaman isə kürdlər üçün daha çətin olacaq, buna görə də Bərzani məsələni tezliklə həll etmək istəyir”.

Kənan Rövşənoğlu hesab edir ki, İraqdan fərqli olaraq, Suriyada vəziyyət fərqlidir: 

"Suriyada kürdlərin muxtariyyət statusu almasını ABŞ və Rusiya da istəyir. Çünki kürdlər İraqda olduğu kimi bu halda güc mərkəzinə çevrilə bilərlər. Hansı ki, artıq bir mərkəzdə gücə çevriliblər. Digər tərəfdən münaqişənin yaxın zamanda həlli mümkün olmadığı üçün heç kəs qabağa çıxıb kürdlərə "yox” demək istəmir, çünki kürdlər İŞİD-ə qarşı savaşdılar və bu gün də savaşırlar. Kürd muxtariyyəti gələcəkdə Suriyada mərkəzi hökumət və Türkiyə üçün təzyiq mexanizmi olacaq. Buna görə də hər kəs kürdlərin istəkləri ilə hesablaşmağa çalışır. Bunda maraqlı olmayn yerli dövlətlər var, bunlar Suriya, İraq, İran və Türkiyədir. Həmin dövlətlər isə hələlik çox zəifdirlər və prosesə həlledici təsir imkanları yoxdur”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları