Yuxarı

İş yeri yox, məzar...

İş yeri yox, məzar...

Sahib Məmmədov:  "İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsini təmin etmək kimi öhdəlikləri var”

İstehsalatda tez-tez fəhlə ölümləri ilə bağlı xəbərlər alırıq. Bunun da əsas səbəbi iş yerlərində sahəsindən asılı olaraq təhlükəsizlik qaydalarına riayət olunmaması, Əmək Məcəlləsinin tələblərinə əməl edilməməsi, eyni zamanda işçilərin də öz hüquqlarını bilməməsidir. Son vaxtlar tikinti şirkətlərində bədbəxt hadisələrin, qəzaların sayı durmadan artır.Çox hallarda hətta fəhlələr küləkli hava şəraitində belə işləyirlər.Onlar qoruyucu kəmərlərdən, kaskalardan istifadə etmirlər.

Məsələ burasındadır ki, tikinti şirkətlərinin rəsmiləri də çalışdırdıqları fəhlələrdən sağlamlıqlarının qorunması ilə əlaqədar təhlükəsizlik qaydalarına əməl olunmasını tələb etmirlər.Buna həddindən artıq məsuliyyətsiz yanaşırlar.Bundan əlavə yol kənarlarındakı binalarda eyvanlar təmir edilir.Lakin təmir gedən ərazilərdə təhlükəsizlik tədbirləri görülmür.Ən çox qəzalar və bədbəxt hadisələri küləkli havalarda baş verir.Xüsusilə küləkli hava olursa, təmir gedən ərazilərdə daş, dəmir parçaları ətrafa yayılır.Bu mənada özəl tikinti şirkətlərinin özbaşınalığı davam edir.Bəllidir ki, hər bir işə götürən işçi ilə əmək müqaviləsi bağlanmalıdır.Əmək müqaviləsinin bağlanmamasına görə cinayət məsuliyyəti tətbiq olunur.Həmçinin, əmək müqaviləsinin bağlanmaması ilə bağlı İnzibati Xətalar Məcəlləsində müvafiq cərimələr nəzərdə tutulur.Təəssüf ki, çox hallarda özəl tikinti şirkətləri bu cərimədən də, məsuliyyətdən də boyun qaçırır. Bu isə əmək hüquqlarının qorunması ilə bağlı norma və prinsiplərə əməl olunmamasını sübut edir.

Yeri gəlmişkən bu günlərdə Gəncədə bənna işləyən 40 yaşlı kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Hadisə Məhsəti qəsəbəsində baş verib. Kəlbəcər rayon sakini, 1977-ci il təvəllüdlü Hüseyn Əli oğlu Hüseynov bənna işlədiyi fərdi evdə hündürlükdən yıxılaraq ağır xəsarət alıb. Vəziyyətinin orta-ağır olduğu bildirilir.Bu kimi nümunələr minlərlədir.Hər bir bədbəxt hadisənin arxasında təhlükəsizliyə əməl olunmaması dayanır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə qeydiyyata alınıb.Onlardan 2 hadisə qrup halında baş verib.Qeyd olunan istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində 10 nəfər dünyasını dəyişib, 24 nəfər xəsarət alıb.İstehsalat qəzalarının daha çox tikinti və nəqliyyat, emal sənayesi və mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunub.Mövcud durumda "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanun qüvvədədir.İşçilərə dəymiş zərərin əvəzinin ödənilməsi həmin sığorta haqqında qanunla tənzimlənir”.

Qeyd edək ki, Azərbaycanda əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir. Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə görə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa, 2000 manatdan 3000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə ilə (və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə) cəzalandırılır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəliklərinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər çoxlu xərc tələb edir: 

"Bu bahalı bir məsələdir. Baxmayaraq ki, işəgötürənlərin iş yerlərində əməyin mühafizəsi təmin etmək kimi öhdəlikləri var. Bunu yerinə yetirməyənlər yeri gələndə inzibati və cinayət məsuliyyəti daşıyırlar. Bir çox hallarda bu xərclərə getməmək üçün iş yerlərində lazımi şərait yaratmırlar. Texniki təhlükəsizliyi təmin etmək üçün, yaxud gigiyenik-sanitar qaydalarına riayət etmək üçün heç bir tədbirlər görmürlər.Nəticədə belə bədbəxt hadisələr və peşə xəstəlikləri baş verir”. Hüquq müdafiəçisi qeyd edib ki, əslində 2017-ci ilin birinci rübündə istehsalatla əlaqəli 31 bədbəxt hadisə məhz qeydə alınanlardır: "Bu statistika təkcə qeydə alınanlardır. Qeydə alınmayan belə hadisələr onlarla, yüzlərlədir.Təbii ki, ölüm hallarını gizlətmək çətin olur.Amma yüngül və orta ağır xəsarətlər alanların sayı gizlədilir.İndi bu çox asandır.Bir çox dövlət orqanları kimi, Dövlət Əmək Müfəttişliyi tərəfindən də yoxlamalar dayandırılıb.Yalnız onlara bu barədə məlumat daxil olanda yaranan komissiya ilə yerlərə gedirlər və istehsalat zədələnməsi aktı tərtib edirlər.Ona görə də onların əlində olan rəqəmlər də bundan ibarətdir.Məsələ burasındadır ki, peşə xəstəlikləri ilə bağlı ststistikanı Səhiyyə Nazirliyi neçə illərdir ki, açıqlamır”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları