Yuxarı

Avropadan Ankaraya yeni şərtlər: Siyahıda nə var?

Avropadan Ankaraya yeni şərtlər: Siyahıda nə var?

Zaur İbrahimli: "Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsi Brüsselin gündəliyində qalacaq”

Avropa İttifaqı (Aİ) Türkiyə hökumətini bu birlik qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırıb. "Cümhuriyət” qəzeti Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Aİ-nin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan Aİ-nin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi üçün Ankara ilk növbədə 5 şərti icra etməlidir: "Biz həmçinin viza liberallaşmasını müzakirə etdik. Siqnalımız aydındır: Türkiyə qalan şərtləri icra etdikdən sonra biz də öz öhdəliklərimizi reallaşdıracağıq. Sonuncu, amma çətin olan bu məsələnin həllində Türkiyəni dəstəkləməyə hazırıq. Söhbət 72 şərtin 5-dən gedir”.

Xatırladaq ki, Aİ və Türkiyə 2016-cı ilin martında miqrasiya böhranının nizamlanması planını razılaşdırıblar. Razılaşma Ankaranın müvafiq şərtləri icra edəcəyi təqdirdə, Aİ-nin Türkiyə vətəndaşları üçün vizasız rejim tətbiq edəcəyini nəzərdə tutub. Şərtlərin arasında ölkənin antiterror qanunvericiliyinə dəyişikliklərin edilməsi də var, lakin Ankara bu dəyişikliklərin yolverilməz olduğunu qeyd edərək, dövlət təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. 

Avropa İttifaqının 5 şərti

2016-cı ildə Türkiyə və Aİ arasından anlaşmanın imzalanmasında sonra Aİ Komissiyası rəsmi Ankaradan üzərinə götürdüyü öhdəlikləri tezliklə yerinə yetirməsini tələb etdi. Həmin il komissiya iyun ayınadək bütün hüquqi işlərin başa çatacağı tələbini də irəli sürmüşdü. Aİ-nin şərtlərində söz və mətbuat azadlığı, siyasi partiyaların maliyyələşməsi, korrupsiya ilə mübarizə və məhkəmə sistemi sahələrindəki problemlərin aradan qaldırılması ilə yanaşı, Ankaradan həmçinin Kopenhagen tələblərinin (meyarlarının) yerinə yetirilməsi tələbləri yer alır. Komissiya Türkiyə hökumətinin 72 tələbdən 65-ni yerinə yetirdiyini, 5 şərtin isə yerinə yetirilmədiyini öz hesabatında da təsdiq edib.

Brüssel rəsmi Ankaradan Türkiyə vətəndaşlarına Avropa İttifaqı standartlarına cavab verən biometrik pasportlarla təmin olunmasını, korrupsiyaya qarşı mübarizəni (Türkiyənin korrupsiya ilə mübarizə üçün qəbul etdiyi qanunu Aİ qəbul etmir) sərtləşdirməsini, siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı yeni qanun layihəsi qəbul etməsini, "Europol”la işbirliyinə girməsini, şəxsi məlumatlar qanununu Avropa İttifaqı standartlarına uyğunlaşdırmağı və terrorizmlə mübarizə qanuna dəyişikliklərin edilməsini tələb edir. Aİ-nin Türkiyə qarşısında həmçinin Kipr şərti də var. Türkiyə Aİ-nin viza rejimini sadələşdirmə qərarını verəcəyi tarixdən etibarən Aİ üzvü olan ölkələrlə aralarında viza rejimini ləğv edəcək. Həmçinin bununla yanaşı, Kipr  Respublikası (Yunan Kipri), İngiltərə və İrlandiya vətəndaşları Aİ üzvü olmayan Türkiyəyə vizasız gedə biləcəklər.

"Avropa İttifaqı kürd məsələsində birmənalı deyil”

Politoloq Zaur İbrahimli "Cümhuriyət” qəzetinə bildirib ki, bir neçə gün əvvəl Türkiyə - Avropa İttifaqı Yüksək Səviyyəli Siyasi Dialoq Toplantısının keçirilməsi Ankara - Brüssel münaisbətlərinin perspektivinə aydınlıq gətirilməsi baxımından çox mühüm addım oldu. Politoloq qeyd edib ki, bu, son 1 ildə getdikcə pisləşən və qarşılılıqlı ittihamlarla müşayiət olunan mərhələnin bitməsi ilə bağlı hər iki tərəfin istəyini bir daha nümayiş etdirdi:

  "Bu müzakirələr göstərdi ki, kəskin siyasi ritorikaya, qarşılıqlı təhdid və şübhə mühitinin yaranmasına baxmayaraq, Türkiyə və Avropa İttifaqı əməkdaşlığın verdiyi üstünlükləri bilir. Bununla belə Türkiyə Avropa İttifaqı ilə müzakirələrdə əvvəlki dövrlərlə müqayisdə daha inamlı görünür. Brüssel ikitərəfli müzakirələrdə strateji tərəfdaşlıq mövzusunun ön plana çəkilməsinə çalışır. Həmçinin Türkiyə ilə daha çox sektoral əməkdaşlığın dərinləşdirilməsini ön plana çıxarmağa səy göstərir. Xüsusilə də vahid gömrük siyasətinin yenilənməsi, ticarət, enerji, regional təhlükəsizlik, miqrant problemlərinin həlli istiqamətində Ankara ilə daha sıx əməkdaşlıq üçün təşəbbüsləri dəstəkləyirlər. Ankara isə əskinə müzakirələrin əsas mövzusunun Avropa İttifaqına üzvlük olmasında israrlıdır. Amma hələ ki, Avropa İttifaqı buna hazır görünmür. Ehtimal etmək olar ki, Brüssellə Ankara arasında bu istiqamətdə müzakirələr davam edəcək və Türkiyə ilə əməkdaşlığın dərinləşdirilməsi Brüsselin gündəliyində qalacaq. Türkiyə də müzakirələrdə maraqlıdır və hansısa kompromislər müqabilində bu təşəbbüsləri dəstəkləyə bilər. Söhbət ilk növbədə Avropa İttifaqının Ərdoğan iqtidarına loyallığından, kürd separatizminə qarşı mübarizədə də Avropa İttifaqının dəstəyindən gedir. Hazırda Avropa İttifaqı bu məsələlərdə birmənalı mövqe nümayiş etdirmir”. 

Zaur İbrahimli qeyd edib ki, Avropa İttifaqının 5 şərti isə daha çox texniki xaraker daşıyır:

"Bu şərtlər arasında mətbuat və söz azadlığının qorunmasının gücləndirilməsi diqqət çəkir. Şübhəsiz ki, Türkiyədə bununla bağlı problem var. Amma Türkiyə üçün bu şərtlə bağlı irəli sürülən məsələlər elə ittifaq üzvü olan Şərqi Avropa ölkələri üçün də aktualdır. Biometrik pasportlar və intellektual mülkiyyət hüququ ilə bağlı məsələlər isə texniki mahiyyətə malikdir. Güman etmirəm ki, bu 5 şərtin yerinə yetirilməsi Türkiyənin ittifaqa üzvlüyə yolunu açacaq. Problem başqa müstəvidədir. Türkiyə indiyə qədər üzvlük üçün 72 meyara uyğunluğunu təsdiqləyib, yəni şərtləri yerinə yetirib. Amma bu Türkiyəyə qarşı münasibəti nə dərəcədə dəyişib? Bu baxımdan yaxın perspektivdə də Türkiyənin ittifaqa üzvlüyü məsələsi mübahisəli olaraq qalacaq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları