Yuxarı

Supergüclər üz-üzə

Supergüclər üz-üzə

Dünyada iqtisadi və sosial siyasətlə dünya dövlətləri üzərində təsiredici siyasi nüfuza sahib olmaq hər iki ölkənin istəyidir və bu, istək olmaqdan başqa tətbiq olunan strategiyada seçimdir. Aralarında elan olunmamış "soyuq müharibə” davam etsə də Rusiya və ABŞ qlobal siyasətin ən güclü oyunçularıdır. Hər iki siyasi qütbün sahib olduğu güclü hərbi və iqtisadi imkanları onları özlərindən başqa yerdə qalan bütün dövlətləri hesablaşmaq məcburiyyətində qoyur. Şübhəsiz ki, ən güclü iqtisadiyyata sahib olan müasir dünya siyasətində diktə edən tərəfdir.

Rusiya və ABŞ-ın hərbi imkanları digər dövlətlərin imkanları ilə müqayisə olunmaz dərəcədə güclüdür. Zaman-zaman bu məsələ gündəmə gəlir. Təkcə o fakt kifayətdir ki, 7700 nüvə silahı olan ABŞ-ın hərbi büdcəsi 1 trilyon dollara yaxındır. 8500 nüvə silahı olan Rusiyanın isə 100 milyard dollara yaxın hərbi büdcəsi var. Lakin müasir dünya siyasətində problemləri silahlar yox, iqtisadi resurslar həll edir.

ABŞ, yoxsa Rusiya?

Ərazi baxımından Rusiya təxminən ABŞ-dan 2 dəfə böyükdür. Rusiyanın sahib olduğu 17.1 milyon km2 ərazinin 15%-i (13.2%) kənd təsərrüfatına yararlı torpaqlardır. Amerika isə bu baxımdan rəqibindən öndədir. ABŞ ərazilərinin 44%-i kənd təsərrüfatı üçün yararlıdır. Amerika ərazilərinin 33.9%-i, Rusiya ərazilərinin isə 49.8%-i meşəlikdir. 

Vətəndaşlar üzərinə düşən gəlirin səviyyəsinə görə ölkələr demək olar ki, eyni səviyyədədir. Lakin az fərqlə Rusiya daha ədalətli gəlir siyasəti ilə ABŞ-dan qabaqdadır. Lakin adambaşına düşən gəlir məsələsində tərəflər arasında dərin uçurum var. Amerikada adambaşına 57 min, Rusiyada isə 9 min dollar milli gəlir düşür. Ölkələrin infiliyasiyaya meyilliliyi indeksində Rusiya Amerikanı qabaqlayır. Bunun da səbəbi ABŞ-la müqayisədə federasiyada milli gəlirin az və istehsalın aşağı olmasıdır. Amerika əhalisinin 5, Rusiya əhalisinin isə 6%-i işsizdir. ABŞ-ın idxalat və ixracatında keyfiyyətli texnoloji məhsulların payı 18% olduğu halda, Rusiyada bu rəqəm 11%-dir. Yanacaq idxalatı Amerika iqtisadiyyatında 8.7% olduğu halda bu, Rusiya üçün 1.8%-dir. Enerji resursları isteahsalında ABŞ Rusiyanı böyük fərqlə geridə qoyur. Bu sahədə Amerikanın imkanları Rusiyadan 3 dəfə böyükdür. Lakin Ümumdi Daxili Məhsulun (ÜDM) həcminə görə, ABŞ 17.4 (17.419.000.000.000) milyard dollarla dünyanın ən güclü iqtisadiyyatına sahibdir. Rusiya isə ən güclü iqtisadiyyatı olan 20 ölkə arasında 10-cu yerdədir. Rusiya da ÜDM-ün həcmi 1.8 (1.860.597.922.763) milyard dollardır. Rusiyanın gəlirlərinin 65%-ni neftdən təmin etsə də ABŞ-da bu göstərici heç 1% də deyil.

Amerika iqtisadiyyatında inkişaf

ABŞ iqtisadiyyatı bu ilin II yarısında 2.6% göstərici ilə inkişaf tempini saxladı. İlin əvvəlindəki 1.2%-lik inkişafı geridə qoyaraq, göstəriciləri 2 dəfə artıraraq böyük sıçrayış etdi. 2005-ci ildən bu günədək ən ciddi böyüməni 2015-ci ildə təmin edən ABŞ keçən ildən bu günədək ən zəif göstəriciyə sahib idi. Amerika iqtisadiyyatının "mühərriki” hesab olunan istehlakçı xərcləmələrindəki 2.8%-lik artımın bu inkişafda əhəmiyyətli rolun oynadığı bildirilir. ABŞ Ticarət Nazirliyinin hesabatına görə, iş yerlərinə qoyulan investisiyanın həcmində 8.2%-lik artım olub, bu, son iki ildə ən yüksək göstəricidir. Struktur xərcləmələrində də 4.9%-lik sıçrayış qeydə alınıb. Lakin mənzil sektorunda 6.8% azalma olub. Amerikanın bu dönəmdə idxalatı 4.1, ixracatı isə 2.1% artıb. İnfilyasiya göstərcisi 0.3%-dir, halbuki, bu ilin ikinci yarısı üçün 0.7%-lik infiliyiyasiya proqnozlaşdırılmışdı. Bütün bu göstəricilərə baxmayaraq, Amerika Federal Ehtiyatlar Sisteminin (FES) gələn aylarda 4.5 trilyon dollarlıq büdcəni kiçiltməyi və faiz artımına gedəcəyi planlaşdırılmır.

Rusiyadan gözləntilər

Rusiya İqtisadi İnkişaf Nazirliyi il ərzində iqtisadiyyatda cəmi  2%-lik artımın olacağını hələ ilin əvvəlindən bildirmişdi. Beynəlxalq Valyuta Fondu (BVF) isə ən yaxşı halda Rusiya iqtisadiyyatında 1.4%-lik böyümənin olacağını açıqlayıb. BVF-nin hesabatında qeyd olunur ki, nəhayət Rusiya neftin dünya bazarlarındakı qiymətlərinin kəskin ucuzlaşmasıyla başlayan durğunluğu il ərzində kiçik inkişaf göstəricisi ilə keçə biləcək. Lakin ABŞ və Avropa İttifaqının (Aİ) ağırlaşdırılmış sanksiyalarının Rusiya iqtisadiyyatına mənfi təsir edəcəyi və bunun gözləntiləri doğrultmayacağı ehtimalı da diqqətə çatdırılıb. BVF Rusiya hökumətinə inkişaf sürətini artırmaq üçün xərcləmələrə qənaət edəcək və neft qiymətlərinin iqtisadiyyata təsirlərini azaldacaq yeni maliyyə siyasəti yürütməyi təklif edib.

Qeyd edək ki, 2015-ci ildə 4 dəfə kiçilən Rusiya iqtisadiyyatı 2016-cı ildə 0.6% kiçilmişdi. Bu ilin ikinci yarısında da ÜDM-də kiçik artım müşahidə olunub. Təkcə onu qeyd edək ki, Amerikanın "Apple” şirkətinin kassasındakı valyuta ehtiyatları (246 milyard dollar) 180 ölkənin Mərkəzi Bankının ehtiyatlarındakı pullardan çoxdur. Rusiya prezidenti Vladimir Putin ilin əvvəlində Rusiyanın 500 milyard dollara yaxın valyuta ehtiyatlarının olduğunu demişdi, amma təkcə Amerika FES-in ehtiyatında 5 trilyon dollara yaxın pulu var.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları