Yuxarı

Sanksiyalar Qarabağa yol açır

Sanksiyalar Qarabağa yol açır

Əli Orucov: "Rusiyanın gücdən düşməsi  təbii ki, onun bölgədəki mövqelərinin də zəifləməsi deməkdir”

23 ildir ki, Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir irəliləyiş yoxdur. Münaqişənin həllində  Azərbaycanın qarşısında dayanan qüvvənin məhz Rusiya olması, işğalçıların bu ölkədən dəstək alması dəfələrlə vurğulanıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "Qarabağ Azərbaycanın daxili işi deyil” sözlərinə azərbaycanlı həmkarı Elmar Məmmədyarovun verdiyi cavab da hər şeyi aydın göstərir. E.Məmmədyarov cavab olaraq bildirdi ki, Rusiya ciddi yanaşarsa, Qarabağ məsələsi öz həllini tapar. Yəni, Qarabağ probleminin acarı Rusiyanın əlindədir və sadəcə münaqişəni həll etmək istəmir. Eksperlərin ortaq fikrincə, Qarabağ problemini Rusiya yaradıb və onun həllində ciddilik göstərməkdə maraqlı deyil. 

İndi isə dünyada vəziyyət dəyişir. Söhbət Amerikada Rusiyaya qarşı sanksiyaların sərtləndirilməsindən gedir.  Yeni sənəd nəinki Moskvada, hətta İrəvanda və işğal altındakı Qarabağda da təlaşla qarşılanıb. Ermənistan xarici işlər nazirinin keçmiş müavini, fövqəladə və səlahiyyətli səfir Arman Navasardyan da Rusiyanın zəifləyəcəyi  halda  Dağlıq Qarabağla bağlı yeni vəziyyətin yaranacağını bildirib. "ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalar bir çox münaqişələrlə bağlı yeni vəziyyət yarada bilər. Belə ki, artıq Ermənistan ABŞ və Rusiya arasında manevr imkanlarını itirəcək. Putin getsə, biz indiki günümüzə şükür eləməli olacağıq” Arman Navasardyan deyib. Ümumiyyətlə, ABŞ-ın tətbiq etdiyi sanksiyalar  Qarabağ probleminə necə təsir edəcək?

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, siyasi şərhçi Əli Orucov "Cümhuriyət” qəzetinə açıqlamasında Ermənistanın vəziyyətinin birbaşa Rusiyadan asılı olduğunu vurğulayıb: "Hər kəs yaxşı bilir ki, Dağlıq Qarabağ problemini yaradan da, onun həllinə mane olan da Moskvadır. Rusiyanın gücdən düşməsi  təbii ki, onun bölgədəki mövqelərinin də zəifləməsi deməkdir. Bu zaman Ermənistan təbii şəkildə Rusiyanın açıq dəstəyindən məhrum olacaq. Ermənistanın bu günə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində destruktiv mövqe tutması da məhz Rusiyanın açıq dəstəyi sayəsində mümkün olub. Təbii ki, Rusiyanın regionda zəifləməsi münaqişənin həllində açar rolunu oynaya bilər. Çünki artıq Ermənistan Rusiya kimi müttəfiqini itirdikdən sonra, masa arxasında oturub sülh şərtlərini nəzərə almağa məcbur olacaq. Bu baxımdan da Ermənistanın vəziyyəti birbaşa Rusiyadan asılıdır. Onun ayaqda durması, Dağlıq Qarabağ münaqişəsində sərgilədiyi mövqe də Rusiyanın dəstəyindən irəli gəlir”.

Ekspert həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli böyük güclərin regionda olan maraqlarının dəyişməsi ilə mümkün olacaq: "Ancaq Ermənistana dəstək verən təkcə Rusiya deyil. Fransa və Amerika Birləşmiş Ştatları da bu və ya digər şəkildə Ermənistana dəstək verib. Bu məsələdə xristian təəssübkeşliyini də diqqətdən qaçırmaq olmaz. Dəfələrlə şahidi olmuşuq ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirəyə çıxarılanda Rusiya, Fransa və ABŞ bitərəf mövqe sərgiləyib. Halbuki BMT-nin qəbul etdiyi qətnamələr, işğalçının adı ilə çağırılmasında əsas sənəd kimi götürülməlidir. Təəssüf ki, biz bunu görmürük. Bu isə o deməkdir ki, münaqişənin həllində təkcə Rusiyanın zəiflədilməsi kifayət etmir. Münaqişəyə yanaşma dəyişməlidir. Digər dövlətlərin də regionla bağlı maraqları və istəkləri dəyişməlidir”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları