Yuxarı

Yaxın Şərqin altında "kürd bombası”

Yaxın Şərqin altında

Qabil Hüseynli: "Kürd dövlətinin yaradılması bölgəyə sülh gətirməyəcək

Hikmət Hacızadə: "Yaradılması planlaşdırılan kürd dövləti Qərbin regiondakı "marionetkası” olmalıdır”

İraqın kürd muxtariyyətinin başçısı Məsud Bərzani Ərbilin müstəqilliyinin bütün regionun problemlərini həll edəcəyini iddia edib."Cümhuriyət” qəzeti xəbər verir ki, bu barədə İraq KİV-ləri məlumat yayıb.Bərzaninin sözlərinə görə, İraqın mərkəzi hökuməti kürd muxtariyyəti qarşısında vəzifələrini icra etmir."İraq hökuməti peşmərgə qüvvələrinin silahlanmasına vəsaitlərin ayrılmasını dayandırıb. İŞİD terrorçuları ilə mübarizədə peşmərgə qüvvələri böyük risk qarşısında idilər, belə ki, İraq hökuməti onları silahlandırmır”, - Bərzani deyib. O qeyd edib ki, Kürdüstanın müstəqilliyi üzrə referendumun keçirilməsinə heç kim mane ola bilməz: "Referendum sentyabrın 25-də keçiriləcək”.

"Kürdüstan” Yaxın Şərqə sülh gətirə bilərmi?

2011-ci ildə Bəşər Əsəd rejimi əleyhinə Suriyada etirazlar başlayanda ABŞ və İsraildəki müəyyən siyasi dairələr "Kürdüstan proyekti”ni masaya atdılar. Təsadüfi deyil ki, Əsəd əleyhinə çıxış edən qüvvələr arasında Şimali Suriyada yaşayan kürdlər də vardı.Amma hadisələrin sonrakı mərhələsində kürdlər BƏƏS rejiminə qarşı döyüşməkdən imtina edərək, muxtariyyət tələblərini irəli sürdülər.YPG və PYD kimi kürd silahlı birləşmələrinin rəhbərlik etdiyi hərəkata ABŞ-dan maliyyə, hərbi və humanitar yardım ayrıldı.Beləliklə, Şimali Suriyada muxtariyyətlərini elan edən kürdlər Şimali İraqdan Türkiyənin Cənub sərhədlərinədək uzanan "Böyük Kürdüstan”ın bir və əsas qanadını formalaşdırdılar.Proseslərin sonrakı gedişində Şimali İraq və Şimali Suriyanı birləşdirəcək "dəhliz” uğrunda mübarizə qızışdı və İŞİD terror təşkilatı hadisələrin mərkəzində boy göstərməyə başladı.İŞİD güc toplayıb bütün hadisələri öz üzərində cəmləşdirəndə, bunun əslində kürd dövlətinin yaradılması planının əsas tərkib hissəsi olduğu iddiası gündəmə gəldi. Nəzərə alsaq ki, İraq və Suriyada İŞİD-in nəzarət etdiyi strateji bölgələrin azad edildiyi vaxt Ərbil müstəqillik referendumu elan edib, bu baxımdan bir neçə il əvvəl irəli sürülmüş bu iddianı məntiqli hesab etmək olar. Bərzaninin iddiasına gəlincə, hesab etmək olar ki, o, dolayı yolla onu etiraf edir ki, İraq və Suriyadakı vətəndaş müharibələri də "Böyük Kürdüstan” üçün hazırlanmış geosiyasi ssenarilərdir. O, həmçinin dolayı yolla müstəqil kürd dövlətinin bölgəyə sülh gətirəcəyini, yaxud qanlı müharibələrə son qoyacağını bildirmək istəyir. Lakin kürd layihəsində Türkiyə, İraq, Suriya və İran kimi regional dövlətlərin maraqlarının nəzərə alınmadığını, əksinə bunun həmin ölkələrin ərazilərini parçalamağı nəzərdə tutduğuna diqqət etsək, müstəqil kürd dövləti bölgədə vəziyyəti daha təhlükəli hala gətirə bilər.

Yaxın Şərqin altına qoyulan təhlükəli "bomba”

Politoloq Qabil Hüseynli "Cümhuriyət” qəzetinə bildirib ki, kürd dövlətinin yaradılması bölgəyə sülh gətirməyəcək. Əksinə, politoloq bunun Yaxın Şərqdə vəziyyəti daha qorxulu hala gətirəcəyini düşünür:

"Kürd dövlətinin yaradılması ABŞ və İsraildə müəyyən dairələrin arzusu ola bilər, amma Yaxın Şərqin aparıcı dövlətlərinin heç biri - nə Türkiyə, nə Suriya, nə İraq, nə də İran bu dövlətin yaranmasını istəmir. Kürdlər parçalanmış formada İran, İraq, Suriya və Türkiyə ərazilərində yaşadıqlarına görə, belə bir plan bu 4 dövlətin milli maraqlarına toxunur.Bu planın arxasında duran konkret dövlətlərin iddiaları isə Yaxın Şərqi yenidən qanda boğacaq.Bu, çox təhlükəli meyildir və bunun reallaşdırılması qeyri-mümkündür. Kürdlər bölgədə kompakt halında yaşamadıqlarına görə, üstəgəl, İkinci Dünya Müharibəsindən sonra sərhədlərin dəyişdirilməməsi barədə "Helsinki Yekun Aktı”nda xüsusi məqamın olduğunu nəzərə alsaq, belə bir planın icrası bölgədə yaşayan dövlətlər arasındakı ziddiyyətləri daha da dərinləşdirəcək. Kürd dövlətinin yaradılması bölgəyə uzunmüddətli sabitsizlik gətirə bilər.Bərzaninin nə deməsindən asılı olmayaraq, bu, perspektivdə mümkün deyil.Bərzani avantüristdir”.

Q.Hüseynli vurğulayıb ki, Almaniya, İsrail, ABŞ və bir sıra digər Qərb dövlətlərində də kürd dövlətinin yaradılmasını istəməyən kifayət qədər siyasi dairələr var:

"Əgər gizli şəkildə kimsə bu planı həyata keçirirsə, bu o deməkdir ki, kimsə Yaxın Şərqin altına daha təhlükəli bomba qoyur. Hesab edirəm ki, siyasi güclər bu ehtimalı nəzərə alırlar”.

Türkiyədə kürd hərəkətlənməsi

Politoloq Hikmət Hacızadə "Cümhuriyət” qəzetinə açıqlamasında Məsud Bərzaninin iddiasının əsassız olduğunu deyib. H.Hacızadə hesab edir ki, müstəqillik uğrunda döyüşən hər bir millət və dəstə bu iddia ilə çıxış edir:

"Bölgədə gedən proseslərin mərkəzində iki məsələ dayanır: Kürdüstanın müstəqilliyi və Suriyanın ələ keçirilməsi. Əsas plan da budur ki, yaradılması planlaşdırılan kürd dövləti Qərbin regiondakı "marionetkası” olmalıdır, müttəfiqlərin istəklərini həyata keçirməlidir və onların buradakı bazası rolunu oynamalıdır. Əslində kürdləri də başa düşmək olar, 10-20 milyonluq xalqdır”.

Politoloqun sözlərinə görə, əgər Kürdüstanın müstəqilliyi elan olunsa, bu, Türkiyə üçün ciddi problemlər yaradacaq:

"Belə bir hal baş versə, o zaman Türkiyədəki kürdlər də muxtariyyət iddiaları ilə ayağa qalxacaqlar. Artıq bu hərəkat başlayıb.Kürdüstanın müstəqil elan olunması isə bu hərəkatı daha da gücləndirəcək.Türkiyədəki kürdlər də Yaxın Şərqdəki müstəqillik hərəkatına kömək edəcəklər”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları