Yuxarı

Bölgəyə xəbərdarlıq səfəri

Bölgəyə xəbərdarlıq səfəri

Tramp Gürcüstana dəstəyi artırır

ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana səfər edib. Siyasi müşahidəçilərin qənaətinə görə, bu səfər həm Tiflis, həm də Vaşinqton üçün kifayət qədər strateji əhəmiyyət daşıyır. İlk görüşünü Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə keçirən Mayk Pens şam yeməyi zamanı ABŞ prezidenti Donald Trampın sözlərini çatdırıb. "Prezident Tramp, Birləşmiş Ştatlar Gürcüstanın yanındadır”- deyə cənab Pens bəyan edib. "Gürcüstan xalqı min illərlə öz azadlığı uğrunda apardığı apardığı mübarizəyə inanıb. Bu gün məni və xanımımı Tiflisdə minlərlə insan qarşılayanda Gürcüstanda ABŞ-da olduğu kimi azadlıq istəyinin qaldığının şahidi oldum”-deyə vitse-prezident Gürcüstan xalqının şərəfinə badə qaldırıb.

Mayk Pens Gürcüstana çiçəklənən və güclü dövlət olmağı arzulayıb. Baş nazir Georgi Kvirikaşvil isə ABŞ-ı Gürcüstanın strateji tərəfdaşı adlandıraraq hər iki ölkəni qlobal təhlükəsizlik məsələsində ümumi dəyərlər və prioritetlər birləşdirdiyini deyib: "Amerika həmişə bizim yanımızda olub. Məhz buna görə də biz sizin yanınızda dayanaraq, ümumi sülhün təmin edilməsindəki təşəbbüslərinizi dəstəkləyəcəyik”. Mayk Pensin Gürcüstana səfəri NATO-nun şərqə doğru genişlənməsi kontekstində nəzərdən keçirlir. Estoniyadan Gürcüstana gələn ABŞ-ın vitse-prezidenti sonra NATO- üzvlüyünə yeni qəbul olunmuş Monteneqroya yola düşəcək. ABŞ-da hesab edirlər ki, hər üç ölkə Rusiyadan gələn təhlükə ilə üz-üzədir. Ona görə də Donald Trampın prezident seçkiləri ərəfəsində NATO-ya inamı sarsıdan bəyanatları fonunda Mayk Pensin Estoniyaya, Gürcüstana və Monteneqroya turnesi mühüm önəm daşıyır. 

Vitse-prezident Qərbdə Rusiyaya qarşı bufer-zona hesab edilən ölkələrə səfər edib. Mayk Pens Tallində olarkən Ukrayna münaqişəsində Rusiyanın mövqeyinin dəyişilməsinin vacibliyi barədə Donald Trampın ismarıcını çatdırıb. Mayk Pens ABŞ-ın yeni administrasiyasının Tiflisə rəsmi səfər edən ilk rəsmi nümayəndəsidir. ABŞ bununla şərqi və cənubi Avropadakı müttəfiqlərinə dəstəyinin davamlı olacağını nümayiş etdirmək niyyətindədir. Prezident Trampdan fərqli olaraq, mühafizəkar mövqeyi ilə seçilən cənab Pens Rusiyaya münasibətdə sərt xətt tərəfdarlarının Ağ Evdəki lideri sayılır. Ona görə də vitse-prezidentin Estoniyaya, Gürcüstana və Monteneqroya səfərləri Rusiyadan gələn təhlükəyə qarşı cavab tədbiri kimi dəyərləndirilir. Ancaq Mayk Pensin Tallində və Tiflidə verdiyi bəyanatlar iki mühüm məqamı özündə ehtiva edir. Birincisi, Rusiyaya qarşı sanksiyaların tətbiqindən sonra şərqi və cənub-şərqi Avropadakı NATO üzvü olan ölkələrə Kremlin hərbi-siyasi təzyiqlərinin artacağı gözlənilir. Artıq ABŞ prezidenti Rusiyaya qarşı sərtləşdirici sanksiyaları nəzərdə tutan yeni qanun layihəsini ratifikasiya edib. Buna cavab olaraq prezident Vladimir Putinin bəyan etdiyi kimi 755 ABŞ diplomatının Rusiyadan çıxarılacağı gözlənilir.

Yəni Kremlin ABŞ-ın Moskvadakı səfirliyinin və üç şəhərdəki konsulluğunun işçilərini ixtisar edərək 455 nəfərə qədər azaltması hər iki fövqəldövlət arasındakı münasibətləri diplomatik böhran həddinə çatdırıb. Ekspertlərin fikrincə, ABŞ-ın sanksiyalarına qarşılıq Rusiya Baltikyanı, Ukrayna və Gürcüstana istiqamətlərindən hərbi təxribatları artıra bilər. Vitse-prezident Pensin də Gürcüstana yola düşməzdən öncə Estoniyada ABŞ-ın Vaşinqton bəyannaməsinin 5-ci bəndinə uyğun olaraq, NATO-nun öz müttəfiqlərini qorumağa hazır olduğunu vurğulaması Moskvaya ünvanlanmış xəbərdarlıq mesajı hesab olunur. Doğrudur, Gürcüstan NATO-nun üzvü deyil. Ancaq adıçəkilən ölkə ABŞ-ın post-Sovet məkanında əsas hərbi müttəfiqlərindən sayılır. Gürcüstan strateji mövqeyinə görə, həm Qara dəniz hövzəsinə, həm də Cənubi Qafqaza aid dövlətdir. Krımın ilhaqından sonra Qara dəniz bölgəsində Rusiya ilə NATO arasında artan geostrateji rəqabət fonunda Gürcüstanın geosiyasi çəkisi də yüksəlməyə başlayıb. Bu baxımdan Gürcüstan NATO üçün Cənubi Qafqazın giriş qapısı hesab olunur. ABŞ hərbi bazasının Gürcüstanda yerləşməsi və bu ölkənin NATO-ya üzv olması Cənubi Qafqazda güclər balansını dəyişə bilər. Rusiyanın son vaxtlar Ermənistanda hərbi fəallığının artması da qeyd edilən prosesin qarşısını almağa yönəlik planın tərkib hissəsidir. 

Vaşinqtonda hesab edilir ki, M.Pensin səfəri Birləşmiş Ştatların Rusiya ilə gərginləşən münasibətlər fonunda Gürcüstana və bölgəyə diqqətinin artdığını nümayiş etdirir. Corc Buş və Barak Obamanın prezidentliyi dövründə ABŞ-la yüksək səviyyədə siyasi və hərbi sahələrdə tərəfdaşlıq münasibətləri quran Gürcüstan liderləri Donald Trampın hakimiyyət başına gəlişindən sonra bu kursu davam etdirmək üçün bir qədər gözləməli oldular. Ancaq bu ilin may ayında baş nazir Kvirikaşvilini Ağ Evdə qəbul edən Donald Tramp Gürcüstanı ABŞ-ın vacib müttəfiqi və strateji tərəfdaşı adlandırmışdı. Bu dostcasına jest Gürcüstanın ABŞ üçün Cənubi Qafqazda birinci müttəfiqi olduğunu göstərdi. Barak Obama dönəmi ilə müqayisədə Vaşinqtonun Tiflisə diqqəti qismən azalsa da Gürcüstan NATO-dan kənarda Amerikanın əsas tərəfdaşlarından biri olaraq qalır. 

Əfqanıstanda sayına görə, ABŞ-dan sonra ikinci böyük hərbi kontingent Gürcüstana məxsusdur. Şimali Atlantika Alyansının Gürcüstanda hərbi təlim mərkəzi fəaliyyət göstərir. Mayk Pensin səfəri ərəfəsində isə NATO-nun 2800 nəfərlik Gürcüstan və ABŞ hərbçilərindən ibarət təlimləri keçirilib. Rəsmi Tiflisin mövqeyinə görə, həmin təlimlər Gürcüstanın NATO standartlarına uyğunlaşmasına və bölgədə sabitliyin təminatına yardım göstərəcək. Gürcüstan əhalisinin böyük hissəsi NATO-ya daxil olmağın tərəfdarı olsa da Abxaziya və Cənubi Osetiyadakı münaqişələrin həllini tapmaması həmin məqsədə çatmaqda başlıca maneəyə çevrilib. 

Gürcüstanın NATO-ya üzv olması bu ölkənin təhlükəsizliyi üçün təminat deməkdir. Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsindən sonra Tiflis onları bu təhlükədən qoruya biləcək yeganə qüvvənin NATO olduğunu tam müəyyənləşdirdi. Əgər Gürcüstan Alyansa daxil olarsa, Vaşinqton bəyannaməsinin 5-ci maddəsi bu ölkəni Rusiya təhlükəsindən müdafiə edə biləcək güclü beynəlxalq zəmanətə çevriləcək. Lakin regiondakı strateji vəziyyət Gürcüstanın ərazi bütövlüyü ilə bağlı problemi aradan qaldırmağa hələ imkan vermir. 

Mayk Pensin Estoniyaya, Gürcüstana və Monteneqroya səfərləri ilə bağlı digər məqam ABŞ-ın şərqi Avropadakı geosiyasi mövqelərini gücləndirmək cəhdi ilə izah edilə bilər. Belə ki, son dövrlər Almaniya, Fransa, İspaniya, İtaliyanın Birləşmiş Ştatların maraqlarından kənara çıxan müstəqil siyasi kurs yürütməsi Vaşinqtonla Qərbi Avropa dövlətləri arasında rəqabətin dərinləşməsi ilə müşahidə olunur. 

Görünür, Tramp administrasiyası regionda geostrateji mövqelərini Amerikanın dəstəyinə ehtiyacı olan şərqi Avropa ölkələri ilə müttəfiqliyi yeni səviyyəyə qaldırmaq hesabına möhkəmlətməyə çalşır. Rusiya təhlükəsinin artması Birləşmiş Ştatların maraqlarını təmin edə biləcək tutarlı arqument rolu oynaya bilər. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları