Yuxarı

Saakaşvili inqilab anonsu verdi

Saakaşvili inqilab anonsu verdi

Məhəmməd Əsədullazadə: "Xalq Rusiyaya nifrət edir”

Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi haqqında fərman imzalayıb. Ukrayna vətəndaşlığından məhrum edildikdən sonra Gürcüstanın "Rustavi-2” kanalına müsahibə verən Saakaşvili tezliklə Ukrayna prezidentinin devriləcəyini bildirib. O, tezliklə Ukraynaya qayıdacağını da bəyan edib. Saakaşvilinin müsahibəsində diqqət çəkən əsas amillərdən biri də Poroşenkonun bu addımı atmaq üçün gürcü milyarder Bidzina İvanişvili ilə razılaşdığını ifadə etməsi olub. Belə ki, Saakaşvili bildirib ki, İvanişvili Poroşenko ilə razılığa gəlib və ona qarşı cinayət ittihamlarının sübuta yetirilməsi üçün saxtalaşdırılmış məlumat veriləcəyinə dair söz verib.

Ukraynada yaşanan hadisələr isə onu deməyə əsas verir ki, oliqarxlar demokratik hərərkata qalib gəlib. Saakaşvili də oliqarxların Poroşenkoya güclü təzyiqləri nəticəsində qovulub. Qeyd edək ki, Gürcüstanda da Saakaşivlini oliqarxlar devirmişdi. Ukraynada yeni inqilabın olması ehtimalı nə qədərdir?

"Tramp Saakaşviliyə dəstək vermədi”

Politoloq Məhəmməd Əsədullazadə "Cümhuriyət” qəzetinə açıqlamasında Saakaşvilinin siyasi baxımından sıxışdırımalsında dolayısı yolla Rusiyanın əli olduğunu bildirib:

"Obama administrasiyasının Ukraynada islahatların aparılması üçün göndərdiyi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili ilə oliqarxiyanı təmsil edən prezident Poroşenko ilə yolları ayrıldı. Əvvəlcə prezidentin muşaviri sonra isə Odessa vilayətinə qubernator təyin edilən Saakaşvilli Ukraynanın hakimiyyəti ilə korrupsiya və digər sahələrdə ciddi fikir ayrılıqlarına görə qarşı-qarşıya gəldi. Əvvəlcə bu ölkənin erməni əsilli daxili işlər naziri Avakovla qarşıdurması siyasi intiriqalara yol açdı. İslahatların davamlı olmaması, rüşvət və korrupsiyanın səviyyəsi, büdcədə oğurluqlar Saakaşvillini Poroşenko əleyhdarına çevirdi. Artıq vəziyyət o qədər kəskinləşmişdi ki, Saakaşvilli müxalifətə keçib, siyasət meydanında Poroşenkonu iddiham edirdi. Təbii ki, Saakaşvillinin mövqeyinin zəifləməsində ABŞ-da Trampın hakimiyyətə gəlməsi də böyük rol oynadı. Çünki, Tramp administrasiyası Saakaşviliyə dəstək vermədi. Nəticədə mövqelərini itirən sabiq prezident düşmən mövqedə olduğu Tiflisdə İvanaşvilinin təzyiqləri ilə üzləşdi. Rusiyanın birbaşa istəyi ilə rəsmi Tiflis Poroşenkodan Saakaşvilini uzaqlaşdırmasınıda istəmişdi. Artıq Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxardı”.

"Saakaşvili üçün "Ukrayna layihəsi” bitdi”

M.Əsədullazdənin fikrincə, Rusiya Saakaşvilinin bir daha siyasətə qayıtmasına imkan verməyəcək:

"Sabiq prezidentin müsahibəsində Poroşenkonun devrilməsinin ölkədə ağır sosial-iqtisadi vəziyyət, Rusiyanın artan təzyiqləri və Şərqi Ukraynada davam edən müharibənin nəticəsindən asılı olacağını vurğulayır. Hesab edirəm ki, xalq inqilaba artıq həvəsli deyil. Şərqi Ukraynada müharibə xalqın inqilaba qalxacaq yolunu bağladı. Pis-yaxşı Avropaya inteqrasiya siyasəti aparan hakimiyyət formalaşdırıb. Xalq Rusiyaya nifrət edir. İnqilab olarsa Rusiya ciddi təzyiqlər və müdaxilələr edə bilər. Ona görə də hər hansı bir inqilabın olması gözlənilmir. Avropa özü də indiki hakimiyyəti dəstəkləyir. Tramp administrasiyası məhz Ukraynaya görə Rusiyaya tətbiq etdiyi sanksiyaları genişləndirir. Qeyd edim ki, Saakaşvili üçün Ukrayna layihəsi artıq bitdi. Ən yaxşı halda sabiq prezident pedaqoji fəaliyyətlə, yaxud da ölkəsinə qayıdıb, məhkəmə və ya həbsdən sonra siyasətə qədəm qoya bilər”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları