Yuxarı

ABŞ 3 cəbhədə savaşacaq

ABŞ 3 cəbhədə savaşacaq

Fikrət Sadıxov: "Trampın ətrafı  başa düşür ki, əgər nüvə silahından istifadə etsələr...”

Amerika Birləşmiş Ştatlarının İran, Rusiya və Şimali Koreya ilə kəskinləşən münasibətləri kritik həddə çatmaqdadır. Artıq dünyada başlayacaq yeni müharibənin işartıları görünür. Bunun ilkin təhlükələri hiss edilməkdədir. Proseslər belə davam edərsə, böyük ehtimalla müharibə ilə nəticələnəcək. Məsələ burasıdır ki, nə ABŞ bu üç dövlət qarşısında geriyə addım atır, nə də onlar bu ölkə qarşısında geri çəkilmək fikrindədirlər. Tərəflər arasında gərginləşən münasibətlər isə sonu xeyir olmayan proseslərdən xəbər verir. 

ABŞ-Rusiya münasibətlərinin hazırkı durumu aşağı səviyyədədir. İki ölkə arasında etimad həddindən artıq aşağı düşüb. İranla nüvə sazişi problemi yaşayan ABŞ bu məsələdə dalana dirənib. Şimali Koreya ilə aralarında  son vaxtlar ciddi gərginlik yaşanır. Belə ki, amerikalı senator Lindsi Qrem də bəyan edib ki, Tramp özü açıq şəkildə bildirib ki, müharibə olacaq.  Senatorun sözlərinə görə, prezident Donald Tramp Şimali Koreyanın raket və nüvə proqramının güc yoluyla həllinə hazırdır. O, qeyd edib ki, Tramp imkan verməyəcək ki, Pxenyan ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketlə silahlansın. "Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa, onlar orada öləcəklər, burada, Amerikada deyil. Tramp bunu mənim düz üzümə dedi”- senator bildirib.

Maraqlıdır, ABŞ üç cəbhədə necə mübarizə aparacaq?

Siyasi məsələlər üzrə şərhçi Fikrət Sadıxov "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, həqiqətən geosiyasi qaqşıdurma güclənib və bundan sonra da güclənməkdədir:

"Çünki ABŞ-ın bir sıra dövlətlərə qarşı sanksiyaları və digər tərəfdən bir sıra regionda maraqların üst-üstə gəlməməsi müəyyən mənfi nəticələr verə bilər. Bu bəyanatlar təsadüfi deyil. Əslində inandırıcı deyil ki, nüvə silahının istifadəsinə gəlib çatsın. Çünki bu qarşılıqlı şəkildə təhlükə yaradır. Kiməsə qarşı nüvə silahı istifadə olunursa, o tərəf də bundan yararlana bilər. Ola bilsin ki, bunun gücü daha zəif ola bilər. Amma hər halda müəyyən bir cavab zərbəsi bu ölkəyə dəyə bilər. İlk növbədə əgər ABŞ qarşısına belə bir məqsəd qoysaydı, onda heş sanksiyanı tətbiq etməzdi. Elə birbaşa silahdan istifadə edə bilərdilər. Halbuki onlar sanksiyaların istifadəsinə üstünlük verirlərsə, demək ilkin mərhələdə görünür ki, bundan sonra danışıqlar prosesi getməlidir. Bu məsələdə bütün yollardan istifadə etmək lazımdır. Çünki orada gücü istifadə etmək qorxusu və bununla bağlı bəyanatların verilməsi, eyni zamanda danışıqların aparılması da mütləqdir”.

Politoloq qeyd edib ki, neçə illərdir ki, "Altılıq” İranın nüvə proqramı ilə bağlı bu ölkə ilə danışıqlar aparıb və vaxtilə bir nəticə əldə olunub:

"Düzdür? ABŞ Administrasiyası  bununla razı deyil. Amma hər halda hansısa bir kompromis nəticələrə gətirib çıxarıb. Ona görə də Trampın və onun ətrafında olan siyasətçilərin düşüncəsi o qədər də sistemli şəkildə nümayiş olunmur. Tramp özü zəngin siyasi təcrübəyə malik şəxsiyyət deyil. Amma ətrafında olan sağlam düşüncəli insanlar başa düşürlər ki, əgər bunlar nüvə silahından istifadə etsələr, bunun çox acı nəticələri olacaq. Hətta ABŞ-ın maraqlarına da zərbə dəyə bilər. Hər halda reallıq budur ki, gərginlik artacaq, geosiyasi qarşıdurma davam edəcək və bunun müqabilində tərəflər bir-birini günahlandıracaq, hədə-qorxu gələcək, eyni zamanda həmin o təhlükələr artacaq”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları