Yuxarı

NATO qarşılığında torpaq...

NATO qarşılığında torpaq...

Elşən Manafov: "Gürcüstan NATO üzvü ola bilər, ancaq Rusiya ilə daha ciddi problemlər yarana bilər”

Gürsütanın Rusiyadan uzaqlaşması və Avrointeqrasiya yolunu tutması ərazilərinin bir hissəsinin itirilməsi ilə nəticləndi. Rəsmi Tiflis illərdir çalışsa da Gürcüstan hələ də NATO üzvü deyil. Qeyd edək ki, Gürcüstanın NATO-ya üzv olması məsələsi 2008-ci il Buxarest sammitində baxılıb və bu istiqamətdə müsbət rəy verilib. Bu günlərdə isə ABŞ-ın vitse-prezidenti Mayk Pensin Gürcüstana səfər etdi və paytaxt Tiflisdə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili ilə birgə mətbuat konfransı keçirdi. 

Amerikalı diplomat mətbuat konfransında Gürcüstanın NATO-ya üzv olması məsələsini gündəmə gətirərək ABŞ-ın bu prosesə dəstək verdiyini bəyan etdi. M. Pens Gürcüstanda çoxmillətli hərbi təlimlərin keçirildiyini xatırladaraq bildirib ki, bu, Gürcüstana öz müdafiə qabiliyyətini artırmağa imkan verir və ABŞ-ın dəstəyinə dair nümunələrdən biridir: "Prezident Tramp və mən Gürcüstanın NATO üzvü olacağına dair 2008-ci il Buxarest sammitinin bəyanatını dəstəkləyirik. Gürcüstanın bir sıra NATO ölkələrini ötərək öz Ümumi Daxili Məhsulunun 2 faizini hərbi sahəyə ayırması da çox müsbət haldır”.

"Cümhuriyət” qəzetinə şərhində politoloq Elşən Manafov Gürcüstanın NATO üzvü olacağı tədqirdə üzləşəcəyi problemlərə toxunub. Politoloqun fikrincə, bu proses Rusiya ilə problemləri daha da dərinləşdirəcək:

 "Gürcüstan müstəqil dövlətdir və hansısa beynəlxalq təşkilata üzv olması onun suveren hüququdur. Narıncı inqilabla hakimiyyətə gəlmiş bundan öncəki  Saakaşvili iqtidarı NATO-ya üzvlüklə bağlı gərəkən bütün addımları atıb və siyasi qərarlar verib. Lakin 2008-ci ildə Saakaşvilinin Abxaziya və Cənubi  Osetiya ilə bağlı atdığı addımlar  Rusiya ilə qarşıdurmaya gətirib çıxardı. Bu qarşıdurma Gürcüstanın NATO-ya inteqrasiya prosesini müəyyən mənada ləngitdi. Saakaşvilidən sonra isə İvanişvilinin hakimiyyətə gəlməsi bu prosesi tamamilə arxa plana atdı. Çünki İvanaşvilinin Kremillə bağlılığı haqqında müəyyən fikirlər var idi. Bu da təsadüfi sayıla bilməzdi. İvanişvili milyarder olaraq öz biznesinin əhəmiyyətli hissəsini məhz Rusiyada qurmuşdu. Hazırda Gürcüstanın NATO ilə əməkdaşlığı çərçivəsində qəti addımların atıldığı müşahidə olunur. Təbii ki, bu mənada Gürcüstanın yaxın gələcəkdə NATO-ya inteqrasiyası mümkün ola bilər. Baxmayaraq ki, Gürcüstan iqtidarı Rusiya ilə münasibətləri də qarşılıqlı hörmət kontekstində qurmaqda maraqlıdır. Nəzərə almaq lazımdır ki, Gürcüstanın kənd təsərrüfat mallarının əksər hissəsinin, hətta məşhur mineral sularının idxalçısı məhz Rusiyadır. Gürcüstanın çaxır-şərab istehsalının Rusiya bazarına çıxarılmasında yaranan müəyyən əngəllər iş adamlarına da ciddi problemlər yaratdı. Təbii ki, bütün bunlar Gürcüstan hakimiyyətini Rusiya ilə daha təmkinli, düşünülmüş siyasət yürütməyə sövq edir”.

Politoloq hesab edir ki, Gürcüstan NATO-ya üzv olacaqsa, Abxaziya və Cənubi Osetiyadan birdəfəlik əlini çəkməli olacaq:

"Çünki bu halda bu ərazilərin Rusiyaya birləşdirilməsi ilə bağlı rəsmi Moskvanın mövqeyi birmənalı olacaq. Hələ ki, Rusiya bu addımı atmayıb. Beynəlxalq təşkilatlar Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımasa da, Rusiyaya yaxın olan Venesuela kimi ölkələr tanıyıb. NATO bütün bəyanatlarında Gürcüstanın ərazi bütövlüyünü tanıyır. Amma xatırlatmaq lazımdır ki, 2008-ci ildə baş verən məlum qarşıdurma zamanı NATO Gürcüstanı Rusiya təcavüzündən qorumaq üçün konkret bir addım atmadı. Bu mənada düşünürəm ki, Gürcüstan NATO üzvü ola bilər, ancaq  Rusiya ilə daha ciddi problemlər yarana bilər”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları