Yuxarı

Qarabağa sentyabr formulu

Qarabağa sentyabr formulu

Rəşad Süleymanov: "Düşmən Azərbaycanı təxribata çəkməklə öz ərazilərinə müdaxiləyə sövq etmək istəyir”

Ramil Hüseynov: "Hazırkı situasiyada hansısa irəliləyişin olacağına inanmaq çətindir”

Ermənistan - Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ətrafında ilginc iddialar ortaya çıxmağa başlayıb. Bir sıra nüfuzlu KİV-lərin diplomatik mənbələrə istinadən yaydıqları məlumatlara görə, sentyabr ayında Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi planlaşdırılan görüşdə münaqişənin böyük ölçüdə həllinə dair anlaşma əldə oluna bilər. Nazirlərin görüşünün prezidentlərin növbəti görüşü üçün hazırlıq mərhələsi olduğu bildirilir. 

Ehtimallara görə, xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyası çərçivəsində baş tutacaq görüşündə konkret təklif, yaxud yekun həll variantı müzakirə olunacaq. Qeyd olunur ki, danışıqları pozmayacaq hallar yaşanmasa, prezidentlərin payız aylarında keçirilməsi ehtimal olunan görüşündə Dağlıq Qarabağ münaqişəsinin üçmərhələli həlli razılaşdırıla bilər.

Tərəflərin hansı variant üzərindən yenidən danışıqlara başlayacağına gəlincə, hesab olunur ki, yekun variantın müəllifi Rusiyadır və bunun artıq münaqişə tərəflərinə təqdim olunduğu bildirilir. Planda hansı məsələlərin yer alması barədə ehtimal olmasa da təklifin Azərbaycan və Ermənistan tərəfindən müsbət qarşılandığı iddia olunur.

YAP-dan xəbərdarlıq: "Ay yarıma xoş xəbər eşidəcəyik”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Yevda Abramov da Dağlıq Qarabağ münaqişəsinin həlli proseslərində tezliklə müsbət dönüşün olacağını istisna etmir. "Yeni Müsavat” qəzetinə danışan Y.Abramov qeyd edib ki, problemin həlli üçün zəmin yaranıb: "Hesab edirəm ki, Qarabağ məsələsi ilə bağlı ay yarımda-iki ayda hamımızı sevindirəcək bir hadisə olmalıdır, bu, gözlənilir. Çünki vəziyyət belə qalmaz, Soçi görüşü də bunu sübut edir”

"Diplomatları hərbçilər əvəz edə bilər”

"Azeri Defence” hərbi-texnoloji jurnalının redaktoru, hərbi-ekspert Rəşad Süleymanov "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistan tərəfi həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün zəmin yarananda təxribatçı addımlar ataraq danışıqlar prosesindən qaçır. Ekspert işğalçının bu dəfə də pozucu fəaliyyətlə mərkəzdənqaçan xətt seçəcəyini istisna etməyib:

"Son vaxtlar təmas xəttində və Ermənistan - Azərbaycan sərhədlərində düşmən tərəf aktivlik nümayiş etdirir. Ermənilər atəşkəs rejimini intensiv şəkildə pozurlar. Ümumiyyətlə, danışıqlar bəlli bir mərhələyə gələndə, münaqişənin həlli üçün işartı yarananda Ermənistan təxribata əl atmaqla danışıqlar masasından qaçmağa çalışır. Düşmən bu cəhdlərindən mövcud status-kvonu saxlamaq üçün istifadə edir. Xüsusilə də Ermənistan ordusu son zamanlarda Azərbaycanla sərhədlərdə vəziyyəti gərginlikdə saxlamağa çalışır. Azərbaycanı təxribata çəkməklə  öz ərazilərinə müdaxiləyə sövq   etmək istəyir. Ermənistanın bu təxribatları döyüş əməliyyatlarının yenidən başlamasına zəmin yarada bilər. Döyüş ehtimalı həmişə aktualdır. Azərbaycan Ermənistana qarşı aprel döyüşlərindən də dağıdıcı tədbirlər görə bilər. Düşmən özü bizi buna məcbur edir. Ermənistan başa düşür ki, masaya oturmasa, diplomatları hərbçilər əvəz edəcəklər. Bu zaman da heç bir güzəşt və şans olmayacaq, proseslər tamamilə əksinə cərəyan edəcək”.

"Beynəlxalq güclərin ortaya çıxardığı maneələrlə üzləşmişik”

Vətəndaş və İnkişaf Partiyası (VİP) sədrinin müavini Ramil Hüseynov "Cümhuriyət” qəzetinə açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllində tezliklə irəliləyişin olacağına inanmadığını deyib. VİP rəsmisi bunu problemin həlli prosesinin qarşısında beynəlxalq güclərin dayanmasıyla əlaqələndirib: 

"Münaqişənin həlli ilə bağlı gözləntim müsbət deyil. Hazırkı situasiyada hansısa irəliləyişin olacağına inanmaq çətindir. Çünki indiyədək aparılan görüşlərdən əvvəl ortaya müxtəlif iddialar çıxıb, həllə yaxın olduğu bildirilib, amma heç bir nəticəsini görməmişik. Güman edirəm ki, bu dəfə də tərəflər arasında baş tutacaq görüşdə nəticə olmayacaq. Dağlıq Qarabağ münaqişəsinin həll olunmasının yeganə yolu, müharibədən keçir. Ancaq hərbi variantı seçməklə torpaqlarımızı geri qaytara bilərik. Çünki məsələnin həlli təkcə Ermənistanın razılığından asılı deyil, bu, beynəlxalq güclərdən asılı olan problemdir. Münaqişənin həll olunmasını da həmin güclər istəmirlər. Biz dövlət olaraq güclənməliyik və öz ordumuzu da gücləndirməliyik, həll prosesinə tamamilə hazır olmalıyıq”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları