Yuxarı

Türkiyə daxili savaşa sürüklənir

Türkiyə daxili savaşa sürüklənir

Taleh Əliyev: "Kimlərsə artıq prosesə start veriblər”

Məhəmməd Əsədullazadə: "Hakimiyyət bunun qarşısını almasa...”

Türkiyədə baş verən hadisələr dini və sekulyar kəsim arasında ciddi qarşıdurma yaradıb. Belə ki, ötən gün Türkiyənin Şanlıurfa şəhərində Türkiyə cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün heykəlinə hücum olub. Səyyar ticarətlə məşğul olan Mehmet Malbora "Dinimizdə bütpərəstliyə yer yoxdur" deyərək Atatürkün heykəlini dağıtmaq istəyib. Dəhrə ilə heykəli dağıtmaq istəyən Mehmet Malboranın hərəkətləri barədə dərhal polisə məlumat verilib. Hadisə yerinə gələn asayiş keşikçiləri radikal dindarı həbs edib. Sonradan Atatürkün heykəlinə zərər vermək istəyən şəxsin psixoloji problemlərinin olduğu açıqlanıb.

Bu günlərdə Türkiyədə daha bir gərginlik yaradacaq qərar çıxarılıb. Türkiyə hökuməti rəsmi nikah kəsmək səlahiyyətlərini bələdiyyələrdən alaraq müftilərə verib. Hesab edilir ki, bu qərar azyaşlıların nikahının çoxalmasına gətirib çıxaracaq.

Ümid Partiyası sədrinin müavini Taleh Əliyev "Cümhuriyət”ə açıqlamasında baş verən hadisəni türk toplumunu parçalamağa hesablanmış təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, bu hadisə kimlərinsə artıq bu prosesə start verdiyini göstərir: 

"Həmin görüntüləri mən də izlədim. Təbii ki, heç də ürəkaçan mənzərə deyil. Düşünmürəm ki, bu hansısa dindarın təşəbbüsüdür. Bu hadisəni daha çox Türkiyəni daxili savaşa sürükləməyə hesablanmış bir addım kimi dəyərləndirirəm. Ancaq bu o, qədər də uğurlu bir layihə deyil. Atatürk bütövlükdə Türkiyə dövlətçiliyinin simvolu kimi qəbul olunur. Onu sevməyənlər belə cəsarət edib Atatürk əleyhinə açıq və sərt formada danışa bilmirlər. Türkiyə siyasiləri zamanında bu kimi təxribatların qarşısını alacaq düşüncəyə sahibdirlər. Amma bütün hallarda bu cür hadisələrin təkrar olunmaq ehtimalı var. Əgər bu bir dəfə baş veribsə, demək ki, kimlərsə artıq prosesə start veriblər. Bu prosesin ardı da digər vilayətlərdə fərqli formalarda baş verə bilər. Baş verməsi də gözlənilir. Amma bütün hallarda bu cür gedişlərin türk toplumunu parçalamağa yetəcək addımlar olduğuna inanmıram. Təkcə Türkiyədə deyil, bütün müsəlman ölkələrində liderlərin heykəlləri var. Bunu bütpərəstliklə əlaqələndirməyin özü bir cəhalətdir. Heykəli dağıtmaq isə islamın mahiyyətindən kənar davranışdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazdə isə baş verənlərin Türkiyənin təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyini bildirib. Onun sözlərinə görə, hakimiyyət gedən proseslərin qarşısını almasa, bu cəmiyyətdə ciddi qarşıdurmalara səbəb olacaq: 

"Türkiyədə AKP hakimiyyətə gəldikdən sonra dinin siyasətə qarışması getdikcə artmağa başladı. Dini cameənin Atatürk ideyalarına qarşı təbliğatı ölkədə günü-günüdən ziddiyyətləri artırmağa başlayıb. Təbii ki, burada hakim partiyanın apardığı siyasət də mühüm rol oynayır. Artıq Türkiyə cəmiyyətində də qütbləşmə getdikcə dərinləşir. Kamalizm ideyalarına basqılar,Türkiyə dövlətçiliyinə qarşı mübarizənin bir hissəsinə çevrildi. Çünki, Kamalizm Türkiyənin bütövlüyünü və dünyəviliyini qoruyur. Atatürkün məlum heykəlinə qarşı dindarların hücumları məhz bu qəbildəndir. Ölkədə Osmanlı-dini idarəetmə siteminin bərpasına cəhd ciddi siyasi problemlərə yol açır. Hesab edirəm ki, Türkiyədə baş verənlər ölkənin milli təhlükəsizliyinə ziddir. Hakimiyyət dini kəsimlə sekulyar rejim arasında münasibətlərin kəskinləşməsinin qarşısını almasa, cəmiyyətdə  problemlər kəskinləşəcək”.

Vilayət Muxtar





Həftənin ən çox oxunanları