Yuxarı

İran işğalçını gücləndirir

İran işğalçını gücləndirir

Vüqar Zifəroğlu: "Faktiki olaraq İran Ermənistanı siyasi nöqteyi-nəzərdən dəstəkləyir”

İran İslami Şura Məclisi (parlament) İslam Respublikası ilə Ermənistan arasında sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqləyib.Bunu deputat Zəhra Saey bildirib. Onun sözlərinə görə, razılaşma sərhədlərin qonşularla birgə idarə edilməsi planının bir hissəsi olub, Norduz sərhədyanı terminalına da daxildir: "Bu, İranın ticarət balansının dəstəklənməsinə yönəlib. Norduz Ermənistanla ümumi yeganə quru sərhədyanı terminaldır”

Deputat qeyd edib ki, rəsmi statistikaya əsasən İran təqvimi ilə (martın 20-də başa çatan Hicri-şəms təqvimi nəzərdə tutulur) cari il (2017-ci ilin mart-iyul aylarında) bu ölkədən Ermənistana 107,35 milyon dollarlıq qeyri-neft məhsulu, bu müddətdə isə Ermənistandan İslam Respublikasına 443,512 min dollarlıq mal ixrac olunub. 

Müsəlmançılığı unudub qərar vermək bu ola gərək. İran Ermənistanın güclənməsində maraqlıdır.Çünki Ermənistan gücləndikcə Azərbaycanın başı işğalçı ölkəylə mübarizəyə qarışır, nəticədə Güney məsələsi diqqətdən kənarda qalır.

İranın güclü Ermənistan marağının arxasında nə durur?

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu "Cümhuriyət” qəzetinə bildirib ki, İran İslami Şura Məclisinin Ermənistanla sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiq etməsində qeyri-adi bir şey yoxdur:

"Bu, gözlənilən bir məqam idi.Hazırda Ermənistanla İranın ticari münasibətlərin artırılması məsələsi aktualdır. Əldə olunan rəqəmlərə baxsaq görərik ki, bu, heç də az deyil. 2017-ci ilin ilk 6 ayı üçün Ermənistandan İrana mal ixracının həcmi təqribən yarım milyon dollar səviyyəsində olub.Eyni zamanda İrandan Ermənistana qeyri-neft məhsullarının ixracı 107 milyon civarında olub.Bu əlaqələrin daha da genişlənməsi məsələsi gündəmdədir.İran Cənubi Qafqazda və Yaxın Şərqdə öz marağı olan bir gücdür.Bu mənada Qarabağ probleminin mövcudluğu Cənubi Qafqazda həm Ermənistana, həm də Azərbaycana təsir edə bilmək üçün bir alətdir.İran da mütəmadi şəkildə bu vasitədən öz maraqları üçün istifadə edir.Faktiki olaraq İran Ermənistanı siyasi nöqteyi-nəzərdən dəstəkləyir”.

Şərqşünas bugünlərdə İrandan Azərbaycanla bağlı verilən açıqlamalara toxunaraq qeyd edib ki, bunun arxasında hansısa məqsədlərin olması gözlənilən idi:

"İyulun 27-də İranda üç gün davam edən Qarakilsə mərasimi keçirildi. Bu ayin İranın Qərbi Azərbaycan Əyalətinin Çaldıran məntəqəsində yerləşən Qarakilsə kilsəsində təşkil olundu. Demək olar ki, hər il dünyanın müxtəlif yerlərində yaşayan ermənilərin dini mərasim adı ilə toplaşması bir adətə çevrilib. Məlumatlara görə ötən ay keçirilən mərasimə 5 min nəfərə yaxın İran və dünya erməniləri toplaşıb.İran mütəmadi şəkildə həm iqtisadi-siyasi, həm də mədəni sahələrdə əlaqələrdən istifadə edərək Ermənistana öz dəstəyini ifadə edir.

Bundan əlavə İranın ali dini lideri Ayətullah Seyyid Əli Xamneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulin açıqlamasındadeyib: "İran və Azərbaycan bir millət-iki dövlətdir”, "Ərdəbildə əhli-beyt məktəbinin güclənməsində Səfəvilərin rolu” ilə bağlı konfrans keçirilir. Səfəvilər Azərbaycan və İranın müştərək tarixidir”, "Bakı da Azərbaycanındır, Qarabağ da”, "İran və Azərbaycan Arazın iki qoludur” kimi ifadələr səsləndirib. Onun İranla Azərbaycanın münasibətlərini şərh edən açıqlaması, əslində çox düşündürücü oldu.Təkcə ona görə yox ki, bu açıqlama əslində bizim illərdir İrandan gözlədiyimiz, umduğumuz sözlərin və fikirlərin ifadəsi idi, həm də ona görə ki, zamanla diqqət çəkici idi.Açıqlamadan cəmi bir neçə gün sonra, İran İslami Şura Məclisi Ermənistanla aralarındakı sərhədyanı əməkdaşlığa dair razılaşmanı təsdiqlədi.Sual olunur, bu açıqlama nə idi, bu razılaşmanı təsdiq etmək nə?Əgər İran özünü Azərbaycanla doğrudan da bir millət iki dövlət hesab edirsə və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, bunu sözdə deyil, əməldə göstərməli idi.Ən azından Türkiyə kimi Ermənistanla diplomatik əlaqələrinə son qoya bilərdi.İran Cənubi Qafqazda olan konflikt məsələlərdə, xüsusən də 1991-ci ildən sonra  Azərbaycan müstəqillik əldə etdikdən sonra Ermənistanın tərəfində dayandı”.

İranın Ermənistana təsir imkanları varmı?

Vüqar Zifəroğlunun sözlərinə görə, İranın təsir imkanları var:

"Məlumdur ki, Rusiya ilə Ermənistanın birbaşa quru yolu yoxdur. Müxtəlif dönəmlərdə Ermənistana rəhbərlik edən şəxslərin açıqlamalarında birmənalı şəkildə göstərilir ki, İran Ermənistana nəfəslik rolunu oynayıb.Nəfəslik rolunu oynayan bir dövlətin kiçik bir dövlətə təsir etmək imkanı əlbəttə ki, var. Sadəcə olaraq İran öz dövlət maraqlarından çıxış edərək və Azərbaycanın güclənməsini istəməyərək Ermənistana hər bir dəstəyini davam etdirməkdədir”.

Yeganə Oqtayqızı





Həftənin ən çox oxunanları