Yuxarı

Türk ordusu tətikdə

Türk ordusu tətikdə

Sədrəddin Soltan: "Türkiyə hər üç varianta  hazır olmalıdır”

Avqustun 8-9-da Türkiyə, Rusiya və İranın xarici işlər nazirlərinin Tehranda birgə görüşü keçirilib. Tərəflər Suriyada atəşkəsin təmin edilməsi və münaqişənin həllinə dair Astana danışıqlarının davam etdirilməsi məsələlərini müzakirə ediblər. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Suriyanın İdlib bölgəsində ən böyük və bəlkə də ən çətin təhlükəsizlik zonasının yaradılması üzərində işlədiklərini deyib. 

Türkiyəli politoloq İkbal Dürre Türkiyənin Suriyanın şimalında "Fərat qalxanı” əməliyyatının ikinci mərhələsinin başlanmasında bu görüşün mühüm əhəmiyyət daşıdığını qeyd edib. "Uzun fasilədən sonra prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında hərbi əməliyyat keçirməyə hazır olduqlarını bəyan etdi. Hər şeydən əvvəl Türkiyəni Afrində başlatmaq istədiyi əməliyyata Rusiyanın reaksiyası maraqlandırır. Heç kimə sirr deyil ki, həmin ərazidə rus əsgərləri var. Ona görə də bu əməliyyat Moskvasız alınmayacaq. Digər tərəfdən, Çavuşoğlu bildirib ki, Türkiyə və Rusiyanın mövqeləri üst-üstə düşür. Hər iki tərəf Suriyanın bütövlüyünün və parçalanmamasının tərəfdarıdır”. 
Qeyd edək ki, Türkiyənin Afrin bölgəsini PYD/YPG terrorçularından azad etmək üçün Suriya ilə sərhəddə 25 min silahlı qüvvə və hərbi texnika cəmlədiyi bildirilir. Prezident Rəcəb Tayyib Ərdoğanın da anonsunu verdiyi 25 minlik qüvvə Təl-Abad, Minbiç, Afrin və Təl-Rıfat bölgələri istiqamətində cəmləşib. Türkiyə mətbuatında yer alan xəbərə görə, 2014-cü ildən bölgədə nəzarəti artıran PKK-nın təmzilənməsi üçün bütün ehtimallar dəyərləndirilir. Təşkilatın "Fərat qalxanı"əməliyyatı ilə təmizlənən bölgələrə raket və hava hücumu təşkil etməsi rəsmi Ankaranı cavab tədbirlərinə vadar edib. 

Türkiyəyə qarşı təhdidin miqyası artdığına görə əhalisi ərəb və türkmənlərdən ibarət olan Tel Rifat, Minbiç və Təl-Abad xüsusilə diqqət mərkəzindədir. Bu 3 bölgə Türkiyənin terrordan təmizləmək istədiyi ərazilər siyahısında ilk yerdədir. Terror təşkilatına qarşı keçiriləcək əməliyyatda iştirak üçün 25 minlük qüvvə hazırlanıb. "Yeni şafak" qəzetinin yazdığına görə, Suriyadakı 15-17 minlik Azad Suriya Ordusu ilə 8 min türk əsgəri də Ankaradan hərəkət əmri gözləyir. Rusiya ilə razılaşma əldə olunarsa, "Fərat qalxanı-2” əməliyyatı yaxın günlərdə başlaya bilər. Ancaq tərəflər arasında qarşılıqlı şərtlərin nədən ibarət olduğu açıqlanmır. 

"Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, Suriyada siyasi və hərbi proseslərin gedişində yeni mərhələ başlayır: "Raqqanın terrorçulardan azad edilməsi ilə İŞİD-dən sonrakı dövrə hazırlıq mərhələsi gedir. Belə ki, bununla bağlı üç variantın baş verməsi mümkündür. Birincisi, Suriya parçalana bilər. İkincisi, Suriyada muxtariyyət yarana bilər və yaxud Suriya federativ dövlətə çevrilə bilər. Üçüncüsü, Suriyada silahlı qarşıdurma davam edə bilər. Türkiyə hər üç varianta hazır olmaq üçün Suriyaya yenidən ordu yeridə bilər. Rusiyanın hərbi hava qüvvələri daha çox Suriya ərazisində olduğundan anti-terror əməliyyatlarına aviazərbələr vasitəsilə dəstək verə bilər. İran isə Bəşər Əsədi müdafiə etməklə yanaşı, İslam dininə məxsus bəzi müqəddəs yerlərin keşiyini çəkdiyini bəyan edir. Türkiyə öz növbəsində, bildirir ki, Suriya ilə sərhəd boyu ərazilərdə ölkəsinin təhlükəsizliyini müdafiə edir, eləcə də Suriyadakı türkmənləri, ərəbləri terrorçulardan qoruyur və onların öz yurdlarından didərgin düşməsinə imkan verməməyə çalışır. Rusiya isə Bəşər Əsəd hakimiyyətinə dəstək verməklə yanaşı, həm də öz əməliyyatlarını uğurla həyata keçirməyə çalışır.

ABŞ PKK terrorçu qruplarının Suriyadakı qolu olan PYD və YPG-dən istifadə etməklə Raqqanın azad olunmasını və "Fərat qalxanı” əməliyyatının birinci mərhələsində Türkiyə silahlı qüvvələrinin terrorçulardan təmizlədiyi bölgələrdə nəzarəti ələ almaq, orada öz hərbi bazasını yerləşdirmək istəyir. Həmin ərazilərdə isə təbii qaz ehtiyatları var. Burada mübahisə mövzusu yalnız Suriyanın gələcək siyasi xəritəsi ilə bağlı deyil. Bölgədə marağı olan dövlətlər Suriyanın enerjidaşıyıcıları mənbələrinə nəzarət uğrunda rəqabət aparır. Rusiya çalışır ki, bu məsələdə fəaliyyətini Türkiyə ilə koordinasiya etsin. Türkiyə də həm Qərbin anti-terror koalisiyası ilə, həm də Rusiya və İranla atəşkəs rejiminin qorunması, informasiya mübadiləsi kimi sahələrdə əməkdaşlıq edir. Türkiyə çalışır ki, PYD və YPG-yə dəstək və silah verilməməsində Rusiya ilə anlaşmaya nail olsun. İran çalışır ki, daha çox əraziləri ələ keçirsin. Yəni çox qarışıq bir mənzərə var. Bu mənzərədə də Türkiyə beynəlxalq hüquqa uyğun olaraq, öz ərazisini PYD terrorçularından müdafiə etmək üçün Suriya ilə 920 km-lik sərhəddə öz ordusunu yerləşdirərək təhlükəsizlik tədbirləri görür. Çünki Suriyada bütövlükdə xaosdur, hakimiyyət ölkəyə nəzarət edə bilmir. Türkiyənin bu məsələləri razılaşdıracağı dövlətlərdən biri də Rusiyadır. Rusiya razılıq versə, Türkiyə terrorçulardan həm öz ərazisini, həm də Suriyadakı dinc türkmən, ərəb əhalisini qoruya bilər”. 

Ekspert onu da qeyd etdi ki, Türkiyə, ABŞ, Rusiya və İranın müdafiə etdiyi qüvvələrlə bağlı şərtlər və Suriyanın gələcək taleyi məsələsi hazırda ciddi müzakirə predmetidir. Situasiyadan asılı olaraq, şərtlər də dəyişə bilər. Lakin Türkiyə Rusiya ilə razılaşmaya görə, ABŞ-la müttəfiqlikdən imtina etməyəcək: "Əgər Türkiyə parlamenti qanun qəbul etsə, Türkiyə silahlı qüvvələri Suriyaya daxil olacaq. Eyni zamanda, ABŞ bir çox Qərb ölkələri Türkiyənin NATO-dakı müttəfiqləridir. Bu, Türkiyə ordusunun bölgədəki hərbi əməliyyatlarda fəal iştirak etməsi deməkdir. İran isə Suriyada ordusunun olmadığını, hərbi əməliyyatlarda iştirak edənlərin könüllülər olduğunu iddia edir. Rusiya və ABŞ da bölgədəki hərbçilərinin təlimatçılar olduğunu deyir. Amma Türkiyə hərbi əməliyyatlarda birbaşa açıq iştirak edir. Ona görə də Türkiyə bu addımını Qərbdəki müttəfiqləri ilə yanaşı, Rusiya ilə razılaşdırmalıdır. Ona görə də həm Rusiyanın, həm ABŞ-ın mövqeyi Türkiyə üçün önəmlidir”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları