Yuxarı

Körfəzdə müharibə rüzigarı

Körfəzdə müharibə rüzigarı

Sülhəddin Əkbər: "Birləşmiş Ştatlar hazırda Şimali Koreya ilə müharibə astanasındadır”

Fars Körfəzində və Hörmüz boğazı yaxınlığında ABŞ-İran qarşıdurmasının artması müşahidə olunur. Xəbər verildiyi kimi, İranın "Qum-1”pilotsuz təyyarəsi ABŞ-ın Fars Körfəzindəki hərbi dəniz qüvvələrinə məxsus "USS Nimitz” hərbi gəmisinə eniş etmək istəyən F-18E qırıcısına 30 metr yaxınlaşıb. Qırıcı toqquşmadan yayınmaq üçün istiqamətini dəyişmək məcburiyytində qalıb.

Xatırladaq ki, iyulun 25-də də İrana məxsus hərbi gəmi ABŞ donanmasının gəmisinə 150 metr yaxınlaşaraq xəbərdarlıq atəşi açmışdı.2017-ci ildə Fars Körfəzində İranla ABŞ arasında baş verən hərbi qarşıdurma hallarınınn sayı 17-ə çatıb.Qeyd edək ki, 2016-cı ildə 35, 2015-ci ildə isə 23 belə insident hadisəsi qeydə alınıb. Tramp administrasiyasının İrana yeni sanksiyalar tətbiq etdiyi bir vaxtda tərəflər arasında hərbi gərginliyin yaranması silahlı münaqişə riskini də artır. Bu baxımdan, İranın ABŞ-a silahlı güc nümayiş etdirməsi iki ölkə arasında mövcud olan potensial münaqişə ehtimalını hər an alovlandıra bilər.

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbərin sözlərinə görə, hazırda ABŞ-la İran arasında müharibənin baş verməsi ehtimalı real görünmür. Lakin iki düşmən dövlət arasındakı münasibətlər situasiyadan asılı olaraq hərbi toqquşmaya gətirib çıxara bilər: 

"Donald Trampın hakimiyyətə gəlişi İranla münasibətlərdə vəziyyəti bir qədər də gərginləşdirib. Çünki Trampın prezident seçilməsində İsrail lobbisinin xüsusi rolu olub. Donald Trampın kürəkəni Jerard Kuşnerin xüsusi səyləri var. ABŞ-ın milli təhlükəsizlik təhdidlərini dəyərləndirməsini nəzərə alsaq görərik ki, İran Şimali Koreya və Rusiya ilə birlikdə "şər oxu”na daxil edilib. Sovet İttifaqı dağılandan sonra bu ifadə yenidən işlənməyə başlayıb və Konqresin Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində də öz əksini tapıb.Bu, o deməkdir ki, öz böyüklüyünə görə, Rusiya birinci, İran ikinci, Şimali Koreya isə ABŞ üçün üçüncü böyük təhdiddir.Aktuallığına görə isə hazırda Şimali Koreya birinci sıradadır.Ola bilər ki, bir müddətdən sonra İran məsələsi ön plana çıxacaq.Yaxud, Rusiya məsələsi ön plana keçə bilər.Bütün bunlar hadisələrin inkişafından asılıdır. Tramp və onun siyasətini dəstəkləyənlər çox istərdi ki, İran məsələsi öndə olsun. Şimali Koreyanın nüvə proqramı ilə bağlı yaranmış problem hazırda birinci yerdə dayanır.Artıq bu Şimali Koreya ətrafında yaranmış gərginlik müharibənin bir astanasındadır.Mənim gördüyüm ondan ibarətdir ki, Birləşmiş Ştatlar və Şimali Koreya müharibəyə çox yaxındır. Tramp administrasiyasının Şimali Koreyanı vurmaqda, yəni cəzalandırmaq niyyətində olduğu qənaətindəyəm. Şimali Koreya günün birində vurularsa, buna təəccüblənmək lazım deyil.İranın bölgədə rolunun və strateji əhəmiyyətinin artması, regional münaqişələrdə fəal iştirakı da ABŞ-ı və onun müttəfiqlərini narahat edir.Ona görə də onlar İranın bölgədəki fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir.Bu da zaman-zaman tərəflər arasında bir-birinə qarşı güc nümayişi ilə müşahidə olunur.Amma Amerikanın İranla toqquşma ehtimalının Şimali Koreya ilə müqayisədə çox aşağı olduğunu düşünürəm”.

"İranın yeni formalaşan hökumətinin ölkənin xarici siyasətinə, xüsusilə də ABŞ-la münasibətlərə təsiri necə olacaq” sualına cavabında politoloq bildirdi ki, bu məsələdə əsas həlledici qərarı ali dini lider verir. Ona görə də Sülhəddin Əkbər hesab edir ki, hökumət məhdud rol oynadığından ciddi dəyişikliyin olacağı inandırıcı görünmür.

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları