Yuxarı

Trampın yerinə namizəd tapılıb

Trampın yerinə namizəd tapılıb

Elxan Şahinoğlu: "Böyük ehtimalla ona qarşı impiçment proseduru başlayacaq”

ABŞ prezidenti Donald Trampın seçki qərargahı Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi ilə bağlı Senatın tələb etdiyi sənədləri verməyə başlayıb. "Cümhuriyət” qəzeti "Bloomberg”ə istinadən xəbər verir ki, seçki qərargahı və onun keçmiş rəhbəri Pol Manafort, eləcə də prezidentin oğlu kiçik Donald Tramp Senatın Kəşfiyyat komitəsinə müvafiq sənədləri təqdim edib. Avqustun 4-də qərargah 20 min səhifə, Manafort 400 səhifəyə yaxın, kiçik Tramp isə 250 səhifə sənədi Senata göndəriblər.

Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.

Pens prezident kürsüsünə doğru

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) bir neçə gün əvvəl Donald Trampın Rusiyanın seçkilərə müdaxiləsi ilə qalib gəlməsi haqda yeni faktlar əldə etdiyini açıqlayıb.CIA yetkililəri aşkarlanan faktların Trampın vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmasına yol açacağını bildiriblər. Amerika KİV-ləri Ağ Ev rəhbərinin impiçmenti məsələsinin gündəmdə olduğu vaxt ilginc iddialarla çıxış edib. Mənbələr qeyd edirlər ki, Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı faktların toplanması işlərinin yekunlaşmaq üzrə olduğunu bildirirlər.Müdaxilənin araşdırılması ilə bağlı təyin edilmiş xüsusi prokurorun yaxın vaxtlarda bununla bağlı açıqlama ilə çıxış edəcəyi də diqqətə çatdırılır.Ekspertlərə görə, Rusiyanın seçkilərə müdaxiləsi ehtimalları özünü doğrultsa, Donald Tramp vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılacaq.Amerika KİV-ləri də onun şanslarının aşağı olduğunu və özündən sonra vitse-prezident Mayk Pensin yüksək posta keçəcəyi ehtimalının artıq böyük ölçüdə dəqiqləşdiyini iddia edirlər.Amerika Konstitusiyasına görə də əgər, prezident hansısa vəziyyətdə öz postundan uzaqlaşdırılırsa, o zaman onun səlahiyyətləri avtomatik olaraq vitse-prezidentə keçir.Son zamanlarda Mayk Pensin prezidentin yerinə açıqlamalar verməsi və öz xanımı ilə tez-tez rəsmi səfərlərə getməsi də bu ehtimalı yüksəldir.Halbuki protokola görə, vitse-prezident xarici səfərlərə öz xanımı ilə getməyə bilər.Amerika KİV-ləri isə artıq Pensin özünü gələcək Amerika prezidenti kimi apardığını yazırlar.

"Pens Amerika prezidenti ola bilər”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın seçkilərə müdaxiləsi iddiasını tapacağı təqdirdə Donald Tramp vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılacaq. Politoloq bu günədək əldə olunan faktların da Trampı bu təhlükəyə daha da yaxınlaşdırdığını vurğulayıb:

"Əgər sübut olunsa ki, Rusiyanın seçkilərə müdaxiləsi Trampın lehinə nəticələnib, böyük ehtimalla ona qarşı impiçment proseduru başlayacaq. Bunun başqa alternativi yoxdur.Bundan sonra Mayk Pensin avtomatik olaraq, dövlət başçısı postuna keçməsi məsələsi gündəmə gələcək.Konstitusiyaya görə də prezidentin səlahiyyətlərini o həyata keçirməlidir.Prezident seçkiləri elan olunsa belə, Pensin seçilmək ehtimalı da yüksəkdir.Çünki Trampdan fərqli olaraq, Pens Rusiyaya qarşı daha sərt mövqedən çıxış edir.Amerika siyasətində məhz o fiqur güc qazana bilir ki, o, Rusiyaya qarşı sərt mövqeyi ilə seçilir”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları