Yuxarı

Sensassion müharibə iddiası: "Koreya vurulacaq”

Sensassion müharibə iddiası:

Qabil Hüseynli: "Şimali Koreya payıza qədər məhv ediləcək”

Şimali Koreya ətrafında hərbi gərginlik artır. ABŞ-ın yaxın günlərdə KXDR rejiminə qarşı raket zərbələri endirəcəyinə dair xəbərlərin sayı artır. Son məlumatlara görə, Birləşmiş Ştatların avqustun 15-20-də Şimali Koreyanın nüvə sınaqları mərkəzlərinə və ballistik raketlərin yerləşdiyi hərbi obyektlərə dağıdıcı zərbə endirəcəyi bildirilir. "ABŞ Şimali Koreya ilə müharibəyə hazırdır”. Belə bir xəbərdarlıqla Pentaqon rəhbəri Ceyms Mettis çıxış edib. O bildirib ki, ölkəsi Şimali Koreyaya qarşı hərbi gücdən istifadə edə bilər, ancaq hələlik diplomatik yola üstünlük verilir. "The Washington Times"da yer alan xəbərə görə Mettis müharibə variantını istisna etməyib: 

"Münaqişənin hərbi yolla tənzimlənməsi mümkündürmü? Əlbəttə. Bunu hazırlamaq mənim vəzifəmdir". Bununla yanaşı Mettis hələlik diplomtik yolların tükənmədiyini diqqətə çatdırıb. 

Qeyd edək ki, prezident Donald Tramp da Şimali Koreyaya qarşı kəskin mövqe ortaya qoyub. Rəsmi Pxenyanın raket sınaqları iki ölkə arasında münasibətləri gərginləşdirib. Digər məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi Şimali Koreyanın 20 hərbi obyektinə zərbə vurmağı planlaşdırıb. Əgər prezident Donald Tramp hərbi planı təsdiqləyərsə, o, dərhal icraya yönəldiləcək. Bu barədə NBC telekanalı hərbi mənbələrə istinadən xəbər yayıb. Plandakı açar nöqtə strateji bombardmançılar olan "B-1B Lancer”in Anderson bazasından çıxaraq zərbə endirməsidir. Bu hücum raketlər üçün 20 meydançaya endirilə bilər. Həmin meydançalar raket sınaqlarının keçirildiyi ərazilərdir. Qeyd edək ki, son günlər Şimali Koreya ətrafında vəziyyət gərginləşib. Şimali Koreya rəhbərliyi Quam adasındakı Amerika Hərbi bazalarına zərbə endirməyi istisna etməyib. Buna cavab olaraq ABŞ prezidenti Donald Tramp diktatoru "güclü atəş"lə hədələyib. Siyasi ekspertlər də hərbi əməliyyatların başlanmasını qaçılmaz hesab edir. 

Politoloq Qabil Hüseynlinin sözlərinə görə Şimali Koreya beynəlxalq ictimaiyyət üçün ciddi təhlükəyə çevrilib. Ona görə də bu problemi həll etməyin vaxtı çatıb: "Şimali Koreyanın nüvə proqramı xüsusilə də ABŞ üçün daha böyük təhlükəyə çevrilməkdədir. Onu da nəzərə almaq lazımdır ki, Şimali Koreya rejiminin başında dayanan adamın siyasi təcrübəsi olmayan, dediyi sözlərə və davranışlarına məsuliyyət daşımayan, intriqabaz, manyak bir adamdır. O, yalnız ABŞ-ı təhdid etmir, həm də öz xalqı üçün böyük bir bəlaya çevrilib. Hazırda ölkə əhalisinin 70-80 faizi aclıq içərisində olsa da Kim Çen Inın göstərişi ilə ölkənin gəlirlərinin 55-60 faizi strateji silahlanmaya, nüvə-raket silahlarının yaradılmasına yönəldilir. Bu işdə Rusiya ona yaxından dəstək verir. Şimali Koreyaya Rusiya tərəfindən ballistik raketlərin eskizlərinin və mühərriklərinin göndərilməsi barədə mediada məlumatlar yayılıb. Çinlə də KXDR arasında ticarət dövriyyəsi artmaqdadır. Beləliklə, Rusiya və Çin ABŞ-a qarşı yeni nüvə təhlükəsini istiqamətləndirməkdə davam edir. Zənnimcə, ABŞ bu təhlükəni düzgün dərk edib və vaxtında aradan qaldırmağa qadir kimi görünür”. 

ABŞ-ın Şimali Koreyaya müdaxilə edəcəyi təqdirdə, bu problemi təkbaşına həll edə bilməsi hərbi qüdrətinə görə real görünsə də geosiyasi baxımdan bir sıra suallar doğurur. Bu da həmin Koreya yarımadası bölgəsində bir sıra beynəlxalq güclərin geosiyasi maraqlarının olması ilə bağlıdır. Söhbət ilk növbədə, Cənubi Koreya, Çin və Rusiyadan gedir. Həmin dövlətlər Koreya yarımadasında nüvə müharibəsi təhlükəsinin yaranmasını özlərinin milli təhlükəsizliyinə və geostrateji maraqlarına təhdid hesab edir. Şimali Koreya probleminin həllində Cənubi Koreya və Yaponiya birmənalı şəkildə rəsmi Vaşinqtonun mövqeyini dəstəkləyir. Amerika sözügedən məsələnin həllində Çinin BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda siyasi dəstəyini almağa çalışsa da Pekinin hərbi əməliyyatlara qarışmasını istəmir. Çin isə Şimali Koreya rejiminin məhv ediləcəyi təqdirdə, Koreya yarımadasında və Yapon dənizində həm hərbi həm də geosiyasi balansın ABŞ-ın xeyrinə dəyişəcəyindən narahatdır. Lakin hazırda Şimali Koreyanın nüvə proqramına qarşı beynəlxalq səylərə Çinin açıq etiraz etməsi də mümkünsüzdür. Ona görə də Çin ən azı Pxenyan rejiminə qarşı beynəlxalq sanksiyaları dəstəkləməli olur. 

Politoloqların qənaətincə, Birləşmiş Ştatların Rusiyaya sanksiyalar tətbiq etməsindən sonra Kreml Şimali Koreya ilə bağlı mövqeyini dəyişə bilər. Belə ki, Vaşinqtona təzyiq məqsədilə Rusiya BMT Təhlükəsizlik Şurasında KXDR-ə qarşı hərbi əməliyyatların əleyhinə çıxa bilər. Eyni zamanda, Rusiya ilə Şimali Koreya arasında hərbi-strateji əməkdaşlığın dərinləşəcəyi də istisna olunmur. 

Qabil Hüseynli bildirdi ki, Koreya yarımadası bölgəsində Cənubi Koreya Respublikasının maraqlarının olması tam təbiidir. Çünki Seul bölünmüş xalqın birləşməsinin tərəfdarıdır: "Eyni zamanda, ölkə ərazisində ABŞ-ın müxtəlif tipli raketdən müdafiə sistemləri Koreya Respublikasını fəal maraqları olan dövlətlərdən birinə çevirib. Yaponiya ilə də Koreya arasında o qədər böyük məsafə yoxdur. Vaxtilə Mancuriya adlanan və indi bir hissəsi Rusiyanın, digər hissəsi Şimali Koreyanın nəzarətində olan torpaqlar II Dünya Müharibəsinə qədər Yaponiyanın ərazisi olub. Bu baxımdan, Yaponiyanın maraqlarını təbii saymaq olar. Yaponiya bu prosesdə fəal iştirak edir. Rusiya özünü maraqlı tərəf kimi elan edib. Ancaq Rusiyanın maraqları dünyanın maraqları ilə üst-üstə düşmür. Çinin də maraqlarını pozitiv hesab etmək mümkün deyil. Çünki Çin də Rusiya kimi dünya fövqəldövləti olmağa can atır. Onların arzuları daha çox imperialst cəhdlərlə bağlıdır.

Onu da qeyd edim ki, hərbi əməliyyatlar haqqında verilən məlumatlar doğru olmaya da bilər. Burada A planı, B planı, hətta C planı da ola bilər. Bu planların içərisində birinci yeri Cənubi Koreya tərəfindən hazırlanmış və "ölüm dəstələri” adlanan mobil hərbi qruplar tutur. Onlar ildırım sürətli desant hücumu ilə Pxenyan rejiminin başçısının iqamətgahına hücum edib onu öldürə bilərlər. Belə bir plan da var. Ondan sonra ölkədə proseslər adi və qanunauyğun şəkildə davam edəcək. Çünki Şimali Koreyanın əhalisi diktatordan bezib. Onu alqışlayan insanlar əslində, artıq əsarətdə yaşamaq istəmir. Beləliklə, Koreya xalqının bütövləşməsi prosesi gedə bilər. ABŞ-ın "Tomakawh” raketlərinin bir neçəsi Şimali Koreyanın əsas hərbi obyektlərini məhv etməyə kifayət edir. Yaxud ABŞ-ın "B-1B” tipli yeni nəsil strateji bombardmançıları 14 min metr yüksəkliyə qalxa bilir. Havay adalarından qalxan bu təyyarələr Şimali Koreyanın raket istehsalı və sınaq meydançalarını məhv etməklə bu ölkənin kommunikasiya sistemini sıradan çıxara bilər. Bundan sonra Koreya Respublikasının ordusu cənubdan daxil olaraq ciddi hərbi əməliyyatlar aparmadan, dinc vətəndaşlara zərər vermədən qardaşlaşma, bütövləşmə prosesini həyata keçirə bilər. 

Fikrimcə, Çinin hərbi dəstəyinə ABŞ-ın ehtiyacı yoxdur. Çin bu münaqişəyə qoşulmaqla üzərinə böyük zərbə almış olar və bunu Pekinin bu bəyanatrını psixxoloji təzyiq kimi dəyərləndirmək lazımdır. Eyni zamanda, Rusiyanın Uzaq Şərqdəki qoşunlarının yksək səviyyəli döyüş vəziyyətinə gətirilməsini mən blef hesab edirəm. Rusiyanın dediyini həmişə təbliğat kimi qəbul etmək lazımdır. Hərbi əməliyyatlar avqustun 15-də, yaxud 20-də olmasa da Şimali Koreyanın payıza qədər təhlükəli dövlətlər sırasından çıxarılması baş verəcək”.

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları