Yuxarı

Rusiyanın parçalanması planı işə salınır

Rusiyanın parçalanması planı işə salınır

Elşən Manafov: "Tatarıstandakı milli münaqişə bütün federasiyaya yayılacaq”

Kremlin Tatarıstanla səlahiyyətlərin bölgüsünə dair sazişin müddətini uzatmaqdan imtina etməsi Rusiyada yeni milli münaqişə ocaqlarının yaranmasına səbəb ola bilər. Siyasi ekspertlərin fikrincə, prezident Vladimir Putinin Rusiya Federasiyası tərkibində ikinci ən yüksək statusa malik Tatarıstanın respublika statusunu ləğv edərək quberniyaya çevirmək planı ölkənin dağılmasına gətirib çıxaracaq. Xatırladaq ki, Tatarıstan Respublikasının statusuna dair 2007-ci il avqustun 11-də prezident Putinlə Tatarıstanın sabiq prezidenti Mintimer Şaymiyev arasında imzalanmış 10 illik müqavilənin müddəti başa çatıb. Tatarıstan respublikası Dövlət Şurasının deputatları Vladimir Putinə müraciət edərək müqavilənin uzadılmasını xahiş ediblər. 

Lakin indi Rusiya rəsmiləri bildiriblər ki, Moskva nə bu müqavilənin müddətini uzatmaq, nə də yeni müqavilə imzalamaq niyyətində deyil. Həmçinin bildirilir ki, Kreml hüquqi məsələlər üzrə xüsusi komissiyanın yaradılması fikirndə də deyil. Kremldəki mənbələr mediaya verdiyi açıqlamaya görə, hüquqi uyğunsuzluqlar Tatarıstan respublikasının öz konstitusiyasına bağlıdır və bu məsələləri Kazanın özü həll edə bilər. 

Deputatlar bildirirdilər ki, müqavilənin olmaması Moskva və Kazan arasında səlahiyyətlərin bölüşdürülməsinə dair müəyyən problemlər yaradır. Söhbət Tatarıstan Konstitusiyasının 1-ci maddəsindən gedir. Bu maddədə deyilir ki, Tatarıstan və Rusiya arasında münasibətlər səlahiyyətlərin bölüşdürülməsinə dair müqaviləyə əsaslanır. Konstitusiyaya görə bu maddə parlament tərəfindən dəyişdirilə bilməz. Maddənin dəyişdirilməsi üçün ümumxalq referendumunun keçirilməsi tələb olunur. 

Tatarıstan Dövlət Şurasının sədri Farid Muxametşinin sözlərinə görə, bu məsələ referenduma çıxarılarsa, respublika əhalisinin əksəriyyəti Konstitusiya maddəsinin dəyişidirilməsinin əleyhinə səs verəcək. Muxametşin deyib ki, Tatarıstan bu məsələni istər Moskvada, istərsə də Kazanda müzakirə etməyə hazırdır. SSRİ-nin dağılmasından sonra, 1992-ci ildə Çeçenistan və Tatarıstan Rusiya Federasiyası tərkibində "xüsusi status” əldə etmişdi. Səlahiyyətlərin bölüşdürülməsi və ya xüsusi statusa dair müqavilə başlanğıcda Tatarıstana geniş muxtariyyət verirdi, lakin getdikcə daha çox simvolik xarakter daşımağa başlamışdı. Nəhayət, 1994-cü ildə Rusiya və Tatarıstan prezidentləri Boris Yeltsin və Mintimer Şaymiyev arasında "idarəetmənin bölüşdürülməsi və səlahiyyətlərin qarşılıqlı paylaşdırılmasına” dair müqavilə imzalanmışdı.

Bu müqavilə Kazana torpaq, resurslar üzərində müstəsna sahiblik hüququ verirdi. Tatarıstan öz dövlət orqanlarını yarada, büdcəsini tərtib edə bilərdi. Müqavilə ilə Tatarıstanın hətta vətəndaşlıq statusu tətbiq etmək və öz beynəlxalq siyasətini formalaşdırmaq hüququ vardı.

Lakin Yeltsindən sonra hakimiyyətə gələn Vladimir Putin elə ilk gündən yerli hakimiyyətlərin lüzumsuz səlahiyyətlərinin azaldılması yolunu tutdu. "Ölkədə bir prezident olar” prinsipini Çeçenistanda tətbiq edən V.Putin görünür, indi həmin siyasəti Tatarıstanda tətbiq etməyə çalışır. Bununla yanaşı, Putin hələ 2015-ci ildə tatar xalqının istədiyi seçimi qəbul etməyə hazır olduqlarını demişdi.

Siyasi müşahidəçilərin fikrincə, Mintimer Şaymiyev Tatarıstanı müstəqilliyə aparan bir şəxs kimi tanınırdı. Onun prezidentliyi dövründə Tatarıstan başqa dövlətlərlə, ilk növbədə isə türkdilli ölkələrlə bir sıra bərabərhüquqlu müqavilələr imzalayırdı. Şaymiyevdən fərqli olaraq, Tatarıstanın hazırkı prezidenti Minnixanov Putinə yaxın adam sayılır və hətta onu qubernator adlandırırlar. 1994-cü ildə Moskva və Kazan arasında müqavilə imzalananda vəziyyət tamam başqa idi, amma indi mərkəz güclənib və subyektlərlə münasibətlərini müqavilələr üzərində qurmağı düşünmür. Ancaq hüquqi status məsələsi konstitusiya ilə müəyyən olunduğundan ümumxalq səsverməsinin keçirilməsi zəruridir. Rusiyada sayca ikinci böyük millət olan tatarların rəyini nəzərə almamaq Kreml üçün siyasi problemlər yarada bilər. 

"Qərb, Çin və Yaponiya Rusiyanı bölmək istəyir”

Politoloq Elşən Manafovun sözlərinə görə, rəsmi Moskvanın Tatarıstanın hüquqi statusunu minimuma endirməsi baxımından atdığı addımlar Rusiya dövlətçiliyinin maraqlarının müdafiəsi məqsədi daşıyır. Əks təqdirdə, Rusiya bir dövlət kimi parçalana bilər: 

"Putin gözəl başa düşür ki, Boris Yeltsinin "nə qədər bacarırsınızsa, o qədər də götürün” prinsipi əslində, Rusiyanı ayrı-ayrı dövlətlərə parçalamaq üçün düşünülmüş addım idi. Bu plan hələ 1918-ci ildə ABŞ-da prezident Vilsona yaxınlığı ilə seçilən polkovnik Hausun hazırladığı nəzəriyyə idi. Həmin nəzəriyyə Rusiyanın 8 dövlətə parçalanmasını nəzərdə tuturdu. Əslində ABŞ və Rusiya arasında "soyuq müharibə”nin başa çatdığını düşünmək düzgün deyil. Krımın ilhaqından sonra bu müharibə yeni mərhələyə qədəm qoydu. Birləşmiş Ştatlarda və ümumdünya məxfi hökumətində bu addımı Putin tərəfindən "qırmızı xətt”in keçilməsi kimi qiymətləndirirlər. 2018-ci ildə Qərb bütün səylərini Rusiyada məlum problemlərin artmasına yönəltməklə həm bu ölkədə iqtisadi, sosial, maliyyə problemləri yaratmağa, həm də milli münaqişə ocaqlarının yenidən alovlanması üçün addımlar atmağı düşünür. Putin bir kəşfiyyatçı kimi bunları çox gözəl başa düşür və anlayır ki, Rusiyanı daxildən dağıda biləcək ən güclü amillərdən biri Qərbin separatizmə verə biləcəyi siyasi və maliyyə dəstəyi olacaq. Ona görə də Rusiyanın məlum təhlükələrdən sığortalanması üçün görünür, Tatarıstanın hələ Yeltsin dönəmində müəyyən olunmuş statusunu dəyişmək üçün hansısa layihəyə malikdir. Əgər tatar xalqı Rusiya dövlətçiliyi tarixində özünün milli-mənəvi, tarixi dəyərlərini yüksəltmək üçün ona verilmiş imkanlardan istifadə etmək imkanında olacaqsa, məlum münaqişələrdən xilas olacaq. Amma Tatatrıstanda komprotor burjuaziyanın maraqları üstün gəlsə, Qərbin xüsusi xidmət orqanları Rusiya Federasiyasının rəhbərliyi ilə rəsmi tatarlar arasında gərginliyin artmasında müvafiq addımlar atılsa, biz Rusiya üçün növbəti Çeçenistan probleminin yarana biləcəyini istisna etmirik. Hər şey həm Rusiya iqtidarının tatar xalqının milli maraqlarını hansı həddə qədər nəzərə alacağından asılı olacaq.

Eyni zamanda, tatar xalqının da qarşıdurmaya getməməsi mövcud problemlərdən qurtulmaq üçün ciddi əhəmiyyət kəsb edəcək. Əgər Putin iqtidarı Tatarıstanda baş qaldıra biləcək separatizmin qarşısını almasa, bu ciddi problemlər yaradacaq, metastaz verəcək və Rusiya Federasiyasının digər subyektlərində də milli münaqişə ocaqlarının qarşısını almaq çətin olacaq. Qərb heç də Tatarıstanın bir müstəqil dövlət kimi inkişafında maraqlı deyil. Tatarıstanda milli zəmində münaqişəyə siyasi və maliyyə dəstəyi verməklə Qərb Rusiyanın parçalanmasına və aradan qaldırılmasına nail olmaq istəyir. Birqütblü dünyanın formalaşdırılması ilə bağlı Beynəlxalq Münasibətlər Şurasının müəyyən etdiyi hüquq nizamının prinsiplərinə uyğun deyil. Əgər Qərb həqiqətən buna nail olsa, keçmiş SSRİ və Yuqoslaviya ərazisindəki xalqlar hansı fəlakətlərlə üzbəüz qaldısa, Rusiyada yaşayan xalqlar da həmin problemləri yaşayacaq.

Məqsəd dünya meşə ehtiyatlarının 35 faizinə malik olan Rusiyanı yıxmaq, bu ölkənin karbohidrogen ehtiyatları üzərində nəzarəti ələ keçirmək, Sibir və Uralı zəbt etməkdən ibarətdir. Əgər Qərb buna nail olsa, Çin də Ural və Sibirdə, Yaponiya isə Uzaq Şərqdə bazarları ələ keçirmək istəyindən kənarda qalmayacaq. Amma Rusiyanın parçalanması Qərb üçün də qorxuludur. Çünki nəhəng nüvə silahı potensialına malik olan bir dövlətin parçalanması dünyanın özü üçün ciddi təhlükədir. Ona görə də Tatarıstanın konstitusiya ilə təsbit olunmuş səlahiyyətlərinin müəyyən edilməsi üçün referendumun keçirilməsi daha münasib olardı. Bu referendumun Rusiyada və ya Tatarıstanda keçiriləcəyi Kremlin layihəsindən asılı olacaq. Azərbaycan Dağlıq Qarabağda referendumun bütün ölkə ərazisində keçirilməsini təklif etdiyi kimi, güman edirəm ki, Rusiya rəhbərliyi də Tatarıstanın statusu ilə bağlı refrendumun yalnız respublika ərazisində keçirilməsinə razı olmayacaq. Ən başlıcası odur ki, Rusiya rəhbərliyi ilə Tatarıstanın hakimiyyət orqanları arasındakı münasibətlər konstitusion zəmində qurulsun”.

Rusiyada "Maydan ssenarisi”

Elşən Manafov onu da vurğuladı ki, əgər Putin Tatarıstanın hüquqi statusu ilə bağlı güzəştə getsə, rəsmi Kazan Federasiyanın tərkibindən çıxıb müstəqilliyini elan etmək şansı qazana bilər. Bu da Ukraynadakı "Maydan hərəkatı” kimi növbəti inqilabi prosesin başlanmasına təkan verə bilər: 

"Tatar xalqı və ziyalıları düşünməlidir ki, Qərb Rusiyanı çökdürmək üçün bir oyun hazırlayıb. Milli hisslərinə qapılmaq təkcə Tatarıstana deyil, Rusiyada yaşayan digər xalqları da problemlərlə qarşı-qarşıya qoya bilər. Bu oyundan faydalananlar isə Qərb və bulanıq suda balıq tutmaq istəyən oliqarxik dairələr olacaq”.

Müşfiq  Abdulla





Həftənin ən çox oxunanları