Yuxarı

Rus ordusunun pulu azalır

Rus ordusunun pulu azalır

Qərbin Rusiyanın müdafiə sənayesi kompleksinə tətbiq etdiyi sanksiyalar artıq nəticəsini verməyə başlayıb. Rusiyanın 2018-ci ilin dövlət büdcəsində hərbi xərclərinin azaldılması nəzərdə tutulur.

Bu barədə prezident Vladimir Putin hakim Vahid Rusiya Partiyasının Dövlət Dumasındakı fraksiyasının rəhbəri Vladimir Vasilyevlə görüşündə açıqlama verib. Bu məqsədlə "Dövlət Büdcəsi Haqqında Qanun”dan müdafiə sahəsinə aid bir sıra maddələr çıxarılacaq. 

"Bu orduda və donanmada avadanlığın yenilənməsinə aid deyil. Biz müdafiə sahəsində dövlət sifarişlərini yerinə yetirəcəyik və yeni proqram qəbul edəcəyik. Ancaq bizim keçmişdə həyata keçirilmiş planlarımızla bağlı və həmişə ölkənin əsas maliyyə sənədinin hazırlanması zamanı diqqətlə baxmaq lazım gələn bir sıra suallar yaranır. Dövlət başçısı qeyd edib ki, bu, müdafiə, təhlükəsizlik, iqtisadiyyatın dəstəklənməsi, sosial sahədə, sığorta, əmək haqqı, vətəndaşların gəlirləri, xüsusilə də vətəndaşların "qeyri-müəyyən kateqoriya” adlanan büdcə sahəsinə aiddir.

İqtisadçıların fikrincə, Rusiyanın hərbi sahədə büdcə xərclərini azaltması əslində, ABŞ-ın sanksiyaları sərtləşdirməsindən sonra maliyyə sistemində risklərin artması ilə də bağlıdır. Bu özünü ilk növbədə ölkənin gəlirlərinin azalmasında və inflyasiya həddinin artmasında göstərə bilər. Proqnozlara görə, payız aylarında 1 avronun 70 rublu ötəcəyi, 1 dolların isə 61-63 rubla bərabər olacağı gözlənilir. Rublun məzənnəsini artırmaq üçün heç bir tutarlı səbəb qalmayıb. "Brent” marklalı neftin satış qiyməti də yenidən 52 dollara düşüb. Dünyada baş verən bir sıra geosiyasi hadisələr, o cümlədən Şimali Koreya ətrafında yaranmış gərginlik ABŞ dollarının mövqeyini bir sıra valyutalara nisbətən zəiflədib. 

ABŞ-ın "Morgan Stanley” investisiya bankının proqnozlarına görə, 2018-ci ilin əvvəlində avro 1,25 dollar bahalaşaraq özünün 18 illik tarixində ən yüksək həddə çatacaq və Britaniya funt sterliqinə bərabər olacaq. Bütün bu faktların Rusiyanın istehlak bazarına ciddi təsir göstərəcəyi gözlənilir. Ona görə də hazırda 60 rubl civarında olan dollar ilin sonuna doğru 63 rubla yüksələcək. 

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər hesab edir ki, Rusiyanın hərbi sahədə xərcləri azaltması iki səbəblə bağlıdır: "Birinci səbəb onunla bağlıdır ki, Qərbin sanksiyaları Rusiyanın maliyyə-iqtisadi sektorunda kəskin hiss olunmaqdadır. Artıq Rusiya Federasiyasının Ehtiyat Fondu ilə Milli Rifah Fondu birləşdirildi. Yəni Milli Ehtiyat Fondu tükənmək üzrə idi. Rusiyanın valyuta ehtiyatları kəskin şəkildə aşağı düşüb. İkinci ciddi səbəb isə 2018-ci ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Hökumət də anlayır ki, sosial-iqtisadi böhran şəraitində ciddi vədlər verə bilməz. Rusiyanın hərbi siyasətinin isə dəyişəcəyini gözləmirəm. Çünki Rusiyanın rəsmi məlumatına görə, quru qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin böyük ölçüdə modenləşməsinə nail ola bilib. Yəqin Putin düşünür ki, seçkidən sonra maliyyə vəziyyəti imkan verərsə, bu istiqamətdə xərcləri artıra bilər”.

Politoloq onu da bildirdi ki, Rusiya gəlirlərini artırmaq üçün hərbi sənaye kompleksinin bazarlarına, o cümlədən Azərbaycana təzyiqi artıracaq: "Rusiya alıcı ölkələrdən biri kimi Azərbaycana təzyiqləri artırmaqla azaldılmış xərcləri kompensasiya etməyə çalışacaq. Gələn il Azərbaycanda prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, Rusiya təzyiqlıəri iki istiqamətdən artıracaq. Həm seçki prosesinə müdaxilə etməklə, həm də hərbi sənaye kompleksinin xətti ilə təzyiq etməklə divident götürməyə çalışacaq. Eyni zamanda, Rusiya sanksiyalar rejimini Azərbaycan kimi üçüncü ölkələr üzərindən sanksiyalar rejimini adlayıb keçmək istəyəcək”. 

Müşfiq Abdulla






Həftənin ən çox oxunanları