Yuxarı

İran və Türkiyə PKK-ya qarşı savaşacaq

İran və Türkiyə PKK-ya qarşı savaşacaq

Bölücü PKK-nın fəalliyyətini genişləndirməsi və ciddi beynəlxalq dəstək alması Türkiyədə narahatlıqla izlənilir.Türkiyə hökumət rəsmiləri dəfələrlə terrorla mübarizədə dünya güclərinin onlara dəstək vermədiyini, əksinə, terror güclərini (PKK, PYD/YPG) silahlandırdığını bildiriblər.Bu günlərdə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK-ya qarşı İranla birgə əməliyyatlara başlayacaqlarını deyib.Ərdoğan həmçinin qeyd edib ki, regionda terrorçulara qarşı birgə hərbi əməliyyatların keçirilməsinin detalları daha əvvəl İranın və Türkiyənin Baş Qərargah rəisləri arasında müzakirə edilib.

Politoloq Zəlimxan Məmmədli "Cümhuriyət” qəzetinə şərhində bu razılaşmanı Türkiyə diplomatiyasının uğuru kimi dəyərləndirib:

"Ümumiyyətlə, son zamanlar bölgədə çox çətin situasiya yaranıb. Xüsusilə, Suriya məsələsində bir sıra dövlətlər təhdid variantında bəyanatlar səsləndirir.Görünən odur ki, əslində bu gün böyük güclər məhz Suriya məsələsini müzakirə edirlər.Türkiyə-İran birgə əməliyyatlarını da məhz bu kontekstdə dəyərləndirmək lazımdır.Çünki İranın dolayısı yolla PKK ilə əlaqəli olduğuna dair informasiyalar mövcuddur.Artıq Türkiyə onu təhdid edən bir mənbədən eyni hədəflə mübarizə aparmaq üçün razılıq ala bilib.Amma bütün hallarda İranın əsas hədəflərindən biri bölgədə Türkiyənin nüfuzuna zərbə vurmaqdır.Yəqin ki, türk diplomatlar bu detalları da nəzərə alıb.İran heç vaxt Türkiyəyə qarşı iddialarından əl çəkməyib”.

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Siyasi Şurasının üzvü, politoloq Əli Orucov isə bu əməkdaşlığın terrora qarşı mübarizədə uğur gətirəcəyini deyib:

"Heç bir zaman nə Rusiya, nə də İran PKK-nı açıq şəkildə dəstəkləməyib. Rusiya PKK-nı rəsmən terror təşkilatı kimi tanımasa da, onunla müəyyən məsafə saxlayır.İran PJK və digər kürd separatçıları arasında müəyyən razılaşmalara gedib.İranı uzun zamandır Azərbaycan torpaqlarında kürd separatçılarını yerləşdirməklə əhalinin etnik tərkibini dəyişdirməyə çalışır.Amma Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə də Qərbin kürd separatçılarına açıq dəstək verməsi və Kürdüstan dövlətinin yaradılması üçün atılan radikal addımlar İran, Rusiya və Türkiyə üçün eyni ölçüdə təhlükə yaradır. Çünki adıçəkilən dövlətlər yaxşı bilir ki, bu gün Qərbin dəstəyini alan PKK və onun qolları sabah onlar üçün də ciddi təhlükə yarada bilər. Nəzərə almaq lazımdır ki, yaradılması nəzərdə tutulan "Kürdüstan” neftlə zəngin və tranzit xətlərin yerləşdiyi bölgələri əhatə edir.Bu baxımdan Rusiyanın da ciddi narahatçılığı mövcuddur.Ona görə də Yaxın Şərqdə baş verən hadisələr, kürd separatçılarının fəallaşması ümumilikdə region üçün təhlükə hesab olunur.Bu təhlükələri də önləmək üçün birgə fəaliyyətə ehtiyac var. Nəhayət ki, son anda bunu İran da, Rusiya da başa düşür. Ona görə də Türkiyə İran əməkdaşlığı uğurlu ola bilər”. 

Vilayət Muxtar





Həftənin ən çox oxunanları