Yuxarı

Rusiya və ABŞ Qarabağda toqquşur

Rusiya və ABŞ Qarabağda toqquşur

Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini açıqlayıb. Sənəd sensassion müddəalardan ibarətdir və Ermənistanda şok effekti yaradıb. Çünki sənəddə işğal edilmiş ərazilər üzərində Azərbaycanın suverenliyinin qeyd-şərtsiz bərpasından söhbət gedir. "Dağlıq Qarabağın mürəkkəb tarixini nəzərə alaraq tərəflər onun statusunu qarşılıqlı anlaşma və nəticələri hər iki tərəf üçün hüquqi qüvvə daşıyan referendum yolu ilə müəyyən etməlidir. Bakının nəzarət etmədiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə müvəqqəti status verilməlidir. Bu status ən azı təhlükəsizliyi və muxtariyyətin qarantiyasını təmin etməlidir”-Riçard Hoqland belə qeyd edib.

Amerikalı diplomatın təqdim etdiyi sənədə əsasən Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş ərazilər (amerikalı həmsədr məhz "işğal edilmiş” termini işlədib.-müəl.) Azərbaycanın nəzarətinə verilməlidir. "Orada Azərbaycanın suverenliyini nəzərə almadan məskunlaşma mümkün deyil. Bu ərazilərdə Azərbaycanın suverenliyi bərpa edilməlidir”-diplomat bildirir. Riçard Hoqlanda görə münaqişənin nizamlanmasının prinsiplərindən biri də Dağlıq Qarabağı Ermənistanla birləşdirən dəhliz olmalıdır. "Bu dəhliz təhlükəsiz hərəkət üçün kifayət qədər geniş olmalıdır. Lakin dəhliz bütün Laçın rayonunu əhatə edə bilməz. Uzunmüddətli nizamlanma bütün məcburi köçkün və qaçqınların öz yaşayış yerlərinə geri qayıtması hüququnu tanımalıdır”-Riçard Hoqland belə təklif edib.

Amerikalı diplomat daha sonra bildirir ki, nizamlanma özündə beynəlxalq təhlükəsizlik təminatını da əks etdirməlidir, bura sülhməramlı missiyanın yeridilməsi də daxildir. Çünki sülhün yaxşı hazırlaşdırılmış və hər iki tərəfin etimadını qazanmış sülhməramlı missiyasız təmin edilməsinin ssenarisi mövcud deyil.

Ədalətli sülhə yeni imkan

"Amerikanın səsi” Riçard Hoqlandın təqdim etdiyi prinsipləri "Təcili” qrifi ilə yayıb. Olduqca maraqlıdır ki, amerikalı diplomat bu prinsipləri Moskvada Rusiya və Ermənistan prezidentlərinin görüşündən saatlar sonra yaymağı qərara alıb. Hansı ki, Riçard Hoqlandın təqdim etdiyi prinsiplər böyük ölçüdə münaqişənin nizamlanmasına dair Azərbaycanın illərdir israr etdiyi ədalətli həlli tapmağa imkan verə bilər. Çünki bu prinsiplər Azərbaycanın işğal edilmiş ətraf rayonların hamısının üzərində (Laçın rayonunun bir hissəsi çıxılmaqla) suverenliyinin tam bərpasını, Dağlıq Qarabağa isə müvəqqəti aralıq statusun verilməsini və yekun statusun qarşılıqlı anlaşmaya əsaslanan səsvermə ilə müəyyənləşdirilməsini nəzərdə tutur.

Ermənistan Xarici İşlər Nazirliyi Riçard Hoqlandın yaydığı bu sənədi şərh etməkdən imtina edib. Lakin erməni mediası Amerikanın bu mövqeyini İrəvana ciddi zərbə və erməni diplomatiyasının uğursuzluğu adlandırıb. 

Riçard Hoqland Qarabağda sülhün bu əsas prinsiplərini Vaşinqtonda keçirdiyi mətbuat konfransında açıqladıqdan sonra bəyan edib ki, həmin prinsiplər Madrid prinsiplərinə əsaslanmaqla beynəlxalq vasitəçilərin ümumi mövqeyini əks etdirir. "Bu, uzunmüddətli siyasətdir, bu və ya digər həmsədrlə bağlı deyil, bizim ümumi siyasətimizdir. Əlbəttə, nəzərdə tutulan sülh proqramı daha detallıdır və əhatəlidir, lakin bu prinsiplər istənilən məqbul həllin əsasını təşkil etməlidir. Bütün tərəflər bununla razıdır”. Tərəflərin münaqişənin nizamlanmasına dair mövqeyinə gəldikdə isə Riçard Hoqland bildirib ki, hətta tərəflər konkret bəndlə razılaşmasalar belə, bunu müzakirə etməkdən imtina etmirlər. "Fikrimcə, bu indiki məqamda çox mühümdür”-diplomat vurğulayıb.

Mətbuat konfransında iştirak edən azərbaycanlı jurnalistlər Hoqlandın açıqladığı prinsiplərdə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması haqda heç nə deyilməməsindən narahatlıq ifadə edib. Səfir cavabında deyib ki, bu məsələ "müzakirə olunmalıdır”. "Nizamlanmanın əsasını Helsinki prinsipləri təşkil etməlidir və orada ərazi bütövlüyü prinsipi də yer alır. Mən az ehtimal edirəm ki, ərazi bütövlüyü prinsipi bu danışıqlarda unudulacaq, bu məsələ sonda müzakirə olunacaq”.

Amerikalı diplomat deyib ki, Dağlıq Qarabağ münaqişəsi Abxaziya, Cənubi Osetiya, Dnestryanı münaqişələrdən fərqlənir və uzun tarixçəsi var. "Bu problem keçmiş sovet respublikalarının müstəqillik əldə etməsindən sonra başlamayıb, əsrlərlə olmasa da onilliklər uzağa gedib çıxır”. 

Riçard Hoqland bildirib ki, indiki ABŞ administrasiyasının Qarabağ probleminə dair yeni yanaşması mövcud deyil. "Amerikanın münaqişəyə yanaşması həmsədrlərin dəyişməsindən asılı deyil, dəyişməz qalır”.

Xatırladaq ki, R.Hoqland bu yaxınlarda, daha dəqiq desək, avqustun 11-də Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair müəyyən çərçivə sazişinin mövcud olmasından danışsa da həmin şərtlərin nədən ibarət olması barədə açıqlama vermək istəməmişdi. "Mən ümid edirəm ki, prezidentlərin növbəti görüşü zamanı tərəflər həmrəylik nümayiş etdirəcək və hətta tam nizamlanma əldə olunmasa da, müəyyən addımların atıldığını elan edəcəklər”. O bildirib ki, münaqişənin həlli ilə bağlı çərçivə sazişi, onunla əlaqəli addımlar və mərhələlər mövcuddur: "Nizamlanmanın əsasında isə regionun əhalisinə sülh, təhlükəsizlik və rifah gətirəcək, vəziyyəti demilitarizasiya edəcək kompromisin axtarılması dayanır”.

Amerikalı diplomatın elan etdiyi son prinsiplər məhz həmin nizamlanma variantının nəzərdə tutulduğunu göstərir. Riçard Hoqlandın dediyi şərtlərə Ermənistan rəsmi səviyyədə reaksiya verib. "Amerikalı həmsədrin dediyində yeni heç nə yoxdur. Onun əvvəlki bəyanatlarına baxsanız, görərsiniz ki, hamısı bir-birini təkrar edir”. Cebhe.infonun məlumatına görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk Qrupunun həmsədri Riçard Hoqlandın Dağlıq Qarabağ probleminin həllinə dair təklif etdiyi əsas prinsiplərinə münasibət bildirərkən belə deyib. Nalbandyan Ermənistanın "Tert.am” saytına açıqlamasında bildirib ki, həmsədrlər bir neçə dəfə bu mövzuya müraciət ediblər: "Biz müvafiq bəyanatlar qəbul edib, öz münasibətimizi bildirmişik. Sadəcə, həmsədrlik edən hər üç ölkənin prezidentləri səviyyəsində bəyanatları öyrənilməlidir. Ermənistan dəfələrlə öz mövqeyini bildirib”. 

Ermənistanın xarici işlər nazirinin sözlərinə görə, ABŞ diplomatı sadəcə olaraq, qarşıda fəaliyyət müddətinin başa çatması ilə əlaqədar müsahibə vermək qərarına gəlib. O, həmin təkliflərin Ermənistan üçün hər hansı təhlükə doğurmasını istisna edib. 

Ermənistan XİN-in rəhbərinin amerikalı həmsədrin irəli sürdüyü prinsiplərə etinasız münasibəti qeyd edilən təkliflərin rəsmi İrəvanı qane etmədiyini deməyə əsas verir. Nalbandyanın ABŞ-dan olan həmsədrin mövqeyinə qeyri-ciddi yanaşmasına Rusiya və Ermənistan prezidentləırinin Soçi görüşünün də təsir etdiyi istisna olunmur. Siyasi müşahidəçilər Vladimir Putinlə Serj Sarkisyanda danışıqların getdiyi bir vaxtda ABŞ-dan olan həmsədrin münaqişənin həllinə dair konkret təkliflərlə çıxış etməsini təsadüf hesab etmir. Yəni son vaxtlar Ermənistan-Azərbaycan münaqişəsinin nizamalanması prosesində Rusiyanın siyasi fəallığının artması diqqəti cəlb edir. Xatırladaq ki, Rusiyanın dövlət başçısı iyulun 22-də Azərbaycan prezidenti İlham Əliyevlə Soçidə görüşərək Dağlıq Qarabağ məsələsini müzakirə etmişdi. Azərbaycan və Ermənistan arasında danışıqları bərpa etmək hələ mümkün olmasa da Rusiyanın vasitəçilik missiyasını gücləndirmək cəhdi açıq hiss olunur. Siyasi ekspertlərin fikrincə, Kremlin son addımları ərazilərin hərbi yolla azad edilməsinin qarşısını almaq üçün Azərbaycana təzyiq məqsədi daşıyır. Əks təqdirdə, status-kvonun dəyişməsi bölgədə Rusiyanın geosiyasi maraqlarına zərbə vura bilər. Ermənistan ordusunda narazılığın artdığı hazırkı mərhələdə irimiqyaslı hərbi əməliyyatların başlanması işğal olunmuş ərazilərin qaytarılması üçün real imkanlar açır. Bu da Ermənistan hakimiyyəti ilə yanaşı, Rusiyadan narazılığın artmasına səbəb ola bilər. 

Rusiyanı narahat edən digər amil Cənubi Qafqazda geosiyasi və hərbi balansın dəyişməsi təhlükəsinin getdikcə artmasıdır. Qara dəniz və Cənubi Qafqaz regionunda ABŞ başda olmaqla NATO-nun fəaliyyətinin genişlənməsi Rusiyanın hərbi iştirak imkanlarına qarşı yeni alternativ güc mərkəzinin meydana çıxması ilə müşahidə olunur. Ona görə də Kremlin Cənubi Qafqaz ölkələrinə təzyiqinin artması gözlənilən idi. İyul ayının sonunda Azərbaycan və Rusiya prezidentlərinin Soçidəki görüşü ilə eyni vaxtda Gürcüstanda NATO-nun 2800 nəfərlik hərbçisinin "Layiqli Tərəfdaş” təlimləri keçirildi. Avqustun 1-də isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Gürcüstana gələrək rəsmi Tiflisin NATO-ya inteqrasiya siyasətinə dəstək verdiyini açıqladı. Avqustun 8-də isə Vladimir Putinin Abxaziyaya səfər etməsi ABŞ-ın regiondakı fəallığına qarşı cavab mesajı idi. 

Müharibə ehtimalı artır

Bu baxımdan, Riçard Hoqlandın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair prinsipləri açıqlamasını Rusiyanın münaqişə ətrafında artan fəallığına Vaşinqtonun cavab reaksiyası adlandırmaq olar. Xatırladaq ki, 2015-ci ilin noyabr ayında ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Ceyms Uorlik də Dağlıq Qarabağ ətrafındakı 7 rayonun Azərbaycana qaytarılmasının vacibliyi barədə bəyanat vermişdi. Uorlikin bu açıqlaması həmin dövrdə danışıqlar prosesində Rusiyanın vasitəçilik missiyasını ələ alması və xarici işlər naziri Sergey Lavrovun bir neçə rayonu ilkin mərhələdə Azərbaycana qaytarmağl vacib olduğu haqda fikirlərinə cavab kimi qiymətləndirilmişdi. 

Ona görə də Soçi görüşlərindən sonra Dağlıq Qarabağ probleminin həlli istiqamətində Rusiya və ABŞ arasında diplomatik rəqabətin artması münaqişə bölgəsində gərginliyin artmasına gətirib çıxaracaq. Əgər Azərbaycan və Ermənistan arasında danışıqlar yaxın müddətdə bərpa olunmazsa, cəbhə xəttində hərbi əməliyyatların yenidən başlayacağı istisna olunmur. Bu baxımdan, beynəlxalq vasitəçilər BMT Baş Assambleyasının sentyabr ayında keçiriləcək sessiyasına Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün əlverişli imkan kimi baxır. Həmin görüş baş tutarsa, Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların bərpası gərginliyin nisbətən yumşalmasına və sözügedən prinsiplər ətrafında dialoqun qurulmasına təkan verə bilər. Çünki R.Hoqlandın təklifləri əslində, "Madrid prinsipləri”ndən ibarətdir. Sadəcə olaraq, Ermənistanı qane etməyən Azərbaycanın işğal olunmuş ətraf rayonların qeyd-şərtsiz azad edilməsi prinsipinin birinci şərt kimi qoyulmasıdır. Sentyabr ayının sonuna qədər danışıqları bərpa etmək mümkün olmasa, o zaman cəbhədə ağır döyüşlərin bərpa olunması ehtimalı yüksələcək. 

Müşfiq Abdulla





Həftənin ən çox oxunanları