Yuxarı

İrəvanla Moskva qarşı-qarşıya

İrəvanla Moskva qarşı-qarşıya

Ermənistan və Rusiya arasında yeni gərginliyin əsası qoyulur.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, bu dəfə İrəvanı qəzəbləndirən Türkiyənin Avrasiya İqtisadi Birliyi ilə gömrük sazişi ilə bağlı müzakirə olub. Ermənistanla yanaşı Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanın da iştirak edəcəyi danışıqlar barədə məlumatı Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybəkçi verib. Nazir bildirib ki, Avrasiya İttifadı ilə Türkiyə arasında azad ticarəti nəzərdə tutan saziş həm də Rusiya ilə yeni əməkdaşlığın təməlini qoyacaq. 

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Türkiyənin bəyanatını "paradoksal” adlandırıb. Bildirib ki, Türkiyə birtərəfli qaydada Ermənistanla sərhədi bağlayıb, bu isə Avrasiya İqtisadi Birliyi ilə yeganə quru yoludur. 

Ancaq erməni nazir unudur ki, Türkiyə ilə razılıq bu qəbildən ilk olmayacaq. 2 il əvvəl Avrasiya İqtisadi Birliyi Vyetnamla azad ticarətə dair saziş imzalayıb. Eyni zamanda İranla da belə bir sənəd gündəmdədir. İrana qarşı Ermənistan heç bir iddia irəli sürmür, Türkiyə ilə  vəziyyət fərqlidir. İki ölkə arasında diplomatik münasibətlər yoxdur, Qarabağın işğalına görə Türkiyə sərhədləri bağlayıb. 1915-ci il qondarma erməni soyqırımı müzakirələri hələ bitməyib. Bunlara baxmayaraq, minlərlə erməni bu gün çörək pulu qazanmaq üçün Türkiyədə işləyir. 

Ekspert Arman Vaneskeqyanın fikrincə, Avrasiya İqtisadi Birliyinin 80 milyon əhalisi və yaxşı geosiyasi mövqeyi ilə tanınan bir ölkə ilə sazişi siyasi məsələ də ola bilər. Ancaq Ermənistan birmənalı olaraq sazişin əleyhinə çıxacaq. 

Politoloq Stepan Səfəryanın fikrincə isə, türk nazirin bəyanatı şantaj xarakteri daşıyır, Brüsselə və Vaşinqtona yönəlib.

Politoloq hesab edir ki, birlik üzvləri Türkiyə ilə sazişinin lehinə olsalar da, Ermənistan veto hüququndan istifadə edə bilər. Bununla belə politoloq etiraf edib ki, birlik üzvləri Türkiyə ilə sözügedən sazişə ancaq sevinə bilərlər, çünki bu ölkənin məhsulları Avrasiya bazarında ciddi rəqabət yaradacaq. Bu məhsullar həm keyfiyyətli, həm də ucuzdur. 

Rusiya isə öz növbəsində Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır, ancaq bunu iki ölkənin üzərinə qoyur. Xarici işlər naziri Sergey Lavrov bildirib ki, tərəflər aradakı problemləri həll etməyə qadırdirlər: "Türkiyə və Ermənistan danışıqlar masasna oturarsa, Rusiya onlara fəal köməyə hazırdır",- deyə nazir bildirib. 

Xəzər





Həftənin ən çox oxunanları