Yuxarı

İŞİD terroru Avropaya daşıyır

İŞİD terroru Avropaya daşıyır

İki ərəb dövləti İraq və Suriya ərazilərində "xilafət” yaratmış İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının sıxışdırılması məsələsi gündəmə gəlib.Pentaqon rəhbəri Ceyms Mettis İŞİD üçün sayılı günlərin qaldığını, amma bu təşkilatın parçalanması haqda danışmağın hələ tez olduğunu deyib. Onun sözlərinə görə, İŞİD-ə qarşı döyüşən qüvvələr terror təşkilatını mühasirəyə alıb: "Ona görə də terror təşkilatının ömrünə az qalıb. Lakin onlarla iş hələ bitməyib və yaxın günlərdə də bitməyəcək".

Pentaqon rəhbəri bildirib ki, ali hərbi rəhbərlik öz işini təmkinlə görməli və döyüşlərin mümkün nəticələri barədə proqnoz verməkdən çəkinməlidir. 

İŞİD sıxışdırıldıqca Avropada və onu himayə edən ölkələrdə terrorların çoxalacağı ehtimalı artır.Yəni nə qədər İŞİD İraq və Suriyada sıxışdırıldıqca, o qədər də bu təşkilat Avropa, eləcə də digər ölkələrdə daha da genişlənə bilər.Bu isə həmin dövlətlər üçün təhlükə deməkdir.

Məsələ ilə bağlı politoloq Natiq Miri "Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, həm İraq, həm də Suriyada İŞİD-in məğlubiyyətə düçar olması bu terror təşkilatının mübarizə metodlarını dəyişdirmək məcburiyyəti yaradacaq:

"Artıq Avropadan İŞİD-ə qoşulan insanların əksəriyyəti müxtəlif adlar və şəkillər səviyyəsində yenidən Avropaya qayıtmaqdadır. Son günlər Avropada artan terror hadisələri də onu göstərir ki, bu cür olaylar Avropada getdikcə intensivləşəcək.Onu da nəzərə almaq lazımdır ki, İŞİD-in bitirilməsi üçün bütün dünya güclərinin ciddi mənada siyasi iradəsi ortada olmalıdır.Çünki İŞİD özbaşına yaradılmış bir qurum deyil.İŞİD dünya güclərinin maliyyə şəbəkələri tərəfindən yaradılıb, idarə olunur və çox ciddi maliyyə strukturları ilə böyük məbləğdə pullar qazanılır.İŞİD-in fəaliyyət göstərdiyi məkanların hamısı əsasən neft və qazla zəngin olan ölkələrdir.Mənə elə gəlir ki, artıq bu çox şeyləri deyir. Hesab edirəm ki, İŞİD-lə mübarizə aparmaq əslində problem deyil.Çünki Türkiyənin ”Fərat qalxanı”çərçivəsində İŞİD-ə qarşı apardığı mübarizə onu göstərdi ki, Türkiyə dövləti təkbaşına demək olar ki, İŞİD-ə Suriya ərazisində sarsıdıcı zərbələr vurdu. Məhz Türkiyənin bu fəaliyyətindən, bu cür mübarizəsindən sonra Rusiya, İran, Suriya və ABŞ hərəkətə keçmək məcburiyyətində qaldı.Fikrimcə, Pentaqon rəsmisinin verdiyi açıqlamada nə qədər həqiqət yükü varsa, bir o qədər də qeyri-səmimi davranış var. Çünki İŞİD-in bitirilməsi böyük problem deyil.Bunun üçün onu yemləyən qaynaqlar qurudulmalıdır ki, bu maraqlar da Qərb dünyasından kənarda deyil.Artıq terror yaradanlar bu gün özləri bumeranq olaraq qayıdıb həmin ölkələri vurmağa başlayıb.Bu mənada Qərb dünyası ciddi mənada düşünməlidir”.

Politoloq əlavə edib ki, İŞİD-i bitirmək çox asan bir işdir:

"Əgər ortada səmimi siyasi bir iradə olarsa, bunu etmək heç də çətin deyil. Ümumiyyətlə, terrorizmlə mübarizə hər hansı bir dövlətin təkbaşına bacaracağı bir iş deyil. Bunun üçün bütövlükdə qlobal güclər, bütün dünya dövlətləri əlini daşın altına qoymalıdır.Ancaq bu yöndə çox böyük problemlər var. Çünki bu gün geosiyasi maraqlar çərçivəsində dünya gücləri bir-birinə qarşı məhz İŞİD kimi terror şəbəkələrindən istifadə edir.Yəni bu gün savaş əslində qarşı-qarşıya olan güclər deyil.Elə bir savaşdır ki, əslində terrorun bitirilməsinə də ən böyük əngəl olan faktor budur.Əgər dünya dövlətləri əlini başının altına qoysalar, çox ağır müddətdə bu gücləri sıxışdırıb tamamilə məhv etmək olar.Amma bu gün bir terror təşkilatından istifadə edərək başqa bir terror təşkilatını bitirmək istəyi də var ki, bu da absurddur”.

Alçina Amilqızı





Həftənin ən çox oxunanları