Yuxarı

ABŞ bu ölkələri təhdid edir

ABŞ bu ölkələri təhdid edir

ABŞ Rusiya və Türkiyənin ortaq enerji layihəsi olan "Türk Axını”nı əngəlləmək üçün bu xəttin keçəcəyi ölkələrdə dövlət çevrilişi etməyə hazırlaşır. 

"Cümhuriyət” qəzeti Amerika KİV-lərinə istinadən xəbər verir ki, bu iddia ilə ABŞ-ın energetika sahəsi üzrə eksperti Uilyam Edqhahl çıxış edib. "Ərəb baharı” silsiləsindən olan inqilabların araşdırmaçısı olan mütəxəssis artıq Amerikanın bununla bağlı kampaniyaya start verdiyini bildirib. 

Edqhahl "Türkiyə, Rusiya və Balkanlarda yeni Geopolitika” başlıqlı yazısında, Rusiya və Türkiyənin birgə hazırladığı "Türk Axını”nın Vaşinqtonu narahat etdiyinə diqqət çəkir. Müəllif yazısında Rusiyanın Macarıstan, Serbiya, Bolqarıstan və Türkiyə ilə aparılan qaz müqaviləsinin ABŞ-ı qəzəbləndirdiyini qeyd edib: "Vaşinqton Avropanın Rusiyadan qaz qəbuluna və Putinin Avropa ərazisində güclənməsinə yol vermək istəmir. Buna görə də Türkiyə, Macarıstan, Bolqarıstan, Serbiya və potensial olaraq Çexiya "ABŞ-ın yumruqlarının” hədəfindədir."Türk Axını”ndan başqa, Rusiya və Almaniya tərəfindən tətbiq edilən "Şimal Axını” layihəsi məcburi olaraq dayandırılıb.Rusiya - Türkiyə qaz kəmərinə qoşulmağı planlaşdıran Serbiya və digər ölkələr "demokratik” dəyişikliklər üçün ABŞ-ın siyahısında yer alır”.

"Ərəb Baharı”nınAvropa "səhnəsi”

Amerikalı politoloq Branko Radun isə Amerikanın bu ölkələrdə mitinqlər, küçə yürüşləri yolu ilə çevriliş həyata keçirə biləcəyini açıqlayıb."”Ərəb Baharı” timsalında Amerikanın enerji sahəsində maraqlarını müdafiə etdiyini gördük. Eyni zamanda Ukraynada hadisələr baş verdi. Hökumət Amerikanın işinə yaramayan "Türk Axını”ndan xilas olmaq üçün böyük təzyiq edəcək”, - deyə Radun qeyd edib.

"Yalnız Türkiyədə çevrilişə cəhd ola bilər”

Politoloq Zərdüşt Əlizadə "Cümhuriyət” qəzetinə açıqlamasında "ABŞ tezliklə bu ölkələrdə dövlət çevrilişinə cəhd edəcək” iddiasının inandırıcı olmadığını deyib. Lakin Z.Əlizadə belə bir addıma cəhd ediləcəyini istisna etməyib: "Dövlət çevrilişi etmək asan məsələ deyil. Bunu birdən-birə həyata keçirmək mümkün deyil. Başqa bir tərəfdən isə "Türk Axını”nın keçəcəyi ölkələrin əksəriyyəti Amerika ilə müttəfiqdirlər və onun tapşırıqlarını yerinə yetirirlər. Yalnız Türkiyə müstəqil siyasət yürüdür və Amerikadan asılı deyil.Bir çox hallarda ABŞ-ın tələblərini yerinə yetirmir, onu vecinə almır.Amma Türkiyədə də çevriliş etmək çətindir.Bu yaxınlarda cəhd etdilər, amma bunun qarşısını yerində aldılar.İndi ABŞ Türkiyədə hansı qüvvə ilə çevriliş edə bilər?Ordu tamamilə hökumətə tabedir, müxalifət çevrilişin əleyhinədir, xalq da çevrilişə cəhd edənlərə nifrət edir və indi onları mühakimə edir.Yəni, ABŞ-ın Türkiyədə çevriliş etmək üçün heç bir qüvvəsi yoxdur”.

"Amerikaya güzəştə getməyə məcburdurlar”

Siyasi təhlilçi Azər Həsrət "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, ABŞ qlobal güc kimi dünyanın bütün bölgələrinə nəzarəti əlində saxlamaq istəyir. A.Həsrət qeyd edib ki, buna görə də Amerika istənilən prosesə bu və ya digər şəkildə müdaxilə edir: ""Türk Axını” ilə bağlı məqsədləri də bununla əlaqədardır. Amma ABŞ bu prosesin qarşısını sonadək ala bilməyəcək.Sadəcə olaraq, Amerika zaman-zaman öz varlığını xatırladır. O mesajı vermək istəyir ki, gec-tez  proseslərə müdaxilə edə bilər. Yəni, gücünü və istənilən ölkəyə müdaxilə etmək iqtidarında olduğunu göstərməyə çalışır.Təbii ki, həmin addımlardan da əsasən, hədəf ölkələr əziyyət çəkirlər.Ümumiyyətlə, Amerikanın hədəfində olan ölkələr bundan ciddi zərər görə bilirlər.Buna görə də dövlətlərin rəsmi qurumları və başçıları Amerika ilə hesablaşaraq, onunla danışıqlara gedirlər.Bir sıra hallarda da güzəştlərlə razılaşırlar”.

Mənsur Rəğbətoğlu





Həftənin ən çox oxunanları