Yuxarı

Türkün Zəfər Bayramı

Türkün Zəfər Bayramı

30 avqust Türkiyə Respublikasında  Zəfər günü kimi qeyd olunur.  Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Paşanın baş komandanlığı altında qələbəylə nəticələnən "Başkomutanlıq Meydan Müharibəsi"ni (Böyük Taarruz) anmaq üçün qutlanan bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, 30 avqust simvolik olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. 

Atatürkün baş komandan olduğu dövrə təsadüf etdiyi üçün bu qələbə həm də baş komandanın qələbəsi kimi qəbul olunur. 9 sentyabr  1922-ci ildə İzmirin azad edilməsi ilə türk torpaqları yunan istilasından xilas olunmuş hesab olunsa da, 30 avqust tarixi rəmzi olaraq ölkənin azadolma günü kimi qəbul olunub. Zəfər bayramı ilk dəfə 30 avqust 1924-cü ildə Afyonqarahisar, Ankara və İzmirdə anılıb. 1926-cı ildən etibarən 30 Avqust Türkiyənin Milli Zəfər Günü kimi qeyd olunmağa başlayıb. Hər il Türkiyədə, bu bayram təntənəli şəkildə qeyd olunur. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayətlərində  şəhid məzarlarını ziyarət edir, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi nümayişlər keçirilir, bundan başqa səfirliklərdə mərasimlər təşkil olunur. Hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir.

Qəhrəman türk əsgəri 1918-ci ildə öz zəfər bayrağını Azərbaycan torpaqlarında da dalğalandırıb və xalqımızı rus-erməni qoşunlarının həyata keçirdiyi soyqırım aktlarından xilas edib. Azərbaycan Cümhuriyyəti həm də türk və Azərbaycan əsgərinin şanlı zəfərinin əsəridir …

Nigar Məhərrəm






Həftənin ən çox oxunanları